Bu gün Milli Şuranın sessiyasıdır

img

03-12-2013 [11:37]


Bu gün saat 16-da AXCP-nin yeni qərargahında Milli Şuranın sessiyası keçiriləcək. Müzakirələrin gərgin keçəcəyi dəqiqdir. Hər halda, qurumdakı partiya və qurumların bir sıra məsələlərlə bağlı fərqli mövqelərdə olduğu məlumdur.

Aldığımız məlumata görə, sessiyada Milli Şuranın yeni sədrinin seçiləcəyi gözlənilir. Toplantıda Rüstəm İbrahimbəyovun istefası barədə müraciətinə baxılacaq.

İstefa qəbul ediləcəyi halda Rüstəm İbrahimbəyovun Cəmil Həsənlini sədr seçmək barədə təklifinə də münasibət bildiriləcək.

Sessiyada təşkilatın güclənməsinə hesablanan digər qərarların veriləcəyi də istisna deyil. Toplantıda seçki saxtakarlığına qarşı beynəlxalq müstəvidə aparılan mübarizə haqqında məlumat veriləcək və müvafiq qərarlar qəbul olunacaq. Cəmil Həsənlinin xarici səfərləri haqqında da məlumat dinləniləcək və yeni dönəm üçün prioritetlər müəyyənləşəcək.
Sessiyada habelə kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı məsələ müzakirə olunacaq. Həm mitinqlərin keçirilməsi, həm də mübarizənin başqa kütləvi üsullarından istifadə olunması ilə bağlı təkliflər olacaq və qərarlar veriləcək.

Ali toplantının gündəliyində bundan əlavə, Milli Şuranın fəaliyyət istiqamətlərinin əsas müzakirə mövzusu olacağı deyilir. Gündəlikdə müəyyən təşkilatlanma məsələlərinin də müzakirəsi var. Ümumilikdə sessiyada bir sıra yeniliklərin edilməsi gözlənilir.

Əldə etdiyimiz xəbərə görə, Rəsul Quliyevin Milli Şuradan çıxarılması barədə təkliflərin də olacağı gözlənilir. Rüstəm İbrahimbəyovun istefasının qəbul edilib-edilməyəcəyi məsələsinin isə sessiyada elə də asanlıqla yoluna qoyulmayacağı ehtimal olunur.

Artıq EL hərəkatının Milli Şuranın sessiyasında qurumdan çıxacağı barədə xəbərlər yayılıb. Xəbərdə deyilir ki, EL hərəkatı Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefasını istəmir. İstefa qəbul olunacağı halda EL təmsilçiləri Milli Şuradan çıxa bilərlər.

Bir sıra saytlarda yayılan bu xəbərin nə dərəcədə əsaslı olub-olmadığını öyrənmək üçün EL-in rəhbəri Eldar Namazovla danışdıq. Kiyevdə olduğunu bildirən E.Namazov qeyd etdiyimiz xəbərlərlə bağlı konkret fikir söyləmədi: "Skayp vasitəsilə EL hərəkatının üzvləri ilə müzakirələrim olacaq. Onların mövqeyini öyrənəcəyəm. Hesab edirəm ki, EL hərəkatı Milli Şuranın sessiyasında hansı mövqe tutacağı, hansı təkliflərlə çıxış edəcəyini müzakirələrlə, ümumi razılıq əsasında qərarlaşdırmalıdır. Sessiyada da ümumi mövqeyimiz ifadə olunmalıdır. Bu mövqenin necə olacağı sessiyayadək dəqiqləşəcək. Qərarımız işin xeyrinə bir qərar olacaq. Başqa cür ola bilməz. Kiyevdə bir neçə günlük tədbirə qatılmağım səbəbindən təəssüf ki, şəxsən özüm Milli Şuranın sessiyasına qatıla bilməyəcəyəm. Amma EL hərəkatının, o cümlədən mənim mövqeyimi, təkliflərimizi təmsilçimiz sessiyaya təqdim edəcək. İnanıram ki, heç bir problem olmayacaq”.
Dünən aznews.az-a açıqlamasında Rüstəm İbrahimbəyov da bildirib ki, Milli Şuranın sessiyasında onun istefa ərizəsi müzakirəyə çıxarılacaq. İstefanın qəbul olunub-olunmamasına sessiya qərar verəcək. "İstefa ərizəsi qəbul edilməyəcəyi təqdirdə hansı addımları atacaqsınız” sualını da cavablandıran İbrahimbəyov indidən hansısa mülahizənin irəli sürülməsinin tərəfdarı olmadığını qeyd edib: "Bunu Milli Şura üzvlərindən soruşmaq lazımdır. Gəlin, hamımız səbirlə sessiyanı gözləyək. Görək, sessiya mənim istefa ərizəmlə bağlı hansı qərara gələcək. Bilirəm ki, mənim Milli Şura sədrliyində qalmağımı istəyənlərlə yanaşı, getməyimi arzulayan insanlar da var”.


MŞ üzvü, KAXCP sədri Mirmahmud Mirəlioğlu isə deyerler.org-a açıqlamasında bunları deyib: "Bu sessiyadan öncəki sessiyada MŞ-nin fəaliyyətinin müzakirə olunması təklifi irəli sürülüb. Həmin sessiyada 3 nəfər bu təkliflə çıxış edib: Sülhəddin Əkbər, Ənnağı Hacıbəyli və mən. Bizim təkliflərimiz o zaman diqqət mərkəzində olub, lakin gündəliyə salınmayıb. Bu sessiya həmin təkliflər və sabah səslənəcək yeni təkliflərin əsasında keçəcək.

Amma hazırda yeni bir vəziyyət də var. Rüstəm bəy istefa verib və bunu mediaya da açıqlayıb. Həmçinin strukturlaşma məsələsi, fəaliyyəti gücləndirmək kimi məsələlər gündəlikdədir. Bizim qənaətimiz budur ki, seçkidən sonra da MŞ-nin fəaliyyətini davam etdirmək və bunu gücləndirmək lazımdır. Bununla bağlı da biz təkliflər paketi hazırlamışıq və təkmilləşdirilmiş formada müzakirələrə təqdim edəcəyik.

Sessiyada istefa məsələsinə də münasibət bildiriləcək. Yəqin ki, sıralamada ilk olaraq sədr məsələsi həll olunacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA