"Bəxtiyar" filminin Zəhrası... - Sona Hacıyevanın zəngin karyerası + FOTOLAR

img

05-12-2020 [12:50]


Səhnəmizin parlaq ulduzu, Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından olan Azərbaycanln Xalq artisti SONA HACIYEVAnın xatirə günüdür.

Böyük dramaturqumuz Cəfər Cabbarlı:“Azərbaycanlı aktrisalar içərisində nəzəri cəlb edən qüvvətli simalardan biri də Sona xanımdır. Səhnədə keçən günlər bu incə, zərif qızı böyüdüb yaradıcı bir sənətkara çevirmişdi”.

Sona Hacıyeva Azərbaycan səhnəsinə adi bir aktrisa kimi gəlməmişdi.

Sona Hacıyeva elə bir ağır zamanda səhnə fəaliyyətinə başlamışdı ki, həmin illərdə nəinki qadınların, hətta kişilərin də səhnəyə gəlməsi xoş qarşılanmır, sənət ustaları cəhalət və nadanlıq dünyası insanlarının qurbanlarına çevrilir, qətlə yetirilirdilər.

Belə bir çətin dövrdə ilk dəfə teatr aləminə qədəm qoyan Sona Hacıyeva heç nədən çəkinməmiş, xalqın savadlanması və maarifləməsi üçün əlindən gələni etmişdir.

O, həm də müxtəlif qadağalara, maneələrə, təzyiqlərə, təqiblərə məruz qalmış "Azərbaycan qadınının bağrından püskürən bir üsyana dönmüşdü". Onun yaratdığı obrazlar Azərbaycan qadınının ağır taleyini, düşdüyü əzabları güclü və emosional bir şəkildə tamaşaçılara çatdırırdı.

Sona xanımı səhnədə görənlər yazırlar ki, o, öz obrazlarını o qədər ürəkdən sevər, onlara qəlbən bağlanarmış ki, səhnədə həyəcanını, rəğbətini gizlədə bilmirmiş. 

Qısa arayış:

Azərbaycan teatrının ilk milli aktrisalarından olan, opera və dram tamaşalarında əksər rolların ilk qadın ifaçısı Sona Salman qızı Hacıyeva 25 iyun 1907-ci ildə Nuxada (indiki Şəki) doğulub. Bir yaşında ikən atası vəfat etdiyindən onu və qardaşını babası Bülbülcan saxlamalı olub. 

Babası Əbdübağının xanəndəlik sənəti, anasının gözəl qarmon çalması Sona xanımda uşaq yaşlarından musiqiyə ciddi maraq oyadıb. Onun özünün də məlahətli səsi olub. Sona xanım 1 yaşında olanda atası vəfat edib. Babası xanəndə Əbdübağı Zülalovun himayəsində yaşayan Əzizə xanım və qızı Sona 1916-cı ildə Tiflisə köçüblər. Az sonra Tiflisdən Türkmənistanın Aşqabad şəhərinə, 1919-cu ildə oradan Bakıya gəliblər. 

Əvvəl anası, sonra isə 13 yaşlı Sona Hacıyevanın özü Əli Bayramov klubunda dram dərnəyinə üzv olublar. Maraqlıdır ki, ana-bala ikisi də Bakıda səhnəyə eyni ildə gəlib. 

Bu barədə Sona Hacıyeva öz xatirələrində yazırdı: “Bir gün anam mənə dedi ki, bu axşam tamaşamız var. Gəl səni ora aparım, oturub tamaşa edərsən. Mən çox sevindim. Yadımdadır ki, klubda bir kişi mənə yaxınlaşıb dedi: ”Qızım, sən bizə lazımsan. Bu gün Çimnaz olacaqsan". Onun sözlərindən təəccüblənib dedim ki, mənim adım Çimnaz deyil, Sonadır. Özüm də Əzizə xanımın qızıyam. 

Sona Hacıyeva anası Əzizə Məmmədova ilə...

Balaca Sona bir də onda görüb ki, ona paltar geyindirirlər. Sonra da tapşırırlar ki, çıxarsan səhnəyə, suflyorlar nə desələr, təkrar edərsən. Balaca qız bu sözləri təəccüblə qarşılasa da, anasının səhnədə bülbül kimi ötməsi onu ürəkləndirib. 

