Seymur Verdizadə
***
Onun nömrəsini telefonun ekranında görəndə, əməlli-başlı narahat oldum: "İşi düşməsə, zəng etməz. Görəsən, yenə ağlına hansı fantastik ideya gılib?"
Hal-əhval tutmağa lüzum görməyib, birbaşa mətləbə keçdi: "Hardasan? Təcili görüşməliyik".
Nə baş verdiyini soruşdum. Həvəssiz cavab verdi: "Telefon söhbəti deyil. "Şəlalə" restoranına gəl. Orda danışarıq".
Həyatda belə təsadüflər nadir hallarda baş verir. Onun nahar etdiyi məkanla mənim olduğum yerin arası 200-250 metr idi. Cəmi beş dəqiqə sonra üz-üzə əyləşmişdik...
İsti mərcimək şorbasından bir qaşıq yeyib, ac olub-olmadığımı soruşdu. Təşəkkür edib, onu dinləməyə hazır olduğumu bildirdim. Əlindəki qaşığı kasanın içinə qoyub, söhbətə başladı: "Yəqin xəbərin var, Türkiyə Suriyanın şimalındakı terrorçulara qarşı mübarizəyə başlayıb. Biz bu prosesdən kənarda qala bilmərik".
Başımla yeməyinə davam etməsinə işarə edib, belə cavab verdim: "Mehmetciyin sağ-salamat yurda dönməsi üçün hər gün dua edirəm".
Soyumaqda olan şorbadan bir qaşıq içib, söhbətinə qaldığı yerdən davam elədi: "Bununla iş bitmir. QHT rəhbərlərinin, jurnalistlərin, tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana müraciət hazırlayırıq. Sən də bu müraciəti imzala".
Səbr kasam yavaş-yavaş dolurdu. Səsimi azca yüksəltdim: "Axı siz nə istəyirsiniz? Müraciətdə nə yazılıb?"
Əsəbləşdiyimin fərqinə varmayıb, həvəslə izahat verməyə girişdi: "Ərdoğandan xahiş edəcəyik ki, Türkiyə Ordusunun saflarında Suriyada vuruşmağımıza icazə versin. Artıq 50 nəfər müraciətə imza atıb. Onların arasında 17 qadın var. İstəyirik ki, mətnin altında ən azı 100 nəfərin imzası olsun".
Həmsöhbətimin bioqrafiyasına yaxşı bələd olduğum üçün bu sualı verməkdən özümü saxlaya bilmədim: "Sən əsgərlikdə olmusan?"
Əlindəki qaşıq kasanın içinə düşdü. Şorbanın suyundan bir neçə damcı sıçraylb, onun ağ köynəyinə ləkə saldı. Udqunub, nəsə demək istəsə də, ağzını açmağa imkan vermədim: "Sovet hökuməti dağılanda 21 yaşın vardı. Atan zərgər olduğu üçün pul töküb, əsgərliyə getməyinə imkan vermədi. İki metrə yaxın boyun olsa da, Qarabağ nüharibəsində də iştirak etmədin. Sən avtomatı ancaq filmlərdə görmüsən. Məsləhətim budur ki, qəhrəman türk əsgərinin əlinə-ayağına dolaşmayın".
Rəng alıb, rəng verdi. Məndən beş yaş böyük olduğu üçün ona həmişə hörmətlə yanaşmışam. Bu cür sərt reaksiya verəcəyimi gözləmədiyi üçün çaşıb qalmışdı, nə deyəcəyini bilmirdi. Handan-hana əsl niyyətini açıqladı: "Ay qardaş, heç kim bizi müharibəyə aparan deyil. Bu müraciət bizə reklamımız üçün lazımdır. Tərslik eləmə, sən də imza at".
Dilimin ucuna qədər gələn sözləri geri qaytara bilmədim: "Mən 26 ildi doğulduğum kəndə gedə bilmirəm. Adama deyərlər ki, müharibə istəyirsənsə, get öz kəndini, öz rayonunu işğaldan azad elə..."
Sifətinə süni ifadə verib, belə dedi: "Suriyadakı terrorçuların axırına çıxaq, sonra ermənilərin də dərsini verəcəyik".
Deməyə sözüm qalmamışdı. Ayağa qalxanda, pencəyimin ətəyindın yapışıb, mane olmaq istədi. Bu vaxt əlindəki qaşıq yerə düşüb, əcaib cingilti qopardı. Qonşu masada əyləşən müştərilərin eşitməməsi üçün ağzımı onun qulağına yapışdırdım: "Avtomat tutmaq üçün əvvəlcə qaşıq tutmağı öyrənmək lazımdır!".