Noyabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Mia.az president.az saytına istinadən xəbər verir ki, İlham Əliyev səfərin əhəmiiyyətinə diqqət çəkib:
"Əminəm ki, bu səfərin çox yaxşı nəticələri olacaq. Biz ikitərəfli münasibətlərə aid məsələləri sizinlə hələ dünən müzakirə etməyə başladıq. Bu gün müzakirələri davam etdirdik, indi nümayəndə heyətlərinin iştirakı ilə işimizi davam etdirəcəyik. Biz ikitərəfli münasibətlərimizi çox yüksək qiymətləndiririk. Çox ümid edirik ki, həmin münasibətlər bundan sonra da fəal inkişaf edəcək və dərinləşəcək. Artıq bir neçə dəfə yüksək səviyyədə qarşılıqlı rəsmi səfərlərimiz olub. Qarşılıqlı siyasi əlaqələrimiz, siyasi məsləhətləşmələrimiz çox fəaldı".
İlham Əliyev bildirib ki, son bir neçə ildə Belarus-Azərbaycan münasibətləri möhkəmlənib, çox yüksək səviyyəyə çatıb: "Biz iqtisadi əlaqələrdə, sənaye istehsalı sahəsində, humanitar sahədə, energetika sahəsində yaxşı nəticələr əldə etmişik. Lakin ən başlıcası, son illərdə fəal qarşılıqlı əlaqələr bizi bir-birimizə o dərəcədə yaxınlaşdırmışdır ki, artıq nəinki regionda, həm də bütün dünyada Belarus və Azərbaycanı çox yaxın, dost ölkələr hesab edirlər.
Bizim münasibətlərimizin əsasını səmimiyyət, qarşılıqlı hörmət, qarşılıqlı dəstək təşkil edir. Biz bu baza üzərində sanballı münasibətlər qurmuşuq. Bu gün bizim müəssisələr arasında əlaqələr genişlənir, investisiya layihələri, sənaye istehsalı ilə bağlı layihələr həyata keçirilir, təcrübə mübadiləsi aparılır. Başqa sözlə desək, bizim münasibətlərimiz tamdəyərli xarakter daşıyır. Əlbəttə, Belarus Prezidentinin Azərbaycana səfəri bu münasibətlərə yeni təkan verəcəkdir. Bu gün imzalayacağımız sənədlər də daha fəal əməkdaşlığımıza, bir-birimizi dəstəkləməyə, bir-birimizə kömək etməyə və birgə işləməyə kömək edəcəkdir".
Görüşdə çıxış edən Belarus prezidenti Lukaşenko da çıxış edib:"Hörmətli İlham Heydər oğlu, mən ilk növbədə dövlətlərimiz arasında yaranan, bizim səfərlərimizdən başqa vaxtlarda da özünü göstərən səmimiyyətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, təbiidir. Yəqin ki, bu, ümumiyyətlə, Sizin xalqın milli xarakterinə və bu xalqın bir hissəsi kimi Sizə də xas olan cəhətdir. Bizim nümayəndə heyətini, məni və ümumiyyətlə, Azərbaycanda belarusları həmişə səmimiyyətlə qəbul etdiyinizə görə sağ olun. Güman edirəm ki, bizim ölkədə Sizin xalqın, Sizin millətin nümayəndələrinə münasibət mənasında Sizin də bizə qarşı heç bir narazılığınız yoxdur və ola da bilməz. Buna görə çox sağ olun.
Siz düzgün dediniz ki, bizim iki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranmışdır. 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrimizin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı altı dəfə artmışdır. Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyildir. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür, bizim bu həcmi artırmağa imkanımız vardır. Bu problemi Sizinlə indicə müzakirə etdik - bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız vardır. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir. Bu artıq müştərək istehsalat deməkdir. Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik.
İlham Heydər oğlu, bizim mütəxəssislər hökumətlərarası komissiya çərçivəsində sənaye kooperasiyası üzrə işçi qrupu yaradılması barədə fikirləşməyi təklif edirlər. Təkbətək söhbətimizdə Siz bu barədə çox danışmısınız".
***
Dövlət başçısı çıxışında iki ölkə arasında əmtəə dövriyyəsini artırmaq üçün çox yaxşı perspektivlərin olduğunu qeyd edib: "Əmtəə dövriyyəsinin artmasına baxmayaraq, o, təbii ki, bizim potensialımızı hələ tam əks etdirmir. Biz birgə istehsalatlar yaradılması istiqamətində də fəal iş aparırıq. Dünən Belarusun Azərbaycandakı səfirliyinin yeni binasının açılışı zamanı Belarus tərəfinin dəstəyi ilə Azərbaycanda istehsal olunmuş texnika nümayiş etdirildi. Bu, bizim müəssisələr arasında istehsal əlaqələrinin necə fəal inkişaf etməsinə əyani sübutdur. Çox sevindirici haldır ki, prezidentlər kimi bizim qəbul etdiyimiz bütün qərarlar vaxtında və keyfiyyətlə həyata keçirilir”.
Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan-Belarus münasibətlərinin əsasında çox böyük qarşılıqlı etimad dayanır: "Biz bir-birimizə inanırıq, etibar edirik. Biz bir-birimizin sözlərinə inanırıq. Ona görə ki, bizim sözlərimizlə əməllərimiz arasında ayrılıq yoxdur, hətta bəzən bizim razılaşmaları imza ilə rəsmiləşdirməyə ehtiyac olmur. Hərçənd, bu gün imzalanmış mühüm sənədlər ölkələrimizin və xalqlarımızın bundan sonra da yaxınlaşmasına, münasibətlərimizin əvvəlki kimi dinamik inkişaf etməsinə şərait yaradacaq. Bizim qarşılıqlı etimadımız elə səviyyədədir ki, hər hansı məsələnin həlli üçün sadəcə söz verməyin və ya vəd etməyin kifayət olduğunu güman etməyə haqqımız var. Mənim fikrimcə, əlaqələrimizi səciyyələndirən cəhətlər qərarlar qəbul etmək, həmin qərarların yerinə yetirilməsinə nəzarət, habelə çox müsbət qarşılıqlı münasibətlər mexanizmidir. Ciddi məzmun kəsb edən bu münasibətlər çox sahələri əhatə edir”.
Dövlət başçısı təhsil sahəsində, humanitar sahədə, elm, yüksək texnologiyalar, kənd təsərrüfatı, istehsalat, hərbi-texniki əməkdaşlıq, energetika sahələrində mühüm məsələlərin müzakirə edildiyini bildirib: "Görürsünüzmü, təkcə bu istiqamətlərin sadalanması çox şeydən xəbər verir və hər bir istiqamət üzrə yaxşı nəticələr, konkret layihələr, proqramlar var”.
"Biz prezidentlər tərəfindən qəbul edilmiş qərarların icrasını gələcəkdə də daim nəzarətdə saxlamaq niyyətindəyik və bu gün ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlərini müəyyən etmək barədə də razılaşdıq. Artıq yaxşı nəticələr əldə edilmiş sahələrdə səylərimizi artırmalı, yeni istiqamətləri fəallaşdırmalıyıq. Məhz investisiya imkanlarını, Belarusda özəlləşdirmədə Azərbaycan müəssisələrinin iştirakını, habelə birgə istehsal edilmiş məhsulların üçüncü ölkələrin bazarlarına birgə çıxarılması məsələlərini ikitərəfli münasibətlərimizin yeni mövzuları kimi müəyyən etdik. Zənnimcə, biz bu yeni istiqamətlərdə də çox müsbət məqamlar tapacağıq. Biz çalışacağıq ki, bu yeni istiqamətlər ikitərəfli münasibətlərin geniş gündəliyinin tərkib hissəsinə çevrilsinlər”, deyə prezident vurğulayıb.
Prezident İlham Əliyev Belarus prezidentinin Azərbaycana səfərinin nəticələrindən çox məmnun olduğunu deyib: "Dünən biz birgə işə başladıq, çox geniş fikir mübadiləsi apardıq, həm ikitərəfli, həm də regional münasibətlərlə bağlı çox mövzulara toxunduq. Bizim aramızda yaxşı qarşılıqlı anlaşma var. Qarşılıqlı dəstək səviyyəsi çox yüksəkdir. Ən başlıcası, bütün istiqamətlər üzrə münasibətlərimizi bundan sonra da fəal inkişaf etdirmək əzmindəyik”.