Səhnəyə daxil olanda ayaqları əsib, dili tutulub, nə edəcəyini bilməyib. Birtəhər dolaşa-dolaşa suflyordan eşitdiklərini təkrar edib. 

S.M.Qənizadənin “Axşam Səbri Xeyir olar” tamaşasındakı Çimnaz surəti 13 yaşlı Sonanın teatr aləmində debütü oldu. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı Işçi Teatrına dəvət ediblər. Müxtəlif səpkili rollar oynamaqla bərabər, Sona Hacıyeva Azərbaycan rayonlarına qastrola gedər, kənd zəhmətkeşləri qarşısında çıxış edərdi.

Sona Hacıyeva 1923-cü ildə Milli Dram Teatrının kollektivinə daxil olub. 1979-cu ilədək, yəni ömrünün sonuna qədər (arada qısa fasilələrlə) bu sənət ocağında işləyib.

1923-cü ildə Sona Hacıyeva Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərində yaratdığı Səlimə obrazı Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Sona xanımın oynadığı bu rol teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaratdı. 

Sonralar Sona Hacıyevanı Opera və Balet Teatrına da dəvət edirlər. Bu elə bir dövr idi ki, Sona xanım hər iki teatrda çalışmağa məcbur idi. Çünki aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona xanımın səsini  o qədər bəyənmişdi ki, daim onun istedadından istifadə etmək istəyirdi. Sona Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm maraqla qarşılanırdı. 

Opera səhnəmizin ilk Leylilərindən biri Sona Hacıyeva eyni zamanda Opera və Balet Teatrında da çıxış etmək məcburiyyətində qalırdı, çünki o dövrdə aktrisa tapılmırdı. Hüseynqulu Sarabski Sona Hacıyevanın aktrisalıq məharətini və səsini çox bəyənmişdi. Sona Hacıyevanın yaratdığı Leyli, Əsli, Asya, Şahsənəm obrazları maraqla qarşılanırdı. Sona Hacıyevaya qədər operada qadın rollarını ancaq kişilər oynayırdılar. Bu səbəbdən də Üzeyir Hacıbəyov, Müslüm Maqomayev çalışırdılar ki, geniş yaradıcılıq imkanlarına malik Sona Hacıyeva daim opera səhnəsində çıxış etsin. Amma o dövrdə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan teatr tarixinin bütövlükdə inkişafı Sona xanımın həm opera, həm də dram teatrı səhnələrində müntəzəm çıxışını zərurətə çevirmişdi. Sona Hacıyeva əgər bir tərəfdə muğam oxuyurdusa, digər səhnədə dramatik obraz yaradırdı və yaxud komik surətə çevrilirdi. Bir-birinin ardınca müxtəlif səpkili, müxtəlif xarakterli obrazlar yaradan Sona Hacıyeva bütün bunların öhdəsindən isə o, məharətlə gəlirdi.

İstedadlar ailəsi 

Sona xanımın anası Əzizə xanım Məmmədova Azərbaycan teatrının ilk milli professional aktrisalarandan olmuşdur.  Əzizə xanımın atası Azərbaycanın ilk Bülbülü olan məşhur Şuşa xanəndəsi Əbdülbaqi Kərbəlayi Əli oğlu Zülalov idi. Əbdülbaqi öz məlahətli səsi, şaqraq zəngulələri ilə elə bir şöhrət qazanmışdı ki, onu Qarabağda öz adı ilə yox, məhz Bülbülcan kimi tanıyırdılar. Onun qardaşı oğlanları Əli və Qəmbər Zülalovlar da məşhur opera artistləri olmuşlar. Görkəmli musiqişünas F.Şuşinskinin qeyd etdiyi kimi, Zülalovlar ailəsi Azərbaycan incəsənət tarixində “istedadlar ailəsi” kimi tanınmışdır. 

Bülbülcan Tiflisdə yaşayarkən 1892-ci ildə bu ailədə dünyaya gələn Əzizə Əbdülbaqi qızı, yəni Sona xanım Hacıyevanın anası da uşaqlıqdan musiqiyə, sənətə bağlı olub. 

1919-cu ildə ailə Bakıya köçdükdən sonra musiqiyə və ümumiyyətlə, incəsənətə olan böyük marağı Əzizə xanımı Əbilov, sonra da Əli Bayramov adına qadın klublarına gətirir. O, səhnə fəaliyyətinə də elə bu klubun dram kollektivlərində başlayır. Qızı Sona ilə səhnəyə çıxaraq ana-bala “Axşam səbri xeyir olar” tamaşasında Gülcamal və Çimnaz rolunda çıxış edirlər. O, iştirak etdiyi tamaşalarda müxtəlif səciyyəli, xarakterli səhnə obrazları yaradır. 

Əzizə Məmmədova həm də ilk azərbaycanlı  kinoaktrisalardan biri idi. Bir çox filmlərdə çəkilən aktrisanı çağdaş Azərbaycan tamaşaçısı daha çox 1955-ci ildə “Azərbaycanfilm”də  istehsal olunan “Görüş” filmindəki  Əzizə obrazı ilə xatırlayır. Oğlu tənbəl Kamili hər vəchlə müdafiə edən, onu ətrafdakıların tənəsindən qorumağa çalışan Əzizə ana rolunu məharətlə ifa edən Əzizə Məmmədova filmdə milli koloritli qadın obrazı yarada bilmişdir. 

Bax bütün bu münbit mühit, böyüdüyü ailə həmişə Sona xanım üçün bir stimul olub. Anası Əzizə Məmmədovanın teatra bağlılığı qızına da sirayət edib. Gənc qızın səhnə qabiliyyətini, istedadını hiss edən o dövrün görkəmli aktyorlarından Mirzəağa Əliyev və Hacıağa Abbasov Sona Hacıyevanı əvvəlcə Bakı İşçi Teatrına dəvət ediblər.

1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edir. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlir. Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında müxtəlif obrazlar yaradır. 

Sona Hacıyeva ömrünün sonuna kimi Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın klassik dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə də dünya dramaturqlarının əsərlərində müxtəlif obrazlar yaratmışdır. Görkəmli  dramaturqların əsərlərində müxtəlif obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva dövrünün görkəmli teatr xadimləri ilə tərəf-müqabil olmuşdu. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifeylərlə nəinki bir səhnədə, həm də eyni tamaşada məharətli oyun nümayiş etdirmək çətinliyi qədər də şərəfli idi. 

Rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevirdi. O, tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və düzgün seçirdi. Bu səbəbdən də gənc aktrisanın yaratdığı obrazlar inandırıcı təsir bağışlayırdı.

İkinci Dünya müharibəsi zamanı həmkarları ilə birlikdə cəbhədə azərbaycanlı əsgərlərin yanında olan Sona xanım məlahətli səsi və xoş avazı ilə döyüşçüləri qələbəyə ruhlandırardı. Tamaşadan-tamaşaya Sona Hacıyevanın yeni yaradıcılıq imkanları üzə çıxardı. Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyevanın sənətkaklığı bugünkü gəncliyə nümunədir. 

Sona Hacıyevanın Azərbaycan kino sənətinin inkişafında da xidmətləri olmuşdur. 

Mürəkkəb bir zamanda səhnəyə gələn, 200-dən artıq müxtəlif rollar yaradan, həm lirik, həm də komik obrazların mahir ifaçısı Sona Hacıyeva Azərbaycan kino sənətinin də inkişafına öz töhfəsini vermişdir. “Bəxtiyar”, “Sevimli mahnı”, “Qızmar günəş altında”, “O olmasın, bu olsun”, “Səhər” filmlərinə çəkilən Sona Hacıyeva milli kinomuzun tarixində diqqətəlayiq xidmətlərin sahibidir.

Onun ən çox sevilən rolu isə “Bəxtiyar” filmində yaratdığı Zəhra obrazıdır. 

Tamaşaçıların sevimlisi olan aktrisanın əməyi yüksək qiymətləndirilmişdir. 

Sona Hacıyeva 24 aprel 1933-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, “Şərəf nişanı” ordeni və başqa medallarla təltif edilmişdir.

Yaratdığı obrazlarla səhnəmizə yeni nəfəs gətirən Sona xanım Hacıyeva 4 dekabr 1979-cu ildə Bakıda vəfat etmişdir.

Məkanı cənnət olsun.

Nurlanə Əliyeva,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq