2018-ci il ərzində Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 17 614,1 milyon manat, büdcə xərcləri isə 11 455,6 milyon manat təşkil edib.

Bu barədə ARDNF-dən Mia.az-a verilən məlumata görə, 2018-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 433,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat olub:

"Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olmuşdur.

2018-ci il ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 959,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılmışdır. 7,2 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2018-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 1 557,3 milyon manat təşkil etmişdir.

2019-cu il yanvarın 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 7,56% artaraq 38 515,2 milyon ABŞ dollarına bərabər olmuşdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri hesabına olmuşdur".