Müstəqil QHT-lərin fəaliyyətinin olmaması demokratiya, qanunun aliliyi prinsiplərini şübhə altına alacaq

img

25-12-2013 [11:31]



 Son dövrlər Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə əngəllər artmaqdadır. Qanunvericiliyə edilən dəyişikliklər müstəqil QHT-lərin fəaliyyəti üçün olan həlqələri daha da daraldır. Qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin həbsi bu sahədə vəziyyətin getdikcə daha da gərginləşəcəyindən xəbər verir. Məsələ ilə bağlı Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayevin fikirlərini öyrəndik. - Elçin müəllim, son dövlər QHT-lərə qarşı təzyqilər, hüquq müdafiəçiləri Pərviz Həşimlinin, Anar Məmmədlinin həbsi və qanunvericiliyə edilən dəyişikliklər nədən xəbər verir? - Dogurdan da, Anar Məmmədlinin həbsi və qanunvericiliyə edilən əlavə və dəyişkliklər ciddi narahatlıq yaradır. Anar Məmmədli beynəlxalq səviyyədə tanınmiş Azərbaycan vətəndaş cəmiyyətinin üzvüdür. Digər tərəfdən QHT-lərlə bağlı qanunlara olunan mürtəce dəyişikliklər "siyasi qərardır”. Lakin bu siyasi qərarın verilməsi həm hüquqi baxımından, həm də beynəlxalq əhəmiyyəti baxımından ən çox hakimiyyət üçün təhlükəlidir. Seçkidən sonra siyasi proseslərin səngidiyi bir məqamda hakmiyyətin bu cür ziddiyyətli siyasi qərarlarının səbəbi başadüşülən deyil. Hökumət bir tərəfdən bu qərarlarla təzyiqləri artırmaq istəyir, digər tərəfdən də ictimai narazlıq və beynəlxalq narazılığa yol açırlar. Bilirsiniz hal-hazırda ABŞ-ın, Avropanın güc dövlətlərinin və Avropa İttifaqının demokratiya və insan hüquqlarına qarşı həssaslığının artması zamanı belə qərarların verilməsi təzyiqlərin artırılmasından daha çox ictimai narazılığa və beynəlxalq narahatalığa imkan yaradır. Düşünürəm ki, hakmiyyətdə kifayət qədər ağıllı insanlar var ki, bu dövrdə bunun ziyanlı olduğunu başa düşür. - Qanunlara təklif edilən bu dəyişikliklər QHT-lərə nə vəd edir? - Bu dəyişkiliyin qəbul edilməsi müvafiq icra orqanlarının təsiri imkanlarının artırılmasına və QHT-lərin asılılığına, sərbəst fəaliyyətinin məhdudlaşdırmasına və müstəqil QHT-lərin fəaliyyətinin dayandırılmasına gətirib çıxara bilər. Digər tərəfdən yeni maddələr və ona adekvat olmayan cərmələrin tətbiq olunması qanunun siaysi sifariş olmasından xəbər verir. Qanunda göstərilən bəzi maddələrin redaksiyası qanunun digər maddələri və beynəlxalq hüquqi normativ sənədlərlə ziddiyyət təşkil edir və tam siyasi xarakter daşıyır. Məsələn, qanunun 10.5-ci maddəsinə görə, Qeyri-Hökumət Təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradılmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradıldığı müəyyən edildikdə təşkilatın üzvlərinin iddia ərizəsi əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər." Hər kəs bilir ki, QHT-lər qanunla kolegial idarə olunan qurumdur. Bu maddəni şərh etsək görərik ki, 100 üzvüdən biri QHT-nin qeydiyyatının ləğvini istəsə təşkilat baglana bilər. Bu da digər 99 nəfər üzvün birləşmək hüququnun pozulmasıdir. Həmçinin "İnsan hüquqları və əsas azadlıqları haqda” Avropa Konvensiyasının 11-ci maddəsində (Yığıncaqlar və birləşmək azadlığı) pozuntusudur. Qəbul edilən qaydalara görə qanunların qəbulu Konvesiya ilə ziddiyyət təşkil etməməldir. Digər tərəfdən Azərbaycan Respublikasının Milli Məclisin dekbarın 17-də qəbul etdiyi QHT fəaliyyətini məhdudlaşdıran əlavə və dəyişikliklər Azərbaycan Respublikasi Prezidentinin "Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 27 iyul 2007-ci il tarixli Sərəncamı və Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ziddiyyət təşkil edir. Həmçinin, bu maddələr Azərbaycanın qoşuluduğu "Açıq Hökümət Təşəbbüsü” və Avropa İttifaqinin Şərq tərafdaşlıq təşəbbüsünə də ziddidir. - Qanun artıq imzalanmaq mərhələsindədir. Bu qanunun qüvvəyə minməsi QHT üçün hansı problemləri yaradacaq? - Cəmiyyətin demokratikləşməsi və açıq cəmiyyətin formalaşmasının əsas istiqamətini təmin edən QHT-lərin fəaliyyətinin qanunla məhdudlaşdırılması ictimai imkanların və ictimai nəzarət sistemlərinin zəifləməsinə xidmət edəcək. Bu qanunun qəbulu ilə QHT-nin fəaliyyəti "çərçivəli” olacaq. Əks halda təşkilatın qeydiyyatının ləgv edilməsi təhlükəsi yaranacaq. Digər tərəfdən müstəqil QHT-lərin fəaliyyətinin olmaması yaxşı idarəçilik, iqtisadi inkişafı təşviq etmək, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi təminatları da şübhə altına alacaq. Bu isə özlüyündə korrupsiya hallarının çoxalmasına, insan hüquqlarının pozulması hallarının kütləvi şəkildə artmasına və avtoritarizmin inkişafina yol açacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA