AXCP bəyanat yaydı, Rauf Arifoğlu ilə münaqişə pisləndi və...

img

05-12-2013 [16:27]



Azərbaycan Xalq Cəbhəsinin Mətbuat xidməti "Yeni Müsavat" qəzetinin baş redaktoru və partiya üzvü Vüqar Qədirov arasında yaranmış münaqişə ilə bağlı bəyanat yayıb.

Mia.az həmin bəyanatı təqdim edir: 

"Mətbuatdan məlum olduğu kimi, "Yeni Musavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP üzvü Vüqar Qədirovdan DİN-ə şikayət edib. Şikayətinə səbəb kimi Vüqar Qədirovun sosial şəbəkələrdə onun ünvanına nalayiq ifadələr işlətməsini, təhqir olunduğunu göstərib. Rauf Arifoğlu Vüqar Qədirovla aralarındakı yazışmanı öz facebook səhifəsində paylaşıb.

AXCP mətbuat xidməti bildirir ki, partiya baş vermiş hadisədən təəssüflənir və Vüqar Qədirovun Rauf Arifoğlunun ünvanına işlətdiyi nalayiq ifadələri qəti şəkildə pisləyir. Partiya bildirir ki, Rauf Arifoğlunun AXCP-yə və Milli Şuraya qarşı qərəzli mövqeyi onun təhqir olunması üçün əsas ola bilməz. Ümumiyyətlə, AXCP siyasi mübarizənin, müzakirələrin istisnasız olaraq etika çərçivəsində aparılmasına tərəfdardır.

Biz ölkədəki siyasi prosesin bütün iştirakçılarını müzakirə və polemikalarda, hətta qarşılıqlı ittihamlarda belə, etik sərhədləri aşmamağa çağırırıq. AXCP böyük təşkilatdır. 10 000-lərlə partiya üzvümüz yalnız Azərbaycan naminə fədakar mübarizəsi ilə deyil, yüksək mənəvi və əxlaqi keyfiyyətləri ilə də cəmiyyətə müsbət nümunələr yaradır. Amma görünür, biz də belə hallardan sığortalanmamışıq. Vüqar Qədirovun hərəkətlərinə nizamnamə baxımından qiyməti isə üzvü olduğu İmişli rayon təşkilatı verəcək.

Bütün bunlarla yanaşı, AXCP Rauf Arifoğlunun Vüqar Qədirovla aralarında yaranmış münaqişəni partiya strukturlarının köməkliyi ilə həll etməyə cəhd göstərmədən DİN-ə müraciət etməsini də, DİN-in belə məsələlərə müdaxiləsini də pisləyir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA