Rauf Arifoğlundan sərt cavab: “Gözünün içinə qədər yalan danışır...”

img

01-12-2013 [16:40]



Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini, Milli Şuranın Mitinq Komitəsinin keçmiş sədri Asəf Quliyev təmsil olunduğu partiyadan və Milli Şuradan istefasının səbəblərini açıqlayıb.

Bu zaman o, istefa verməsinin səbəblərindən biri kimi "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun da adını çəkib: " Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar. Bu, onların müsahibələrində də öz əksini tapıb. Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda Milli Şuranın özündə rəhbərliyində Cəmil Həsənlinin namizədliyi verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf, komanda ilə seçkiyə gedilməsi elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı. Nəhayət, qərara gəldim ki, bu gedişlə hər hansı müsbət nəticə əldə etmək olmaz”...  


Öz təşkilatından və müxalifətin yeni birlik formatı sayılan Milli Şuradan istefasını bu cür absurd, inanılması mümkünsüz arqumentlərlə bağlayan Asəf Quliyevin iddialarına Rauf Arifoğlundan cavab gəlib. "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib: "Asəf Quliyev gözünün içinə qədər yalan danışır. Onun istefasının əsil səbəbini bir çoxları kimi, mən də bilirəm. Lakin söyləməyi etik bulmuram... Ayıbdır, bu qədər yalan danışmasın, öz zibillərini bizim üzərimizə şər atmaqla ört – basdır etməsin. Böhtanın, yalanın, şərin də bir həddi, heç olmasa məntiqi olar. Bəlkə buraya Amerika və Rusiya prezidentlərinin, Türkiyə baş nazirinin dünya çapındakı son hərəkətlərindən narazılığını da əlavə etsin? Başqa siyasi xadimlərin, qəzet redaktorunun özlərinə, hədəflərinə uyğun fəaliyyəti digər siyasi funksionerin öz təşkilatından istefasına necə təsir edə bilər; bu dəliliyin, anormallığın bir izahatı varmı? Arif Hacılı, Pənah Hüseyn AXCP rəhbərləridirlər ki, onların fəaliyyəti sənin xoşuna gəlməyəndə təşkilatından çıxıb gedirsən? Yenə Milli Şuradan getməyi birtəhər bağlamaq olar, bəs, AXCP? Hansı məntiqlə bir təşkilatın funksioneri digər təşkilatın rəhbərlərinin açıqlama və siyasi proqramına görə istefa verər?

Təbii ki, burada məntiq yoxdur, ola da bilməz. Çünki Asəf Quliyevi siyasi özünü intihara gətirən səbəb, yuxarıda da dediyimiz kimi, tamamilə başqadır, özəldir və bu 3 şəxslə heç bir ilgisi yoxdur. Sadəcə həmin "özəl səbəb” Asəf Quliyevi artıq kimlərinsə əlində bir oyuncağa çevrilib və nə istəsələr, ona dedirdəcəklər. Üstündən 3-4 ay keçəndən sonra nəhayət, guya özünü təmizə çıxartmağa bir bəhanə tapıb. O qədər gülüncdür ki, deməyə söz tapmırsan” .

Rauf Arifoğlu dedi ki, Asəf Quliyev prezident seçkisinin ən qızğın çağında o cür istefa verməklə əslində demokratik düşərgəyə, öz silahdaşlarına, təşkilatı AXCP-yə, lideri Əli Kərimliyə xəyanət edib, müxalifəti sarsıdıb, mübarizə prosesində hakimiyyətə böyük fayda verib: "İndi bütün bunlardan sonra Müsavat Partiyasının başqanı İsa Qəmbərə yaxın olan 3 fiquru hədəfə alıb. Görünən budur ki, onu oyuna soxmağa başlayıblar. Bir az sonra ona dedizdirə bilərlər ki, vaxtilə Roma Papasını vurmağa Ağcanı da biz təhrik etmişik”.

R. Arifoğlu dedi ki, əslində Asəf Quliyevə yazığı gəlir: "Özünü bitirmiş, siyasi həyatını məhv etmiş birisinə baş qoşmamaq da olardı. Lakin görünən budur ki, onun dedikləri bu absurdları ciddi məsələ kimi gündəmə daşıyan iqtidarda və müxalifətdə müəyyən güclər, ona dəstəyini bildirən, gizli himayə edən "keçmiş” silahdaşları da ortaya düşüb. Burada birbaşa hədəf Müsavat Partiyası, onun rəhbərliyidir. Bu baxımdan, bu cür "donqili” ittihamlara cavab verərək, Asəf Quliyevin özünə və ona himayədarlıq edənlərə xəbərdarlıq edirəm”.

Müsavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA