Müsavat hakimiyyətdən izahat tələb etdi

img

23-12-2013 [18:41]


Dekabrın 23-də Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb.

Dekabrın 23-də keçirilən Müsavat Partiyası Qadınlar Təşkilatının III Ümumi yığıncağı barədə məlumat verilib və fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, yığıncaq və seçkilər demokratik prinsiplər əsasında və azad, ədalətli şəkildə keçirilib. Divan Qadınlar Təşkilatının eks sədri Vəfa Cümşüdlü başda olmaqla keçmiş rəhbərliyə mübariz, fədakar və yaradıcı fəaliyyətlərinə görə təşəkkür elan edib, yeni sədr Ellada Məmmədliyə və heyətə uğurlar diləyib.

Həmçinin Müsavat Partiyası Məclisinin dekabrın 29-da saat 12:00-da keçirilməsinə, saat 16:00-da isə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı bayram tədbirinin keçirilməsinə qərar verilib.

Daha sonra başqan İsa Qəmbərin Ukraynaya səfəri və orada keçirdiyi görüşlər barədə məlumat dinlənilib. Bu səfər Divan tərəfindən yüksək qiymətləndirilib.
Dekabrın 15-də Milli Şuranın bahalaşma əleyhinə keçirdiyi mitinq barədə fikir mübadiləsi aparılıb.

İctimai-siyasi vəziyyətin müzakirəsi zamanı Anar Məmmədlinin qanunsuz həbs olunması bir daha pislənilib, onun və digər siyasi məhbusların azad olunması tələb edilib.
Divan QHT və onunla əlaqəli qanunvericilikdə baş verən son dəyişiklikləri pisləyib və hesab edir ki, bu dəyişikliklərin tətbiqi müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına və sıradan çıxarılmasına yönəlib.

Divan daha sonra Müsavat Partiyasının AXCP, KXCP, El və NİDA Vətəndaş Hərəkatı ilə apardığı görüşlərin nəticələrini müzakirə edib, bu təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olduğunu bir daha vurğulayıb, bu görüşlərin davam etdirilməsini məqbul hesab edib.

Divan Rusiyada siyasi məhbus Xodorkovskinin uzun müddətli həbsdən sonra azadlığa buraxılmasını müsbət hal kimi qiymətləndirib və postsovet məkanında bütün digər siyasi məhbusların da tezliklə azadlığa buraxılmalı olduğunu vurğulayıb.

Divan qardaş Türkiyədəki korrupsiya ilə bağlı həbslər barədə də geniş müzakirə aparıb. Azərbaycan hakimiyyətindən bu zəmində həbs olunmuş azərbaycanlı məmur və onun fəaliyyəti barədə cəmiyyətə hesabat verməsini tələb edib. Həmçinin Türkiyə hökumətindən bu məmurun həbs səbəbləri barədə Azərbaycan cəmiyyətinə dolğun bilgi verməsini gözlədiyini bildirib.
Divan bir daha siyasi məhbusların davam edən məhkəmələrini diqqətdə saxladığını bildirib, başqan müşaviri Yadigar Sadıqovun biabırçı və qurama istintaq və məhkəmə prosesindən sonra bu gün prokurorun ona 7 il həbs cəzası istəməsini qətiyyətlə pisləyib və absurd hesab edib.
Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA