YAP üzvü prezidentə müraciət edib

img

21-01-2014 [13:02]



Cəlilabad rayonu Üçtəpə kənd sakini, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Ramiz Yarıyev rayonda baş verənlərlə əlaqədar prezident İlham Əliyevə müraciət edib. 

YAP üzvü müraciətində qeyd edir ki, Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov 2006-cı ildən ona qarşı kin nümayiş etdirir. Şikayətçinin sözlərinə görə, buna səbəb Heydər Əliyevin torpaq islahatlarına əsasən ümumi istifadəyə aid edilən və bələdiyyənin mülkiyyətinə aid olan, habelə üç insan qəbrinin abidəsi və onlarla yanaşı dəfn edilən anasının qəbrinin abidəsini qanunsuz olaraq alver etdiyi dostu Paşayev Əhmədağanın mülkiyyətinə verməsidir. Surəti "Yeni Cumhuriyyət”ə göndərilən şikayət məktubunda deyilir: "2006-cı ildən başçı təyin edilən Əziz Əzizov ona etimad göstərilən səlahiyyətlərdən istifadə edərək rayonun kabusuna çevrilib. Bu gün də onun məkrli siyasəti davam edir”. YAP üzvü Ramiz Yarıyev daha sonra qeyd edib ki, 2006-cı ildən rayon başçısı təyin edilən Əziz Əzizov Azərbaycan şəhidlərinin qanını da özünün məkrli siyasətinə qurban verib: "Belə ki, Cəlilabad rayon Hərbi Komissarlığının verdiyi arayışa əsasən N saylı hərbi hissəsinin 537 nömrəli məktubuna əsasən Mürəslov Mirəjdər Mirşamil oğlunun elektrik cərəyanının vurması səbəbindən öldüyü deyilir. Ancaq icra başçısı elektrik vurması səbəbindən vəfat edən şəxsə saxta şəhidlik statusu verilməsini təmin edib. Mürsəlov Mirşamil Miradil oğlu ilə yaxın münasibətdə olan icra başçısı ondan yalançı şahid kimi istifadə edib. Hörmətli prezident, Mürsəlov Mirşamil Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsinə qarşı olub, eləcədə Əlikram Hümbətovun qanunsuz silahlı dəstəsinə daxil olub və saxta "talış muğam respublikasının” ilhamvericilərindəndir. Saxta şəhidlik statusunun verdirərkən icra başçısı Əziz Əzizov rayon məhkəməsinin sədrinin qərarından və yalançı şahidlərdən istifadə edib. Bundan əlavə olaraq Əziz Əzizov 2012-ci il tarixdə məni yanına dəvət edərək, mənə qarşı məkrli siyasətini davam etdirib. O, açıq şəkildə Heydər Əliyevin torpaq islahatı haqqında fərmanı ilə bağlı hörmətsiz ifadə işlətdi. Məndə buna etiraz etdim. Nəticədə icra başçısı məni polis tərəfindən həbs etdirib və istintaq zamanı ifadəmin alınmasına belə imkan vermədi. Hətta mənim üzərimə yalançı şahidlər qoydu. Təsəvvür edin ki, böhtanlı cinayət işində üzümə qoyduğu şəxslərdən biri Nazim Səlimovdur. Bu şəxs mənim yaxın qohumumdur. Digəri Kamal Məmmədov qardaşımın tələbə yoldaşı və bizim dostumuzdur. Eləcədə qonşu kəndçim Mirzəkişi Əliyevi üzərimə qoyaraq məni həbs etdirib. İcra başçısı ondan şikayət edəcəyimdən ehtiyat edərək məni həbs etdirib”. Cəlilabadda baş verən qanunsuzluqlar haqda mövzunu davam edən YAP üzvü yazır: "Yüksək dövlət məmurları Cəlilabad rayon icra başçısı Əziz Əzizov ətrafına özü düşüncədə olan insanları toplayaraq rayonu idarə edir və dövlət siyasətini həyata keçirir. Onun ətrafında ali diplomu olmayan, dəfələrlə həbs edilən şəxslər də çalışır. Təsəvvür edin ki, belə bir şəxsi Əziz Əzizov Üçtəpə ərazi nümayəndəsinin sədr müavini təyin edib. Bununla kifayətlənməyərək ərazi icra nümayəndəsi Hafiz Əliyevin səlahiyyətlərini və möhürünü müavininə tapşırıb. Beləcə 15 min əhalisi olan Göytəpə kəndinin sakinlərini təhlükə altına atıb. Mən bu günə qədər qeyd etdiyim hadisələrlə bağlı yuxarı hakimiyyət dairələrinə müvafiq şikayət etmişəm. Şikayətimin araşdırılması üçün ərizəm yenidən Cəlilabad rayon icra başçısının üzərinə göndərilir. Guya cinayət törədən şəxs özü öz cinayətini araşdırmalıdır. Hörmətli prezident, biz sizi dəstəkləyirik. Son seçkidə də ailəliklə sizə səs vermişik. Həyat yoldaşım məntəqə seçki komissiyasının katibi olub, özüm və oğlum sizin təbliğatınızı aparıb. Odur ki, sizdən xahiş edirəm ki, sizə ünvanlanan şikayətimi nəzarətə götürəsiniz. Mən əminəm ki, siz Azərbaycan xalqının prezidenti və bizim hüquqlarımızın, təhlükəsizliyimizin təminatçısı olaraq bu məsələləri diqqətə alacaqsınız”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA