BAXCP hökumətə çağırış etdi

img

18-11-2013 [14:33]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) növbəti iclası keçirilib. MİA-ya daxil olan məlumata görə, İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ 2014-sü ilin büdcə layihəsi ilə bağlı olub. BAXCP İdarə Heyətinin üzvləri ölkə üçün strateji əhəmiyyət daşıyan bir sıra istiqamətlərə ayrılan vəsaitlərin mövcud reallıqlara uyğun gəlmədiyini vurğulayıblar. Qeyd olunub ki, 2014-sü ilin dövlət büdcəsi layihəsində müdafiə xərcləri adı altında bu sahəyə cəmi 1,6 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. BAXCP İdarə Heyəti bu vəsaitin torpaqları işğal altında olan bir ölkə üçün həddən artıq az olduğunu bəyan edib və hökuməti dövlət büdcəsində müdafiə xərclərini 20-22 faizədək artırmağa çağırıb.

BAXCP İdarə Heyəti büdcə layihəsində vətəndaş cəmiyyəti quruculuğu prosesinə verilən dəstəyin də artırılmasını mühüm sayır. BAXCP İdarə Heyəti hesab edir ki, hökumət təkcə ölkənin iqtisadi inkişafı barədəsində deyil, həmçinin vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi haqqında da düşünməli və bu prosesə dəstəyini artırmalıdır. BAXCP qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və siyasi partiyalara dövlət tərəfindən maliyyə vəsaiti ayrılmasını mühüm addım kimi qiymətləndirir və hesab edir ki, 2014-cü ilin dövlət büdcəsində sadalanan istiqamətlərə ayrılan vəsait bu sahələrdə fundamental irəliləyişə nail olmaq üçün yetərli deyil və əhəmiyyətli dərəcədə artırılmalıdır.

BAXCP İdarə Heyəti büdcədən maliyyəşən sosial qruplar arasında ən aztəminatlı olan həkimlərin və müəllimlərin əmək haqlarının artırılmasını da vacib hesab edir. BAXCP Azərbaycan hökumətini bu sahədə mövcud olan problemlərin həlli üçün güc strukturlarının tərkibindəki ixtisaslaşdırılmış akademiyalar istisna olmaqla bütün ali və orta ixtisas təhsil müəsisələrini və səhiyyə obyektlərini özəlləşdirməyə, təhsil kreditlərinin verilməsi və icbari tibbi sığortanın tətbiqi ilə bağlı təxirəsalınmaz addımlar atmağa çağırıb.

İdarə Heyətinin toplantısında BAXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Ali Məclisin növbəti iclası dekabrın 1-də, saat 11:00-da BAXCP-nin mərkəzi mənzil qərargahında keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA