Arif Hacılı: "Səviyyəsiz və yersiz ittihamlardı, bu cür adamlar heç özlərinə də hörmət etmirlər"

img

08-01-2014 [19:39]


Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra müttəfiqlərinin partiya əleyhinə tənqid və ittihamları bir az da artıb. Xüsusilə də AXCP funksionerləri Müsavatın qərarını hakimiyyətlə anlaşmanın, bazarlığın məntiqi nəticəsi kimi izah edirlər. Yeri gəlmişkən, Müsavatda Milli Şura ilə bağlı fikir ayrılıqlarının olduğu barədə iddialar da səslənir. Ancaq elə Müsavat Məclisinin son iclasında demək olar ki, 99 faiz çıxış edənlər partiyanın qəti qərar verməsinə çağırış etmişdilər. Milli Şuranın əleyhinə olmayan, ümumiyyətlə, bu barədə danışmayan isə Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı oldu. Odur ki, son vəziyyətlə bağlı son günlər mətbuatda az-az görünən və Milli Şura mövzusundan danışmayan A.Hacılı ilə danışdıq. Onun dediklərindən:

- Milli Şura ilə bağlı qərar hansısa şəxsə məxsus deyil. Bu, partiya strukturlarında qəbul edilmiş qərardır. İsa Qəmbər Müsavat Məclisində Milli Şura ilə bağlı kimin başqa təklifi var soruşsa da, əlavə təklif olmadı. Ona görə də guya bu məsələnin Müsavatı parçalayacağı barədə fikirlər tamamilə absurddur, heç bir əsası yoxdur.

- Arif bəy, Müsavat Milli Şuradan çıxmaqla nəyə nail olmaq istəyirdi, konkret hədəflər nədən ibarətdir və ümumiyyətlə, bu barədə ittihamçı mövqedən çıxış edənlərə cavabınız nədir?

- Biz demokratik qüvvələrin real birliyini, real müttəfiqliyini, həqiqi və sivil müttəfiqlik münasibətlərinin qurulmasını istəyirik. Çünki Azərbaycan hakimiyyəti istər vətəndaş cəmiyyətində, istər mətbuat sahəsində, istər siyasi partiyalar arasında ciddi qarmaqarışıqlıq yaratmağa nail olub. Biz istəyirik ki, müxalifət düşərgəsinə bir aydınlıq gətirək və müxalifət düşərgəsində sivil, müasir tələblərə uyğun olan qarşılıqlı münasibətlər formasına nail olaq. Münasibətlər kimlərinsə əhvalına, hansısa cari məsələlərə, şəxsi münasibətlərə görə yox, bağlanmış müqavilələr, sazişlər əsasında tənzimlənsin. Təəssüf ki, hətta bizimlə bir partiyada birləşməyə hazır olduğunu bəyan edən qüvvələr, hətta bizim müttəfiqliklə bağlı irəli sürdüyümüz təkliflərə belə razı olmamaqla Müsavatla birləşmək haqqındakı təkliflərinin də qeyri-səmimi olduğunu biruzə verdilər. Bunun ardınca Müsavat Partiyasına qarşı geniş bir böhtan kampaniyasına başladılar. Əgər siyasi partiyalar bizimlə ikitərəfli əməkdaşlığa, müttəfiqliyə razı deyillərsə və bizim bu təkliflərimizi yalnız rədd etməklə kifayətlənməyərək hələ üstəlik Müsavat Partiyasına qarşı böhtan, təhqir kampaniyasına başlayırlarsa, təbii ki, bu qüvvələrlə çoxtərəfli əməkdaşlığın da qeyri-mümkün olduğu ortalığa çıxır. Düşünürəm ki, Müsavat Partiyasının bu qərarı müxalifət düşərgəsində bir soyuq duş effekti yaradacaq, hər kəs düşünməyə məcbur olacaq.

- Müsavatın AXCP və digər qüvvələrə təklif etdiyi ikitərəfli müqavilələrin taleyi necə olacaq?

- Biz Milli Şuradan çıxarkən qapını çırpıb getməmişik. Biz yenə də irəli sürülən təkliflər əsasında başlanan sazişlər və müqavilələr əsasında istər AXCP, istər Milli Şuraya daxil olan digər siyasi qüvvələrlə, istərsə də bilavasitə Milli Şuranın özü ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq.

- Ancaq AXCP və digər əməkdaşlıq təklif olunan digər təşkilatların heç biri Müsavata müsbət cavab verməyib. O halda Müsavat yeni bir koalisiya qurmaq, yoxsa müstəqil şəkildə yoluna davam etmək niyyətindədir?

- Müsavat Partiyası 2014-cü il üçün özünün fəaliyyət istiqamətlərini müəyyən edib və həmin plana uyğun olaraq öz fəaliyyətini davam etdirəcək. Müsavat ölkədə fundamental insan hüquq və azadlıqlarının bərpa edilməsi, demokratik islahatların aparılması istiqamətində avtoritar rejimə qarşı mübarizəsini davam etdirəcək. Bu yolda fəaliyyət göstərən bütün siyasi qüvvələr, təşkilatlar, ayrı-ayrı şəxslərlə müqavilələr, sazişlər əsasında birgə fəaliyyət göstərməyə hazırıq.

- Bu arada müttəfiq partiyalarla yanaşı, iqtidar düşərgəsindən də Müsavatı ittiham edənlər oldu. İddialar var ki, Müsavata pul çatmayıb deyə, Şuradan çıxıb...

- Tamamilə səviyyəsiz və yersiz ittihamlardır. Bu cür ittihamları irəli sürən adamlar görünür nəinki bizə, heç özlərinə də hörmət etmirlər.

- Milli Şuranın sədri Cəmil Həsənlinin qapalı toplantılar, görüşlər keçirtdiyi barədə məlumatlar yayıldı. Hətta Rüstəm İbrahimbəyovun yenidən fəxri sədrliyə qaytarılması təşəbbüsü səslənir. Müsavat olmadığı qurumdakı hazırda yaşananlar haqda hansı fikirdədir?

- Milli Şura artıq Müsavat Partiyasının daxil olmadığı bir qurumdur və onlar öz fəaliyyətlərində tamamilə müstəqildirlər. Kimi istəyirlər sədr, kimi istəyirlər həmsədr, fəxri sədr seçə də bilərlər, istədikləri hədəfləri müəyyənləşdirərək fəaliyyət də göstərə bilərlər. Onların fəaliyyətinə görə artıq Müsavat Partiyası heç bir məsuliyyət daşımır. Mən Cəmil Həsənliyə və Milli Şuraya öz fəaliyyətlərində yalnız uğurlar arzulayıram.

- Mili Şuranın artıq bitdiyi barədə fikirlər var. Bəs, Müsavat necə, getdiyi qurumun bitdiyi qənaətindədirmi?

- Bunu zaman göstərəcək. Odur ki, bu barədə hər hansı fikir səsləndirmək istəməzdim.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA