AZƏRBAYCAN KİNOSUNUN "QƏMLO"SU... - Səhnədə yıxılaraq həyatını itirən dahi Məlik Dadaşov haqda nələr bilirik? (FOTOLAR)
07-06-2021 [18:12]
Azərbaycan görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti Məlik Dadaşovun doğum günüdür.
Xatırlayaq. Ruhu şad olun.
Azərbaycanın Xalq artisti Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var.
Məlik Dadaşovu çox vaxt mənfi obrazların klassik ifaçısı hesab edirlər.
Bununla belə o, müsbət obrazların öhdəsindən də məharətlə gəlirdi.
O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir.
Sənətkar kinoda ilk rolunu 1947-ci ildə “Fətəli xan“ filmində oynayıb. Bu rol kiçik də olsa, yaddaqalan olub. Ondan sonra istedadlı aktyor kinomuzda onlarla yaddaqalan, maraqlı, özünəməxsus dəst-xətti ilə seçilən obrazlar yaradıb. İllər keçsə də, bu rollar hər zaman tamaşaçı rəğbəti ilə qarşılanır.
Məlik Dadaşov Azərbaycanın Xalq artisti idi. Doğrudan da, onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, ("Axırıncı aşırım"), Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələri xatırlayın. Yəqin ki, "Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a... Kərbəlayi" ifadəsi hamıya yaxşı tanışdır.
“Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır.
"Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb.
"Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) "sovetin" mükafatını ala bilməz. Və bir də "Dəli Kür"dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var.
Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi.
Tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq “Axırıncı aşırım” filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.
Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.
“Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir ustalıqla ifa olunmuşdu.
Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.
Xalq yazıçısı İlyas Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanmış televiziya tamaşasında Məlik Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı da çox uğurlu ekran qəhrəmanı idi.
Ümumiyyətlə, Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradıb. Filmdə ilk rolu 1961-ci ildə Lətif Səfərovun Ənvər Məmmədxanlının ssenarisi əsasında çəkdiyi “Leyli və Məcnun” da olur. “Axırıncı aşırım”da Qəmlo ilə kino tarixinə adını qızıl həriflərlə yazıb Məlik Dadaşov. “Dəli Kür”də Molla Sadıq, “Koroğlu”da Bolu bəy, “O dünyadan salam”da Şeyx Nəsrullah, “Birisi gün gecə yarısı”nda Nəriman Nərimanov, “Bir məhəlləli iki oğlan”da Nazif, “Ulduzlar sönmür”də general Mehmandarov, “26 Bakı komissarı”nda Əzizbəyov, “Müharibəni görən adam”da Niyazxan, “Fəryad”da Aram Xaçaturyan Məlik Dadaşovun içindən keçirdiyi – yaratdığı obrazlardır.
1985-ci ildə Məlik Dadaşov “Azərbaycanfilm” və “Belorusfilm”in birgə istehsal etdiyi “Müsahibə götürən adam” filminə çəkilir. Siyasi məsələlərə görə Pakistanda zəhərlənən Anatoli Kavaleznik haqqında olan filmdə Məlik Dadaşov bu ölkənin əks-kəşfiyyat komissarı Niyaz xan obrazını yaradır. Film çəkilən zaman sağ olan Niyaz xan bundan xəbər tutur və onun obrazını yaradacaq aktyoru öldürəcəyi ilə hədələyir. Buna görə də, filmin Pakistanda aparılmalı olan çəkilişləri təxirə salınır. Məlik Dadaşovu da Pakistana qoymurlar. Filmin çəkilişləri İçərişəhərdə aparılır.
Məlik Dadaşov başqa rollara görə də hədə-qorxu ilə üzləşib. “Axırıncı aşırım”d a Qəmlonu, “Fəryad” filmində erməni obrazını , “Dəli Kür”də mollanı, “Ölülər”də Şeyx Nəsrullanı oynayanda.
Xatirələrdən:
Qızı Gülnarə Dadaşova: “Atam o rolu ifa etmək istəmirdi. Ümumiyyətlə, atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad” filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi ki, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Əslində, bu tipaj sovet dövründə general Baqramyan var idi, onun obrazı idi. O da keçəl idi. Atamın da saçlarını qırxmışdılar. Atam əvvəl nə qədər çalışırdısa, alınmırdı. Bilirsiniz, çox çətin rol idi. Düşmən obrazını yaratmaq, özü də beləsini. Yadımdadır ki, çox əsəbiləşirdi, narahat olurdu. Amma oynadı o rolu. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış elədi və imtina elədi o addan.
Qısa arayış:
Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan Milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsində Ə.Ələkbərov, M.Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı.
M.Dadaşov teatrımızda ömrünün sonuna kimi çalışmışdır. V.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və s. tamaşalarda onun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir.
Görkəmli sənətkar yaratdığı obrazlar üçün həmişə gözəl ifadə vasitələri tapırdı. Həyatda da yaratdığı obrazlar kimi çılğın, eyni zamanda səmimi idi. Bəlkə də ona görə deyirdilər ki, Məlik müəllim bəzən ekranda, səhnədə elə özünü oynayır...
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu.
O, 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi.
Aktyor 70 yaşında övlad faciəsi yaşayır. İkinci nikahdan olan qızı xərçəngdən dünyasını dəyişir. Onun ölümündən sonra Məlik Dadaşov öz ağrısını bu sözlərlə ifadə edir: "Mən artıq yaşaya bilməyəcəm!”
Son vaxtlar səhhəti onsuz da qaydasında deyildi. Bir gün də Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edirmiş. Başı ağrıdığı üçün zalda oturub mizan verirmiş tələbələrə, özü səhnəyə çıxmırmış ki, qalxsa ayağa, təzyiq onu yıxar. Verdiyi epizodu isə tələbə ürəyincə göstərə bilmir, aktyor özünü unudub qalxır ayağa, çıxır səhnəyə. Həmin epizodu necə eləmək lazım olduğunu göstərmək istəyəndə müvazinətini itirib yıxılır. Gicgahı yaxınlıqdakı stolun küncünə dəyir. Onu xəstəxanaya çatdırırlar, bundan sonra altı gün yaşayır böyük aktyor. Huşu özündə olsa da, danışa bilmir...
Aktyor 2 dekabr 1996-cı ildə 72 yaşında dünyasını dəyişir.
Məlik Dadaşov aktyor Salman Dadaşovun qardaşı, Rəfael Dadaşovun atası, müğənni Brilliant Dadaşovanın əmisi, bəstəkar Hökümə Nəcəfovanın bacısı oğludur.
Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlər tərəfindın unudulmur.
Görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaqdır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Sabah hava necə olacaq? - Proqnoz
CHP funksioneri həbs olunub - AKP-yə keçən bələdiyyə üzvünə görə
"Əvvəl Tanrıdan bir ər istəyirsiniz, sonra ərdən..."
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
Elxan Məmmədov nazir təyin olunacaq? - Maraqlı iddia yayıldı
Paşinyan: “Bizim əməllərimiz nəticəsində 150 ildən sonra da Ermənistan dövlət olacaq”
48 işçi işinə bərpa olunub
İlham Əliyev Xocalıda daha iki kəndə baş çəkib - FOTOLAR (Yenilənib)
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Emmy mükafatı qazanan yəhudi aktrisa: "Fələstinə azadlıq..."
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
Sabirabad sakini öldürülüb
Prezident Xocalının Daşbulaq kəndində tut bağında - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində - FOTOLAR
İsrail ordusu BMT-yə aid binaları vurub - Qəzzada
Əhməd Şara: "İsraillə danışıqlar aparırıq, əgər parçalanma olarsa, bu, Türkiyə və İraqa..." - "İrana qapını qapatmamışıq"
Tramp növbəti dəfə Venesuelanı təhdid edib
22 yaşlı futbolçu "Qalatasaray" klubunun təklifini rədd etdi
Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur
KƏLBƏCƏRƏ DAHA 139 NƏFƏR KÖÇÜRÜLÜB
Xəzər dənizində zəlzələ olub
Qəzzada aclıq: 3 nəfər də ölüb
Qurban Qurbanovun Elxan Məmmədovu toya dəvəti müzakirə yaradıb - Stulun biri 400 manat olub? + FOTO
Türk futbolçunun sevgilisi məşhur model imiş - FOTOLAR
Yəməndən İsrailə PUA hücumu: Ramon hava limanını bağlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xankəndidə erməni təxribatı: erməni əsilli sakin polisə silahlı müqavimət göstərib, yaralanan var (ANBAAN VİDEO) - YENİLƏNİB
İlham Əliyev Xocavənd sakinləri ilə bir arada: "Heç kim bizim qabağımızda dura bilməz" (FOTOLAR)
Qarabağ Universitetinin Klinikası və tədris korpusunun açılışı oldu - Prezident tədbirdə + FOTOLLAR
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb
İlham Əliyev Xocalı rayonunun Şuşakənd kəndinə gedib - FOTOLAR
Prezident Qırmızı Bazar qəsəbəsində - FOTOLAR
Prezident İlham Əliyev Sos kəndində olub - FOTOLAR
İLHAM ƏLİYEV HADRUTDA: Prezident sakinin evinə baş çəkdi, məscidin açılış oldu - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Füzulidə - FOTOLAR
Sabah yağış yağacaq
Türk Dünyası Sığorta Birliyi Şuşada: yeni sənəd imzalanıb (YENLƏNİB)
Şəmkirdə qəza: iki nəfər ölüb (Yenilənib)
Ceyhun Bayramov Qətərə gedib
Qalmaqal yaradan aparıcı jurnalistikadan getdi: "Bu, mənə bir daha sübut etdi ki..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
20 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI
Zakir Həsənov: "Xəbər məni hədsiz kədərləndirdi"
Yeni dərs ilimiz mübarək! - Vahid Tağıyev yazır
Xocalıda daha bir ilk - Daşbulaq kəndinə 13 ailə köçürülüb
Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq yayılıb