Bu
gün daha bir jurnalist azadlığa çıxdı.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə bir vaxtlar həftəlik qəzet kimi
fəaliyyət göstərən "Lider-Media" qəzetinin həbsdə olan jurnalisti
Nizami Hacıyev vaxtından əvvəl azadlığa buraxılıb.
Xatırladaq
ki, sözügedən jurnalist bir sıra tanınmış KİV-lərdə çalışıb. Onun həbsi Əhmədli
qəsəbəsində yerləşən "Ülvi" kafesi ətrafında baş verən hadisələrlə
bağlı olub. Həmin ziddiyyətli cinayət işində bir neçə vəzifəli şəxsin, millət
vəkillərinin, jurnalistlərin adları
hallanırdı. Maraqlıdır ki, bu cinayət işində məhkəmənin qərarı ilə təşkilatçı
kimi tanınan Naxçıvan Muxtar Respublikasının sabiq deputatı Hacı İbrahim Cəfərovun
barəsində axtarış olsa da, o, hələ də məsuliyyətə cəlb edilməyib. Onun hazırda
Naxçıvan MR-də sərbəst şəkildə yaşadığı bildirilir.
Cinayət
işinə görə həbs edilən digər şəxs əslən Şərurdan olan tanınmış iş adamı Hacı
Novruz isə təxminən 2 ay öncə 11 saylı "zon"da dünyasını dəyişdı.
Nizami Hacıyev 2002-ci ildən həbsdədir. O, elan olunmuş ittihamları qəbul
etməyib, sonacan şərləndiyini deyib, həbsini jurnalist fəaliyyəti ilə
əlaqələndirib. Nizami Hacıyev həbsində siyasi hakimiyyətin deyil , bəzi
məmurların əlinin olduğunu öz şikayətlərində qeyd edirdi. İxtisasca şərqşunas
olan Nizami Hacıyev ailəlidir, himayəsində iki azyaşlı övladı var.
O, 4 dildə sərbəst danışır. Nizami Hacıyev ƏN Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəsissəsində saxlanılırdı. Hazırda onun azadlığa buraxılması istiqamətində hazırlıq işləri aparılır.