"Onlar Elşada deyirdilər ki, Hüseyn Əhmədov ”yeraz"dır, hər şeyi əlindən alacaq"

img

17-12-2013 [11:07]


ABU-nun sabiq rektoru Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədov sabiq deputat Gülər Əhmədovanın məhkəməsində maraqlı ifadə vermişdi. Həmin vaxt bəzi media orqanları H.Əhmədovun kürəkəni barəsində "yaramaz” dediyini yazmışdı.Bugünlərdə H.Əhmədov cumhuriyyet.az saytına açıqlama verərək, barəsində yanlış xəbərlər yayıldığını bildirib.
O, mətbuatda adından yazılan fikirlərdən xeyli təəccübləndiyini deyib: "Axı mən məhkəmədə belə sözlər deməmişəm. Orda nə qədər adam olub və dediklərim protokollaşdırılıb. Nəyə görə mənim adımdan yalan ifadələr yazılır? Mən Elşad Abdullayev haqda yaramaz ifadəsi işlətməmişəm. Əvvəla, belə bir ifadəni ictimai yerdə məhkəmə zalında işlətmək mənim adıma yaraşmaz. Digər bir tərəfdən, Elşad Abdullayev hüquq elmləri doktorudur, professordur, böyük bir ali məktəbin rəhbəri olub. Mən aliməm. Elmin və elm adamının qiymətini bilirəm. Bunu yazanlar təxribatla məşğuldur və əslində yaramazlıq elə bu yalanı mətbuat səhifəsinə daşımaqdır”.

Hüseyn müəllim mətbuatda yazılanlara etirazının yalnız bir ifadə ilə bağlı olmadığını bildirdi: "Guya mən orda demişəm ki, Elşad Abdullayevin qohumları imkan verməyiblər ki, mənə qulaq assın. Qətiyyən belə bir şey olmayıb. Mən ABU-da onun ətrafına toplaşan, bu gün isə ortada olmayan, vaxtilə Elşad Abdullayevdən bəhrələnib bu gün onu müdafiə etməyənlərə, gizlənənlərə sözümü demişəm. Demişəm ki, Elşad Abdullayev başına adamlar toplaşmışdı. Onlar Elşada deyirdilər ki, Hüseyn Əhmədov ”yeraz"dır, hər şeyi əlindən alacaq, ehtiyatlı ol. Zaman göstərdi ki, həmin adamların özündən ehtiyatlı olmaq lazım imiş".

E.Abdullayevin qayınatası prosesin aparılması ilə bağlı narazı qaldığı məqamları da dilə gətirdi: "Başa düşmək olmur günahkar kimdir? Kimi ittiham edirlər? Prokurorluq tərəfindən mənim kitabxanam möhürlənib. Yaradıcılıqla məşğul olduğum kitabları və diskləri müsadirə ediblər. Mənim ölkədən çıxmama qadağa qoyulub. Niyəsini bilmirəm. Mən axı neyləmişəm. Beynəlxalq tədbirlərə dəvət olunsam da, iştirak edə bilmirəm. Banka nəvəmin adına qoyduğum pula və ”Bank Respublika"da öz adıma qoyduğum 30 min manat pula həbs qoyulub. Bu həbslərin qoyulmasını Elşad Abdullayevin adı ilə bağlayırlar. Elşad Abdullayev nə edib axı bu addımı atırlar? Mənim 70 illik müəllimlik fəaliyyətim, elmi fəaliyyətim var. Axı ayıbdır".

Bu arada isə E.Abdullayevin iddiası əsasında tutulan sabiq deputat Gülər Əhmədovanın da səhhəti pisləşib. Bu barədə bizə açıqlamasında onun vəkili Əfsər Talıbov məlumat verdi. Müsahibimizin sözlərinə görə, sabiq deputatın başında, ürəyində ağrılar var. Penitensiar Xidmətin kardioloqu artıq G.Əhmədovanı müayinə edib. Vəkil hazırda apelyasiya şikayəti üzərində çalışdıqlarını da dedi. Onun sözlərinə görə, yaxın günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək. Bu arada vəkil xatırlatdı ki, apelyasiya qərarı qüvvəyə minməmiş G.Əhmədova Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasından köçürülə bilməz və orada qalacaq.
***

"Mandat alveri”nin fiqurlarından olan, mərhum Sevinc Babayevanın il mərasimi isə dekabrın 29-da keçiriləcək. Bu barədə bizə açıqlamasında S.Babayevanın oğlu Ayxan Məmmədov bildirdi. Onun sözlərinə görə, anası ötən il dekabrın 26-da dünyasını dəyişsə də, torpağa verilməsi dekabrın 29-da baş verib. Müsahibimiz anasının qəbir üstünün götürüldüyünü, məzar daşı qoyulduğunu dedi: "İl mərasimini harada keçirəcəyimi dekabrın 20-dən sonra müəyyənləşdirəcəm”.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA