Müsavatda gənclər arasında növbəti seçki qarşıdurması

img

18-11-2013 [11:00]


Xəbər verdiyimiz kimi, dünən Müsavatçı gənclər öz liderlərini seçmək üçün növbəti dəfə səs veriblər. Tural Abbaslıdan sonra Müsavatçı gənclər bu dəfə Əhliman Abbası yeni sədr seçiblər. Bu posta digər namizəd isə Rüfət Hacıbəyli olub.

Seçkinin nəticələri elan olunandan sonra qarşı tərəfi dəstəkləyənlər səsvermənin obyektiv olmadığı barədə sosial şəbəkədə müzakirələrə başlayıblar.

"Qafqazinfo” seçki prosesinində iştirak edənlərin səsləndirilən iddialara müanasibətini öyrənib.

Müsavat Gənclər Təşkilatının keçmiş sədri Tural Abbaslı"Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, Gənclər Təşkilatının işinə qarışmır: "Sədri onlar özləri seçirlər. Mən seçkini müşahidə edirdim. Normal keçdi. Qeyri-adi bir şey görmədim. İlkin rəyə əsasən seçkinin nəticəsini obyektiv hesab edə bilərəm. Təbii ki, seçkinin nəticəsindən qarşı tərəfin şikayəti varsa, araşdırılması üçün Müsavat Partiyasının qurumlarına müraciət edə bilər. Hər iki gənc müsavatçıdır. Əgər şəxsi fikirlərdən söhbət gedirsə, mən Rüfət Hacıbəylinin sədr seçilməsini istəyərdim. Çünki onu illərdir tanıyıram. Amma aydındır ki, yaşımla əlaqədar mən səsvermədə iştirak edə bilməzdim. Ancaq Rüfət seçilmədisə, seçilmiş olan yeni sədr Əhliman Abbasla yenə işləyəcəyik”.

Gənclər Təşkilatın üzvü Nərgiz Yaqublubildirb ki, o, seçkilərdə həm müşahidəçi, həm də aparıcı olub: "Aydındır ki, məğlub olan tərəf ola bilsin ki, bunu özünə sindirə bilməsin. Hər iki tərəfdən birlikdə 6 nəfər Say Komissiyası var idi. Mən müşahidə edirdim. Səslərin sayılması prosesində heç bir pozuntu olmadı. Şəffaf və demokratik seçki keçirildi. Rüfət Hacıbəylinin say komissiyasının üzvləri də səsvermənin nəticəsini təsdiqlədilər. Gənclər facebookda yazışır ki, səsvermənin nəticəsinə təzyiqlər olub. Seçkilərdə iştirak etmək üçün əvvəlcədən razılaşdırılmış siyahıda 316 nəfər var idi. Amma seçkidə 166 nəfər iştirak edib. Siyahıdan kənara çıxma halı olmayıb. Rüfət Hacıbəyli tərəfdən Say Komissiyasında Orxan Əyyubzadə, Şamil Beydulla, Cavanşir Abbasov, Əhliman Abbas tərəfindən Say Komissiyasında isə Tural Hacıbəyli, Nəcmi Davudzadə, Elnur Əsgərov iştirak edirdilər”.

"Qafqazinfo” hər iki tərəfin Say Komissiyasının üzvlərindən biri ilə əlaqə saxlayıb.

Rüfət Hacıbəyli tərəfdən Say Komissiyasının üzvü olmuşŞamil Beydullabildirib ki, səsləri sayaraq seçkinin nəticələrini elan ediblər: "Seçkilərin nəticəsi tam obyektiv idi. Burada Müsavat Gənclər Təşkilatı qalib gəldi. Təbii ki, uduzan tərəfdə müəyyən narahatçılıq olacaq. Bu da məlum olan bir məsələdir”.

Yeni sədr Əhliman Abbasın Say Komissiyasının üzvü olmuşTural Hacıbəyliqeyd edib ki, Müsavatda ədalətli şəffaf seçkilər keçirildi: "Müşahidəçilər də bunu gördülər. Hər şey videolentə alınıb. Seçkidən sonra danışan şəxslərin də dedikləri videolentə alınıb. Kimin nəticədən narazılığı varsa, partiyanın müvafiq qurumlarına müraciət edə bilər”.

Seçkidə Əhliman Abbasın rəqibi olanRüfət Hacıbəyli"Qafqazinfo”ya bildirib ki, bu barədə son dəyərləndirməsini bir qədər sonra açıqlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA