İlham Əliyevin mətbuat katibi bayraq qalmaqalından danışdı

img

27-01-2014 [10:36]


"Azadlıq” qəzeti Davos Forumu çərçivəsində keçirilən Azərbaycan və İsrail prezidentlərinin görüşündə masanın üzərində yalnız İsrail bayrağının olmasına, Azərbaycan bayrağının isə gözə dəyməməsinə diqqət çəkib. 

Qəzet yazıb ki, istər sosial şəbəkələrdə, istərsə də xəbər saytlarında bu məsələ müzakirə mövzusudur. "Müzakirə iştirakçılarının bir qismi bunu İsrailin Azərbaycan dövlətinə qarşı hörmətsizliyi kimi dəyərləndirib. Amma bəziləri də bu vəziyyətin yaranmasında Azərbaycan Xarici İşlər Nazirliyini günahkar sayır” - yazıda bildirilir.

KXCP sədri Mirmahmud Mirəlioğlu "moderator.az”a açıqlamasında məlum hadisəni Azərbaycana qarşı sayğısızlıq kimi dəyərləndirib. Partiya sədri olaylarda Azərbaycan prezidentinin protokol xidmətinin əməkdaşlarının da günahkar olduğunu qeyd edib: "Şübhəsiz ki, iki dövlət rəsmisi arasında keçirilən görüşdə hər iki tərəfin bayrağı ortada olmalıdır. Xüsusilə də, əgər tərəflərdən birinin bayrağı varsa, o zaman digər tərəfin də bayrağı masaya qoyulmalıdır”.

Tanınmış hüquqşünas Namizəd Səfərov isə bu məsələdə yəhudiləri deyil, elə özümüzünküləri günahkar sayıb: "Doğrusu, bu hakimiyyətin və məmurların bayrağımıza münasibətini bildiyimdən, belə faktlara o qədər də böyük önəm vermirəm. Ancaq eyni zamanda, bu faktı dövlət başçılarının rəsmi görüşlərində, beynəlxalq münasibətlərdə protokol qaydalarının pozulması kimi qiymətləndirirəm. Son zamanlar tez-tez baş verən belə halları isə bizim Xarici İşlər Nazirliyinin yarıtmaz fəaliyyətinin nəticəsi hesab edirəm”.
Ancaq biz prezidentin Davos görüşlərindən çəkilən fotolara diqqət yetirəndə görürük ki, Azərbaycan prezidentinin nə iranlı həmkarı Həsən Ruhani, nə də İsveçrə prezidenti Didye Burkhalterlə görüşü zamanı dövlət bayraqları qoyulmayıb. Bu mənada İsrail prezidentinin istisna təşkil etməsi maraq doğurur. Lakin Ş.Pereslə görüş zamanı həm görüş otağında bayrağın olması, həm də masa üzərinə kiçik formatlı İsrail bayrağının qoyulması, Azərbaycan bayrağının isə gözə dəyməməsi suallar doğurur.

Məsələyə aydınlıq gətirmək üçün prezidentin mətbuat katibi Azər Qasımovla əlaqə saxladıq:

- Azər bəy, Azərbaycan və İsrail prezidentlərini Davos görüşü zamanı Azərbaycan bayrağının masa üzərinə qoyulmamasının səbəbi barədə nə deyə bilərsiniz?

- Davos kimi böyük, çoxsaylı dövlətlərin iştirak etdiyi forumlarda elə görüşlər olur ki, nə arxada, nə masa üzərində bayraq olmur. Yəni bu cür forumlarda görüşlər həddindən artıq çox və qrafik sıx olur deyə, hansısa ölkənin bayrağının qoyulması elə bir əhəmiyyət kəsb etmir. İkitərəfli görüşlərdə, yaxud qarşılıqlı səfərlər zamanı isə əlbəttə ki, dövlət atributları mühüm rol oynayır. Davos Forumunda kiçik görüş otaqları olur, çünki orda yer çatışmır, xeyli şəxslər bir-biri ilə görüşür. Ona görə də texniki baxımdan belə məsələlər mahiyyət kəsb etmir.

- Ancaq görüş otağında yalnız İsrail bayrağı qoyulub deyə, bu, diqqət cəlb edib. Əks təqdirdə ortaya heç bir sual çıxmazdı...

- Məsələnin mahiyyətini mən yuxarıda izah etdim. Elə vəziyyət olur ki, heç bir ölkə prezidentinin arxasında və ya masa üzərində hər hansı bayraq olmur. Yaxud elə vaxt olur, bayrağı biri qoyur, o birisi qoymur. Böyük forumlar zamanı elə vaxt olur ki, bir neçə ölkənin nümayəndə heyətləri qapının arxasında gözləyirlər ki, o biri nümayəndə heyətlərinin görüşü bitsin və onlar içəri daxil olsun. Çünki otaqlar az olur və onlarla görüşlər eyni vaxta təsadüf edir. Hətta görürsən dövlət başçıları da digər görüşün bitməsini və həmin otağa girmələrini gözləyirlər. Yəni belə hallar olur və tam məsuliyyətimlə deyirəm, bunun hər hansı bir siyasi, yaxud başqa mənada əhəmiyyəti yoxdur.

- Ancaq bir zamanlar İrandakı görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması halı baş vermişdi və onda da qalmaqal olmuşdu. Odur ki, bayraq məsələsinə cəmiyyətdə həssas münasibət var...

- O vaxt qalmaqal oldu və izahatı da verildi. Ancaq indi belə şeylər olmur. Bütün bunlar hamısı texniki əhəmiyyət kəsb edir. Tam səmimi deyirəm, burada başqa məqam axtarmaq lazım deyil.

A.Qasımov "Yeni Müsavat”a onu da bildirdi ki, artıq Davos Forumu başa çatıb və dövlət başçısı səfərini başa vuraraq Bakıya dönüb.

Yeri gəlmişkən, həftənin qeyri-iş günü olmasına baxmayaraq, prezidentin mətbuat katibinin mətbuatın suallarını cavablandırması həftə boyu aradığımız bəzi mətbuat katibləri üçün də nümunə olmalıdır.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA