Müsavat hakimiyyəti Konstitusiyanı və qanunları kobud pozmaqdan çəkinməyə çağırdı

img

27-01-2014 [17:41]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, yığıncaqda daha sonra Tofiq Yaqublunun ailəsinin düşdüyü qəzaya görə mənəvi məsuliyyət daşıyan iqtidarın onun haqqında qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətə məhkəmədə mənfi cavab verdiyi qeyd olunub.
26 yanvarda Ağcabədidə Müsavat Partiyasının sosial tələblərlə keçirdiyi mitinqdə həbs olunan və sifarişli məhkəmədə 7 sutkalıq inzibati həbs cəzası alan Cavid Hacıbəyli, Rüfət Hacıbəyli və Bəxtiyar Türksoyun dərhal azad olunması tələb olunub. (Bu barədə partiyanın bəyanatı əlavə edilir.)
Ənənəvi "narkotik alveri” bəhanəsi ilə həbs edilən VHP üzvü Ömər Məmmədovun da bir sıra digər gənclər kimi məhz sosial şəbəkələrdəki fəallığına görə həbs olunması pislənilib və uydurma ittihamlarla həbs olunmuş bütün gənclərin azadlığa buraxılması tələb olunub.
Yığıncaqda Ukraynada gedən proseslər barədə də müzakirələr aparılıb. Divan üzvləri Ukrayna xalqının haqlı tələblərini müdafiə etdiklərini bildiriblər.
M.Ə.Rəsuladənin 130 illik yubiley tədbirləri ilə əlaqədar tədbirlərin həyata keçirilməsi müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. Yubiley tədbirinin keçirilməsi üçün hakimiyyətin bu günə qədər Müsavat Partiyasına müvafiq yer verməməsi pislənilib və hakim rejimin M.Ə.Rəsulzadəyə olan ögey münasibəti kimi qiymətləndirilib.
Divanda bildirilib ki, bütün bunlara baxmayaraq Müsavat Partiyasının yubiley tədbirləri davam edəcək. O cümlədən yanvarın 31-də saat 1100-da Müsavat Partiyasının üzvləri, tərəfdarları böyük lider M.Ə.Rəsulzadənin Novxanı kəndindəki abidəsini ziyarət edəcək və bayram tədbiri keçirəcəklər.
Sonda cari məsələlərə baxılıb.

Müsavat Partiyasının bəyanatında deyilir:

Müsavat Partiyasının Ağcabədi rayon təşkilatı 26 yanvar 2014-cü il tarixdə "Bahalaşmaya son qoyulsin!” şüarı ilə aksiya keçirmək barədə qərar qəbul edib. Bu qərara uyğun olaraq Ağcabədi rayon İcra Hakimiyyətinin aidiyyəti strukturlarına müraciət olunub. Ağcabədi rayon İcra Hakimiyyəti əvvəlcə mitinq təşkilatçılarının aksiya keçirməklə bağlı müraciətinə rədd cavabı verməsə də, mitinq iştirakçılarına qarşı polis tərəfindən zorakılıq tətbiq edilərək, mitinqin keçirilməsinə imkan verilməyib. Mitinq iştirakçılarına fiziki təzyiq göztərilib.
Müsavat Partiyasının üzvləri Cavid Hacıbəyli, Rüfət Hacıbəyli və Bəxtiyar Türksoy polis tərəfindən saxlanılıb. Bu gün Ağcabədi rayon məhkəməsinin qərarı ilə Müsavat fəallarının hər biri 7 sutka müddətinə azadlıqdan məhrum edilib.
Müsavat Partiyası 26 yanvar 2014-cü il tarixdə Ağcabədi şəhərində baş verən hadisələri "Sərbəst toplaşmaq azadlığı haqqında”, "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanunlarının kobud surətdə pozulduğunu bəyan etməklə yanaşı, baş verən polis zorakılığını qətiyyətlə pisləyir.
Müsavat Partiyası hakimiyyət dairələrini Konstitusiyanı və qanunları kobud pozmaqdan çəkinməyə, həbs olunan Müsavat fəallarını dərhal azadlığa buraxmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA