SOCAR Ukraynanın Lvov şəhərinin sakinlərinə fontan hədiyyə edib

img

26-10-2020 [22:39]


Ukraynа-Azərbaycan arasında dostluq münasibətləri bu gün iqtisadi müstəvidə də inkişaf etməyə davam edir.

Mia.az xəbər verir ki, bu yaxınlarda Ukraynanın Lvov şəhərinin qədim hissələrindən birində - Solomiya Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Bale Teatrının qarşısındakı meydanda test rejimində fəvvarə işə düşüb.

Bu, Ukraynada fəaliyyət göstərən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) korporativ sosial məsuliyyəti çərçivəsində Lvov sakinlərinə və şəhərin qonaqlarına hədiyyəsi olub.

Lvovda opera teatrının qarşısındakı meydan və fəvvarənin bir ildən artıq davam edən yenidənqurması başa çatıb. Bu müddətdə 10 il bundan əvvəl qurulmuş köhnə fəvvarə demontak edilmiş, yeni texnologiyalara əsaslanan quru fəvvarə layihəsi hazırlanaraq həyata keçirilib. SOCAR-ın xeyriyyə fondu bundan əvvəl Kiyevdə Heydər Əliyev Parkı, İrpendə Dostluq Parkı kimi mədəni-memarlıq layihələrini də maliyyələşdirmişdir. Lvovda köhnə meydanın demontaj xərclərini isə şəhər meriyası ödəyib.

Layihənin əsas məqsədi opera teatrının baş fasadının memarlıq xüsusiyyətlərini nəzərə çarpdırmaqla meydanı müasir və maraqlı bir yerə çevriməkdən ibarət idi. Memarlar qeyri-adi forma seçmişlər. Meydan boynu opera teatrına tərəf uzanmış skripka formasını alıb. Layihənin daha bir xüsusiyyəti ondan ibarətdir ki, fəvvarənin şırnaqları Ukrayna və Azərbaycan bəstəkarlarının məşhur simfonik əsərlərinin musiqisi ilə eyni taktda axır. Günün qaranlıq vaxtlarında fəvvarə RGB LED lampaları ilə işıqlandırılır ki, bu da yaratdığı effektlə yanaşı, həm də şəhər üçün iqtisadi cəhətdən sərfəlidir.

Hazırda fəvvarə test rejimində işləyir. Lakin şəhərin sakinləri və qonaqları artıq ondan zövq alırlar. Lvov sakinlərindən biri deyir: "Mən heyran olmuşam. Biz şəhərimizdə belə bir sənət əsərinin yaranmasından çox məmnunuq. Bütün ailəmiz fəvvarədən zövq almaq üçün buraya gəlib. SOCAR-a çox minnətdarıq. Məncə hər bir Lvov sakini adından təşəkkür edə bilərəm. Bu cür addımlar sübut edir ki, həqiqətən də insanların rahatlığını fikirləşən təşkilatlar var".

Soyuqlar düşəndə fəvvarə söndürüləcək və şəhər tədbirlərinin keçirilməsində istifadə oluna biləcək piyada zonasına çevriləcək. Fəvvarənin rəsmi açılışı 2021-ci ilin baharına planlaşdırılır.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR