Atif İSLAMZADƏ, Filologiya üzrə fəlsəfə doktoru


****


Şəki-Zaqatala bölgəsində mərasim folkloruna daxil olan yas mərasimlərində Allahın birliyinə inam ifadə edən belə bir ağı süjetinə rast gəlirik. 

Dəfn qabağı, vəfat edən şəxsin yuyulması mərasimində "Ölü yuyanda oxunan nəğmə” icra olunur. 

Bu mərasim aktında beş-altı nəfərdən biri oxuyur, hamı "Lailahəiləllah” deyir:

Lailahə edib düşdüm yola,

Yolda halım necə ola?

İmanınla qəbrim dola,

Lailahəilləllah.

Lailahə diyər dağlar, daşlar,

İlləllah diyər qardaşlar.

Səcdəyə enər ağaclar,

Lailahəilləllah

(mənbə:Azərbaycan Folkloru Antologiyası. XIII kitab. Şəki-Zaqatala folkloru. Tərtibçilər: İ.Abbaslı, O.Əliyev, M.Abdullayeva. Bakı: Səda, 2005, 550 s).

Bu mətndə toplumun inanc və etiqadı, Allahu-Təlanın birliyinə inamı, dünyanı tərk edənə Uca Allahın mərhəmət etməsi diləyi ilə Ona dua-yalvarış öz əksini tapır.

Eyni zamanda bu mətndə "imanınla qəlbim dola” ifadəsi ilə qəbir əzabından imana yetməklə qurtuluş inancı işarələnir.

Mətndə mərasim faktorundan əlavə diqqət çəkən məqam odur ki, burada islami dünyagörüşü öz bütövlüyü və mahiyyətəuyğunluğu ilə seçilir. 

Burada bir çox mühəddislər (hədisşünaslar), müfəssirlər (təfsir edənlər) və kütləvi dindarlar tərəfindən geniş mübahisələrə səbəb olan təfriqəçilik aradan qaldırılır, əshabi-kiram (kərəmli peyğəmbər sahabəsi) və xülafeyi-ərraşidiyyun (dörd xəlifə) cəm olaraq qəbul olunur:

Dörd mənsəbdi, dörd məqam,

Hər məqamda bir imam...

Lailahəilləllah,

Lailahəilləllah.

Bu yas nəğməsi əslində ölü üçün oxunsa da, dirilər üçün daha ibrətamizdir. Mətn geniş olduğu üçün, eyni zamanda məzmun baxımından bütünlüklə burada təqdim etmirik. 

Ancaq onu qeyd etmək istəyirik ki, mətndə sonda nəqərat yerində yalnız "Lailahəilləllah” (Allahdan başqa Allah yox) oxunmaqla və vahid inanclar sisteminin bədii-emosional inikası kimi sanki yas nəğməsindən daha çox inanc qaynağının monoton marşı olaraq nəzərə çarpır.

Mia.az