AŞPA-nın sabiq sədri prezidentlərin görüşündən danışdı – MÜSAHİBƏ

img

19-11-2013 [16:29]


Avropa Şurası Parlament Assambleyası (AŞPA) sədrinin xüsusi nümayəndəsi, təşkilatın sabiq sədri, Türkiyə-ABŞ Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Mövlud Çavuşoğlunun Publika.Az-a eksklüziv müsahibəsi:

- Bu gün Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında növbəti görüşü keçiriləcək. Bu görüşdən gözləntiləriniz nədir?

- Bilirsiniz, indiyədək aparılan bütün səylərə baxmayaraq hər hansı ciddi irəliləyiş və nəticə əldə olunmayıb. Artıq konkret addımlar atılmasını gözləyirik. Yəni, bu məsələ ilə bağlı ABŞ və Rusiyanın daha ciddi fəaliyyət göstərməsini və ATƏT-in Minsk qrupunun münaqişənin həllində məsuliyyətli olmasını, üzərilərinə düşən vəzifələri icra etməsini istəyirik. 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər şey göz qabağındadır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının da müvafiq qətnamələri mövcuddur. İndi bu qərarların tələblərinin həyata keçirilməsi lazımdır. Doğrudur ki, görüşlərin və dialoqun keçirilməsi vacib əhəmiyyət daşıyır. Ancaq bununla yanaşı konkret nəticələrin əldə olunmasını gözləyirik.

- Bəs Türkiyə münaqişənin tezliklə həlli istiqamətində hansı addımları ata və təklifləri irəli sürə bilər?

- Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışıb və bu indi də davam edir. Çünki Azərbaycanın hər bir məsələsi bizim məsələmizdir. Türkiyə və Azərbaycan bir millət, iki dövlət olduğu üçün, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli bizim üçün də çox vacibdir.

Bu məsələ Türkiyə üçün hər zaman önəmli məsələ olub və bundan sonra da önəmli olacaq. Hətta, Türkiyə Ermənistan tərəfi ilə birgə protokollara imza atdığı zaman belə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması şərtini irəli sürüb. Ona görə də bu məsələ bizim üçün hər zaman böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı da bu məsələyə bir daha toxunuldu, qarşılıqlı görüşlər və müzakirələr keçirildi və Türkiyə üçün əhəmiyyəti vurğulandı.

- Mövlud bəy, sizin fikirləriniz və açıqlamalarınız əksər vaxtı Ermənistan mediasında birmənalı qarşılanmır. Buna münasibətiniz bilmək istərdik...

- Çox təəssüf ki, Ermənistan mediasının bir qismi oyun oynayır. Yəni, həmin media obyektiv fikir bildirən insanları qəbul etmək istəmir. Mən isə hər zaman obyektiv insan olmuşam, AŞPA-ya sədrliyim dövründə də obyektiv oldum, hətta buna görə beynəlxalq ictimaiyyətin təşəkkürünü də qazanmışam.  Amma çox təəssüf ki, Ermənistan tərəfi bu obyektivlikdən narahatdır. Bunun da səbəbləri hər kəsə bəllidir. Mən Ermənistan mediasında haqqımda yayılan məlumatların heç birini ciddi qəbul etmirəm.

- Yaxın zamanlarda Azərbaycana gəlməyi planlaşdırırsınız?

 - Bəli, İnşallah Azərbaycana dekabr ayında səfər etməyi düşünürəm. Ancaq hələlik dəqiq tarixi bəlli deyil. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA