Eldəniz Quliyev Müsavata qarşı ittihamları əsassız elan etdi

img

27-01-2014 [10:45]


EL Hərəkatının Ali Məclisinin sədri, Milli Şuranın komissiya rəhbəri Eldəniz Quliyev Müsavat Partiyasının hakimiyyətlə "bazarlığa” getdiyi barədə irəli sürülən iddiaları bölüşmədiyini bəyan edib.

"Reytinq” qəzetinə müsahibəsində E.Quliyev deyib ki, Müsavata qarşı o cür fikirləri bölüşmək üçün əlində əsas yoxdur: "İnanmıram ki, o boyda partiya, bu günə qədər böyük nüfuz qazanmış İsa Qəmbər və onun ətrafında olanlar hakimiyyətlə sövdələşməyə getsinlər. Müsavatın hakimiyyətlə gələcək parlament seçkilərində mandat bazarlığı etməsi ilə bağlı səslənən iddiaları da əsaslı saymıram. Çünki bu cür sövdələşmələr ümumilikdə Azərbaycan xalqının gələcəyinə vurulmuş zərbə olardı. Ona görə də inanmıram ki, nə İsa Qəmbər, nə də ətrafındakılar belə bir oyunda iştirakçı olsunlar. Ümumiyyətlə, eyni düşərgədə təmsil olunan, eyni hədəflər uğrunda mübarizə aparan qüvvələr arasında bu cür münasibətlərin yaranması təəssüfləndiricidir. Mən eyni düşərgə nümayəndələrinin bir-birini satqınlıqda, kiməsə işləməkdə, xəyanətkarlıqda ittiham etməsini qəbul eləmirəm. Bütün fəaliyyətim boyu da bu cür qalmaqallardan uzaq olmağa çalışıram”.

E.Quliyev birlik çağırışı ilə də çıxış edib: "Bizim bir hədəfimiz də ölkədə avtoritarizmdən demokratiyaya keçidi gerçəkləşdirməkdir. Bunun üçün ayrı-ayrı yollarla getmək olar, bir şərtlə ki, o yollar bir yerdə kəsişsin. Müxalifət partiyalarının hazırkı durumu elədir ki, təkbaşına nəyəsə nail olmaq da mümkün deyil. Bu mənada, vahid qüvvə kimi birləşərək eyni hədəflərə doğru irəliləmək ən doğru addımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA