“AZƏRBAYCAN GÖZƏLİNİN İSMƏTİNƏ QURBAN OLUM” - Mərhum Eldar İsmayılın ölümündən əvvəl qələmə aldığı yazı

img

30-03-2021 [16:12]


Eldar İSMAYIL BÖYÜKTÜRK

Şair-yazıçı

****

***

Ərlər-ərənlər yetirən, müdrik ağsaqqalları, ayaq üstə köhlən belində qılınc oynadan igidlər yurdu Ulu Göyçəm!

 Dədə Qorqudun qopuzunu Göyçə gölün dalğaları fonunda dinləyən ana diyar... 

Saz- söz ustadları ilə bütün Şərqə səs salan qonaqlı-qaralı yurdum... 

Keçmişinə qürurla baxdığım, bu gününə göz yaşı axıtdığım Oğuz torpağı, indi sən hardasan, mən harda?

 Eşidirsənmi məni, başı bəlalı Göyçəm?

 Anlaya bilmirəm, sənə bu qədər sevgi, məhəbbətim olan yerdə sənsiz necə yaşadım, niyə yaşadım?

 Bəlkə, uca Allahım yaşam müddətimi ona görə artırdı ki, sənin keşməkeşli tarixini, başına açılan fəlakətlərini gələcək nəsillərə danışım?

 Dədə Ələsgər ocağının ən istedadlı nümayəndələrindən biri olan İsmixan Didərgin haqqında dəyərli məlumatı xalqımızın qədirbilən gənclərinə təqdim edim? Bu gün İsmixan müəllim sıralarımızda yoxdur. O, erməni- rus ordusunun qəddar, silahlı əsgərləri tərəfindən soydaşları ilə birlikdə Göyçədən zülümlə ayrıldı. Ailəsi ilə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşdı. 

Ürəyi daim yazıb- yaratmaq həvəsi ilə çağlayan İsmixan Məmmədov Özünə Didərgin təxəllüsü seçdi. İsmixan Didərgin adı altında şeirlər yazdı. Dərdini dağa- daşa dedi, intizarını, çəkdiyi ağrı- acıları kağıza köçürdü, namərd insanlara nifrin yağdırdı.

 LƏYAQƏTLİ MÜƏLLİM, JURNALİST, DƏYƏRLİ İNSAN, ŞAİR İSMİXAN DİDƏRGİNİN HƏYAT YOLU... 

Ismixan Müseyib oğlu Məmmədov 25 aprel 1933- cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Ağkilsə kəndində anadan olub. Dədə Ələsgərin qardaşı Məşədi Salehin nəvəsidir. Atası Müseyibi çox erkən, altı yaşında itirib. Bundan sonra İsmixan ağır günlər keçirib. İbtidai təsilini Ağkilsədə, orta təhsilini isə qonşu Zod kənd orta məktəbində alıb. 

Damarlarında Dədə Ələsgərin, dayısı Növrəs İmanın qanını daşıyan bu gənc oğlan orta məktəbdə qısa bir vaxtda şagirdlər arasında fərqlənir. Get- gedə fitri istedadı ilə diqqəti çəkən İsmixan Məmmədov yazdığı müxtəlif vəznli şeirləri, tərbiyəli davranışı ilə müəllim kollektivi və şagirdlər arasında xüsusi hörmət qazanır. O, həm də orta məktəbdə ən yaxşı oxuyan şagirdlərdən biri kimi tanınır. Həmin dövrdə Göyçədə güclü el şairləri və ustad aşıqlar fəaliyyət göstərirdi.

 El arasdında xüsusu hörmətə malik Zodlu Ağayar və Nərimanlı Bəhmən İsmixanın güclü istedada malik olduğunu, qabiliyyətdə dayısı Növrəs İmana bənzədiyini deyirlər. İsmixan həm orta məktəbdə oxuyur, tədbirlərə qatılır, həm də evdə, ailədə ağır zəhmət tələb edən işlərdə çalışır. Artıq orta məktəb həyatından sonra onun şeirləri aşıqlar, müğənnilər tərəfindən məclislərdə oxunur, şeirləri dillərdə gəzməyə başlayır. Təhsilini davam etdirmək üçün Azərbaycan Pedaqoji İnstitunuin filioiogiya fakültəsinə qəbul olan İsmixan Məmmədov ali məktəbi 1962- ci ildə bitirir və doğma kəndi Ağklisədə müəllimlik fəaliyyətinə başlayır. Bədii yaradıcılıqla yanaşı eyni zamanda qəzet və jurnallarda müxtəlif məzmunlu məqalələrlə çıxış edir. 

1965- ci ildə onu Basarkeçərdə çıxan “Bolluq uğrunda” qəzetinə ədəbi işçi təyin edirlər. İsmixan müəllimin gəlişi ilə qəzet yeni bir mərhələyə qədəm qoyur. Qəzetdə ədəbi- bədii yazılara xüsusi diqqət ayrılır. Şair və yazıçılar fəaliyyət göstərən “Ədəbiyyat səhifəsi” guşəsində maraqlı yazılarla çıxış edirlər. Bütün bunlar İsmixan müəllimin milli-mənəvi dəyərlərə ürəkdən bağlı bir şair olduğunun göstəricidir. 

İSMİXAN MƏMMƏDOVLA İLK GÖRÜŞÜM

Böyük sevgi və sayqı ilə dahi sənətkar Dədə Ələsgərə həsr etdiyim “Aşıq Ələsgər” mənzum pyesimi tamamlamışdım. Ağbulaq kənd orta məkəbində müəllim və şagirdlərin təşəbbüsü və iştirakı ilə pyes səhnələşdirilərək tamaşaya qoyulmuşdu. Bu tamaşa Krasnoselo rayonunun Şorca və Gölkənd kəndlərinin klublarında da göstərilmiş və tamaşaçıların rəğbətini qazanmışdı. 

Mənə dedilər ki, bu pyesi Dədə Ələsgərin ocağında onun övladlarına təqdim etmək yaxşı olardı. Günlərin birində Şirəli Hacıyevlə Cəlil Hüseynovun “Volqa” markalı maşınında Ağkilsə kəndinə yola düşdük. 

Bizi Aşıq Ələsgərin oğlu Aşıq Talıb, oğlanları İslam Ələsgərov, Haqverdi Ələsgərov və İsmixan Məmmədov qarşıladılar. Biz oturub rahatlanandan sonra qohum- qonşudan da bir neçə adam gəldi. Mən pyes haqda məlumat verdim və oxudum. Talıb kişi də dinləyicilər arasında olmaqla pyesə yaxşı dəyər verdilər. Xüsusilə Haqverdi müəllim və İsmixan müəllimpyesi bir sənət əsəri kimi yüsək dəyərləndirdiər. Hətta Talıb kişi dedi ki, burda elə epizodlar var ki, mən heç onları bilmirdim. 

İsmixan Məmməıdov Talıb kişinin deyiminə aydınlıq gətirdi: 

- Bu pyes bədii sənədli əsərdir, olmuş hadisələrlə yanaşı şairin öz təxəyyülü və düşüncələri də yer almışdır. Bu da əsərin bəddi dəyərini artırır. 

Sonra üzünü mənə tutub soruşdu: 

- Eldar müəllim, siz pyesdə Aşıq Ələsgərin şeirlərindən istifadə etmisiniz. Ancaq elə şeirlər var ki, onlar Ələsgərin kitablarında yoxdur. Eyni zamanda aşıqlar tərəfindən də oxunmur. Mən başımı qaldırıb İsmixan müəllimə tərəf baxanda onun üzündə xoş bir təbəssümün şahidi oldum. Adını çox eşitdiyim, şair kimi hörmət etdiyim bu adamı gözucu süzərək dedim:

- Bəli, mən bu əsərimdə mətnə uyğun olaraq Dədə Ələsgəin şeirləri ilə yanaşı, öz şeirlərimdən də istifadə eləmişəm.. 

İsmixan müəllim səmimi bir tövrlə dedi: 

- Səhnəbanuya xitabən yazılmış bir qoşma oxudunuz. Zəhmət olmasa, onu bir də oxuyun.

- Baş üstə deyib şeiri yenidən oxudum:

Bilməm könlümdəki sıxıntı nədir, 

Yoxsa əfsunlamış gözlərin məni? 

Bir gizli məhəbbət qəlbimi didir, 

Yerimdən oynadıb sözlərin məni.

Ələsgər ocağında oturub bu dahi şəxsiyyət haqqında söz demək məni sıxırdı. Həyatın keşməkeşli yollarında sınaqdan çıxmamış bir gənc üçün tanınmış şairlər arasında böyük məsuliyyət tələb edirdi. Mən qoşmanın bir bəndini oxuyub qurtaranda Haqverdi müəllim dedi: 

- O biri bəndləri də oxuyun. Qəti sıxılmayın. Mən məclisdə əyləşənləri gözaltı süzüb şeirin davamına keçdim: 

Ürəyim sıxılır sanki qəribəm, 

Sinəmin altında tüğyan edir qəm... 

Mənə dar görünür bu gözəl aləm, 

Zülümlə zindana göndərin məni. 

Ələsgərəm, oda yanasıyam mən, 

Şüşə tək könüldən sınasıyam mən. 

Sənan tək dərdimi danasıyam mən, 

Vaxt ikən yoluma döndərin məni!

Talıb kişi şeiri bəyəndiyini dedi. Haqverdi müəllim və İsmixan müəllim yaxşı dəyər verdilər. Ümumiyyətlə, pyesi oxuyub başa çatdırdım. İsmixan müəllim pyes haqqında yüksək fikir söylədi. O, qeyd etdi ki, Eldar müəllim pyesdə indiyə kimi məlum olmayan məqamlara toxunub, bu da əsərdə tarixi gerçəkliyi və bədii tərənnümü gözəlləşdirir. Əsərə irad tutanlar da oldu. Dedilər ki, sosializm realizminə yer verilməyib, xalqlar dostluğu əsərdə özünə yer tapmayıb. Yenə Haqverdi müəllim və İsmixan müəllim mənim müdafiəmə keçərək bildirdilər ki, o məsələlər müəllifin şəxsi işidi. Mənə dedilər sən xalqlar dostluğu məsələsinə necə baxırsan? Cavab verdim ki, xalqlar dostluğu yaxşı şey ola bilər, ancaq mən əsərimə ermənini dost kimi daxil edə bilmərəm. 

İsmixan müəllim:

- Halaldı! Pyesin makinadan çıxmış surətini göndərərsən, mən “Bolluq uğrunda” qəzetində dərc edəcəyəm,- deyə qətiyyğtlə cavab verdi.

Mən onda adı aşıqların repertuarından, mahnıları xalqın dilindən düşməyən İsmixan Məmmədovu həm də dəyərli bir şəxsiyyət kimi kəşf etdim. Sonralar biz yaxın dost olduq. 1986- cı ilin may ayında yenə Dədə Ələsgərin məzarını ziyarət edərkən (evi qəbristanlığa yaxın idi) əl çəkmədi. 

Dostum, Pəmbək kənd Sovetinin sədri işləyən Yusif Əhmədovla birlikdə onun evində qonaq oldum. Şirin söhbət etdik. Azərbaycan ədəbiyyatının görkəmli simalarını xatırladıq, onların yaradıcılığını dəyərləndirdik. Bir neçə dəfə İrəvanda Yazıçılar Birliyinin azərbaycanlı şöbəsində görüşdük. Təəssüf ki, nə İsmixan müəllim, nə də mən İrəvanda kitab çap etdirə bilmədik. 1988- ci ilə kimi biz vaxtaşırı görüşürdük. Göyçənin son işğalından sonra biz ayrı düşdük. O, Daşkəsəndə, mən Bakıda məskunlaşdım... 

Daşkəsənə gələndən sonra Didərgin ləqəbini qəbul etdi: İsmixan Didərgin adı ilə şeirlər yazdı. 1992- ci ildə “Ayırdılar qucağından Göyçənin” adlı şeirlər kitabı işıq üzü gördü. Çox təəssüf ki, belə bir gözəl şair sağlığında öz qədr- qiymətinə yetmədi. 

Göyçə həsrətinə dözməyən İsmixan Məmmədov 1995- ci ildə “Göyçə” deyib gözlərini əbədi yumdu. 

Ustad sənətkardan nümunələr. 

QURBAN OLUM 

O titrəyən dodaqların 

Həsrətinə qurban olum. 

Həyat verən nəfəsinin 

Şəfqətinə qurban olum.

Gözümə dəycək surətin, 

Dinmək mənə olur çətin. 

Dili bağlı məhəbbətin, 

Hikmətinə qurban olum. 

Ulduz kimi axışının, 

Şimşək kimi çaxışının, 

Baxışımla baxışının 

Söhbətinə qurban olum. 

Şöhrətisən diləyimin, 

Qüvvətisən biləyimin. 

Ürəyinlə ürəyimin

Vəhdətinə qurban olum. 

Sonasısan bizim gölün, 

Qönçəsisən bizim gülün. 

Bu könüllə o könülün 

Ülfətinə qurban olum. 

O bəxtimin əzəlinin, 

O söhbəti məzəlinin, 

Azərbaycan gözəlinin 

İsmətinə qurban olum! 


***

GƏZDİRİR 

İnsan var aləmdə gəzib dolanır, 

Var onu bir dərdə salan, gəzdirir. 

İnsan var kökləyib eşqin sazını, 

Arayıb axtarır çalan, gəzdirir. 

İnsan var görəndə xoş gələr sana, 

Bir gün yoldaş olsan, doyarsan cana. 

Ömrünü həsr edir şərə, böhtana, 

Qoynunda yatağan ilan gəzdirir. 

İnsan var ki, bağban deyil, bar anır, 

Milçək kimi süfrələrə daranır. 

Kimi başda görsə ona yaranır, 

Gündə bir ulağa palan gəzdirir. 

İnsan var məhrumdu hissə, duyğuya, 

Satır varlığını bir içim suya. 

Güclülər yanında dönür quzuya, 

Şahidli, sübutlu yalan gəzdirir. 

Dostlar çəkər İsmixanın bəhsini, 

Yaşadar qəlbində könlüm səsini. 

Qorxma mən öləndə qəm şələsini, 

Görərsən, yerində qalan gəzdirir. 


***

XAİN XOFLU OLAR

Xain xoflu olar, oğru şübhəli, 

Xəfgir adam kölgəsindən xəflənər. 

Xəbis adam xanənişin dolanar, 

Künc-bucaqda nəm çürüdər, kiflənər. 

Yelbeyini arvad sözü uçurar, 

Ağzıboşlar sirr saxlamaz, qaçırar. 

Doğru kəslər sadə həyat keçirər.

Təmiz addan hörmət tapar, nəflənər. 

Tamahkarın ha söz gəlsin üzünə, 

Qəpik versən dürtüşdürər gözünə. 

Qarınqulu korluq verməz özünə, 

Nisyə içər, iki dəfə keflənər. 

İsmixan çox görüb avam- naşını, 

Alimlik eləyər, dartar qaşını. 

Barmaq girməz yerə dürtər başını, 

Bir tərəfə keçə bilməz, kəflənər. 

***

YAXŞI YADA MƏN 


Bəd qohuma sirr söylədim, car oldu,

Açdım ürəyimi yaxşı yada mən.

Yox aşıq yaxşı da var,

Pis də var, yaxşı da var. 

Pis qohumdan yaxşıdı 

Qapında yaxşı davar.

Qohum var, qazıyıb atır yolunu, 

Nədən xoş gəlirəm yaxşı yada mən. 

Dərdimə dərmanı safa gətirdi, 

Gəlişi cismimi safa gətirdi.

Yox aşıq safalıdı, 

Geyimi saf alıdı. 

Dost qapısı mən üçün 

Cənnətdən safalıdı.

Dostum, mehribanım səfa gətirdi, 

Xoşbəxtəm, düşmüşəm yaxşı yada mən. 

Pisə töhmət yazdım, yaxşıya nama. 

Qeyrətin bəllidi, yaxşı, yanama.

Yanadın yaxşı yana, 

Çəkilmə yaxşı yana. 

Yaxşı ölsə, pis yanmaz, 

Pis ölə, yaxşı yana.

İsmixan, zənn etmə, yaxşı yanama 

Yaxşıyam pisə də, yaxşıya da mən.

Mia.az

P.S. Mərhum Eldar İsmayıl bu yazını ölümündən əvvəl yazıb. 

Allah hər ikisinə rəhmət eləsin!

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq