Elə suallar var ki, bir yox, bir neçə cavab tələb edir. "Mentalitet nədir?" sualına cavablardan biri də mənə görə belədir: "Mentalitet - cəmiyyətin inkişafına mane olan yazılmamış qanunlar yığnağıdır".
İstənilən problemli quruluş, xalqın etimadını itirmiş, xalqın etimadını itirməkdə olan hakimiyyət milliliyi, ibtidailiyi təbliğ edir. Belə quruluşlara mütləq xarici duşmən lazımdır ki, bütün problemləri onların üstünə atsınlar. Səsini çıxarana, ifadə azadlığı tələb edənlərə "vətən dardadı, indi vaxtı deyil",- deyə bilsinlər.
Son illərdə meyxananın,əmuğamın, ibtidailiyin kəskin təbliğ olunması heç də təsadüfi deyil. Mentalitet gücə yaltaqlanmağa meyllidir. Elastikdir. Mentalitet gücə yaltaqlanmağı asanlıqla əsaslandırmağı bacarır. Özündən vəzifəcə böyüyə, pulluya yaltaqlanıb adını da "hörmət edirəm" qoyacaq. Bəşəri dəyərlər, insaniyyətlik qalır kənarda, insanlar öz münasibətlərini ibtidai qaydalarla tənzimləyirlər. Nəticədə abstrakt qeyrət anlayışı demokratiya, inkişaf, tərəqqi anlayışlarından irəli çıxır. Belə olduğu halda bir çox insanlar qeyrətli olmağı demokratiya uğrunda mübarizə aparmaqdan, öz haqlarını tələb etməkdən daha üstün tuturlar. Çünki indiki vəziyyətdə qeyrətli olmaq həqiqi vətəndaş olmaqdan daha asan başa gəlir. Bir qa-dının qeyrətini çəkməklə, ona nəzarət etməklə, arada zəng edib qadının harda olduğunu soruşmaqla bir kişi kimi məsuliyyətdən azad olduğunu düşünürlər. Sanki daha ölkədə heç bir problem yoxdur, hər şey qaydasındadır. Doğurdan da, necə də asandır. Bir qadın vasitəsiylə kişi olduğunu bütün aləmə sü-but edə bilərsən. Bununla bərabər rüşvət almaq, baş verənlərə göz yummaq da olar. Üstəlik, öz əməllərinə "bacarana can qurban",- kimi sözlərlə haqq qazandırıb, başqalarını da həvəsləndirə bilərsən.
Mentalitet şəxsən mənə bir az xoşbəxt olmağa imkan vermədi. Bu ölkədə iki bir-birini istəyən adam bir yerdə yaşamaq qərarı verdisə, əlli milyonluq Azərbaycan xalqı birləşərək bütün güclərini səfərbər edib, onlara mane olacaqlar. Biri deyəcək, burda mənim anam-bacım yaşayır və s. Yaxud hansısa rayona təmiz hava almağa gedəcəksən, oteldə səndən nikah kağızı tələb edəcəklər. Halbuki beş-altı kişi bir otaqda rahat qala bilər və qalırlar da... Bir kişinin və bir qadının bir otaqda qalması isə qıcıq doğurur. Əslində tərsinə olmalıdır.
Hər kəs bacardığı qədər başqasının həyatına müdaxilə edir. Ev tapırsan, qız tapılmır, qız tapırsan, ev tapılmır. Nəticədə hərə bir tərəfdə əzab-ziyyət çəkir. Gərginlik, aqressiya, başqasının münasibətinə xələl gətirmək vərdiş halını alır. Sanki bu adamların yaşadığı ölkədə səhiyyə, ordu, təhsil bərbad gündə deyil. Gedib öz haqlarını tələb etmək, bir vətəndaş kimi ölkədə baş verən hadisələrə münasibət bildirmək əvəzinə binanı, məhəlləni "çujoy"dan qoruyurlar. Adamları güdürlər. Doğurdan da yaşadığın binanın qeyrətini çəkmək bir ölkənin qeyrətini çəkməkdən qat-qat asandır.
Qeyrəti demokratiyadan üstün tutanların anlayışına görə, əgər iki adam bir yerdə yaşamaq istəyirsə, onlar mütləq xalqın diqtə etdiyi rituallara, adətlərə əməl etməlidirlər. Nişan, xınayaxdı, toy, boz və mənasız məclislər... Təəssüf ki, bu rituallara əməl edib xoşbəxt olmaq mümkün deyil. Saxtakarlıqla müşahidə olunan bu boz məclislər, bu iyrənc adət-ənənələr, xınayaxdı, nişan, cehiz adı qoyulmuş bu talançılıq ən təmiz ürəkləri, ən saf sevgiləri belə murdarlamağa qadirdir.
Onsuz da həyat fanidi. Biz çox ağır şərtlər altında yaşayırıq. İmkan vermirlər ki, bir-birini qiymətləndirən, bir-birini sevən iki adam rahat yaşasın. Həmən böyük bir insan ordusu hərəkətə keçərək, bütün qüvvələrini sevən iki şəxsə qarşı səfərbər edirlər. Mütləq onları öz oyunlarına çəkirlər. Oyunun nəticəsi isə budur: "Siz mütləq bədbəxt olmalısınız".
Misima deyir: "Xoşbəxtlik məlum olduğu kimi, tez xarab olan ərzaqdır, onu yoxa çıxmamış həzm eləmək lazımdır".