Zahid ORUC,
Millət vəkili

1812-ci ildə Böyük Vətən müharibəsinin qalibi 1-ci Aleksandr Napoleon üzərində qələbənin şərəfinə Parisdə təntənəli parad keçirir.

Bir vaxtlar Rusiya imperiyasının başçısı ilə yaxın qohum və beləliklə, müttəfiq olmaq istəyən Fransa imperatorunun məğlubiyyətində böyük əməyi olan əfsanəvi general Yermolov da dövlət əyanlarının və hərbi sərkərdələrin içərisində titullu yerini alıb. Onun rəhbərlik etdiyi silahlı birləşmələr qalibiyyət marşının sədaları altında irəliləyirlər. Lakin orkestrin səhvi ucbatından atlı süvarilərin cərgəni pozması qəzəbə səbəb olur. 

Bu vaxt Yermolov təkcə döyüş meydanında deyil, hər yerdə əsgərlərini qorumağa qadir olduğunu nümayiş etdirərək irəli çıxır və imperatoruna etirazını bildirir: "Piyadalar bura parada görə deyil, Avropanı və Vətənimizi xilas etmək üçün gəliblər”.

Generala ötkəmlik və cəsarət verən böyük tarixin və əzəmətli Qafqazın 19-cu əsrdən başlayan qanlı savaşları idi.

Aleksey Yermolov 39 yaşında əlahəzrət hökmdarın mühüm təyinatını qazanmışdı. Lakin onun konsulluq vəzifəsi çox mürəkkəb və ağır missiyanın həyata keçirilməsində yetərli sayıla bilməzdi. Çünki 2-ci Yekatrinanın taxta əyləşməsinə qədər Krım xanlığının təhlükəsindən qorunmaq üçün Rusiyaya sığınan xalqlar imperatriçanın hakimiyyətinə qarşı üsyan qaldırınca Qafqazın silahla ram edilməsi qaçılmaz oldu.

Ona görə Yermolov tamamilə yeni ordu yaratdı.Libasından qidasına, davranışından idarəçilik şərtlərinə qədər Kutuzov hərbiyyəsindən fərqlənən silahlı dəstələr silsilə dağların böyük qalalara və səngərlərə çevrildiyini nəzərə alıb, Moskvaya itaətsizlik göstərməyən ucqarları özünə tabe etdirməyin ağlasığmaz üsullarını tapdılar. Paytaxtı, nizami qoşun birləşmələri olmayan dağlı xalqların hər addımda törətdikləri təhlükəni göz altına alan general təkcə süngünün deyil, daha çox ağılın və tədbirliliyin ardınca getdi. Əgər çeçen kəndlisi sülhün tərəfində olurdusa, onda imperiyanın təhsil müəssisələrinin qapıları onların üzünə açılır, şəxsin gələcək karyera pilləkənində davamlı irəliləməsinə təminat verilir, hətta dvoryanlıq tituluna yüksəlməyə şərait yaradılırdı.

Hər halda savadsız şəkildə davaya qalxanları öz tərəfinə çəkmək itkisiz və qansız başa gəlirdi. Yerli əhalinin ənənələrinə və milli dəyərlərinə ehtiram göstərilməsi rusların hakmiyyəti altına keçmək istəyənlərin sırasını artırırdı. O üzdən Nalçikdən Qroznıya qədər tikilən qəsr və qalalar, böyük istirahət guşələri, iqtisadi təşviq etmə monarxiyanın bayrağı altına keçənlərin böyük ordusunu yaratdı.

Lakin andını pozanlara qarşı Yermolovun qəzəbi və qəddarlığı da sərhəd tanımırdı. O aulu qarşısında açlaldılan hər bir asinin-üsyankarın yüzlərlə rusun təhlükəsizliyini qorumaq üçün müstəsna əhəmiyyət daşıdığını tez-tez təkrarlayır,  humanizmin burada qorxaqlıq kimi qəbul ediləcəyini vurğulayır və bu yolla min müsəlmanı xəyanətdən uzaqlaşdırdığını bəyan edirdi.

Tarix sonralar Qafqazın böyük imamı Şeyx Şamillə Yermolovu başqa bir hökmdarın saraydan verilən təqaüdünü alan zaman qarşılaşdıracaqdı, lakin ona qədər Qafqazlarda hələ çox qan töküləcək,milyonlarla insan Rusiyanın Qafqazı fəth etməsinin nəticəsində dogma torpaqlarını qoyub Türkiyəyə və dünyanın müxtəlif guşələrinə səpələnəcəkdilər.

Tarixdə qəddarlığına görə seçilən hərbi sərkərdənin mirasını isə başqa bir imperiya-sovet tiraniyası çökəndən sonra axmaq Yeltsin davam elətdirə bilməsə də, Pyatiqorskda - Şimali Qafqaz federal dairəsinin mərkəzində bir vaxtlar özünü bütün təm-təraq və əyanlara xas dəbdəbədən məhrum edərək yalnız imperiyanın sərhədlərini genişləndirmək haqqında düşünən Yermolovun heykəlini və onunla bir hərbi boyda olan sərkərdələrin xiyabanını yaratmalı olmuşdu.

90-cı illərdə Çeçenistanda başlayan azadlıq mübarizəsi zamanı tarixi ruh sanki yenidən təcəlla etmişdi. O vaxtlar Dudayevin başçılığı altında Rusiyaya dirənişin ideologiyasını hazırlayanlar Yermolov dövrünün qəhrəmanlarını tapıb, onu ruslara müqavimətin simvollarına çevirdilər. 1819-cu ildə Terek çayı üzərindən keçərkən onlarla çeçen qadını onları əsir alıb mənsub olduqları kəndi işğal etmək istəyənlərə kişilik dərsi vermişdilər. 

Dədə yurdu tamamilə yerlə-yeksan edən rus ordusunun qələbəsi isə nəticədə heç nəyi dəyişməmişdi. Çünki çayı keçərkən özlərini müşaiyətçi konvoylarla birgə suya ataraq intihar edən qadınların xarakirilik edib düşmən əlinə keçməyən yaponlar kimi yenilməzlik göstərmələri dillərdə dastana çevrilmişdi.

1990-cı ildə Qudremes rayonunda öz vətənini qoruyan həmin cəsur qadınların şərəfinə abidə ucaldılır,15 sentyabr günü çeçen qadınlarının rəsmi bayramına çevrilir. Putinin hakmiyyətə gəlişi ilə aparılan on illik müharibənin durdurulması dudayevlərin, mashadovların, yandarbiyevlərin və digər milli azadlıq çarçılarının mirasından imtinaya səbəb olsa da rus əsgərlərini öldürən və mənəvi müqavimət qalasına çevrilən, Yermolovun on illərlə başının bəlası olan həmin qadınların abidəsinə toxunulmur. Səbəbini o vaxtlar bir kimsə bilməsə də Rusiya prezidentinin srateji düşünmək qabiliyyətinə bələd olanların ehtimalları doğru çıxdı.

Bəli, müasir rus hökmdarı tarixdən yaxşı dərs alaraq sələflərinin yol verdikləri cinayətkar səhvləri təkrarlamaq istəmir. Axı, bir xalqın bütün keçmişini və onun söykəndiyi mübarizə epopeyasını, yaxud dini, mədəni kökləri tam qazıyıb onları xəyal boşluğunda, yaxud velikorus şüurunda bəsləyə bilməzsən. Məgər Sovetlər Birliyinin yaratmaq istədiyi beynəlmiləl və kosmopolit millətin sonda hansı amorfluğa gətirib çıxardığını hər kəs görmədimi?

Ona görə də Ramzan Kadırov 2013-cü ildə həmin abidəni yeni arxitekturada təzədən açanda paytaxt mediası və liberal düşərgə bir-birinə dəymişdi ki, çar Putinin yerli canişini olan çeçen rəhbəri rəsmi ideologiyanın əleyhinə gedir. Axı belə hərəkətlər Kremlin qələbə üzərindən apardığı xilaskarlıq təbliğatına və Rusiyanın qalxınması barədə yaradılmış "böyük millət və kiçik ucqarlar” karkasının içərisinə necə yerləşə bilər?

Heykəllərin doğduğu yeni nəslin şüuruna belə addımların təsiri hər kimi qorxutsa da Putin öz tövrünü sonadək qorumağı bacardı. Nədən ki, dünyada tamam ayrı nümunələrin olduğunu keçmiş sovet çekisti yaxşı bilirdi. Məgər müasir Amerikada indusların tarixi qırğınlarının üzərindən xətt çəkiləsi mümkündürmü?

Yaxud, Merkel Almaniyasının təmsilçiləri üçüncü Reyxin milyonların qəsdinə durmasına haqq qazandıra bilərmi? 

Özü də hansı arqumentlə - nə var ki, hər ikisi eyni milləti - almanları təmsil edirlər. Heç kəs özünü həmin tarixi dövrün əməlləri ilə bərabərləşdirilmək istəməz. Əksinə, tarix ataların səhvindən imtinadan keçmirsə, o yalnız faciə gətirir. Normal və düzgün yol cinayətlərdən imtina etməyi bacarmaqdır.

Yoxsa ambisiyalı hökmdarların və imperiya xiffətindən əziyyət çəkən dövlətlərin çoxmillətli coğrafiyalarda yalnız öz hərbi qələbələrindən ibarət tarixçə yaratması və digər xalqları ikinci sırada görməsi dünyada süngü ilə qarşılanacaq.

"Qafqazı qafqazsızlaşdırmaq” yolunu tutan və oradakı müstəmləkəçiliyi aclıq,səfalət,edamlarla və bayrağı altına keçənləri mükafatlandırmaqla həyata keçirən Yermolovun adını əbədiləşdirəndə sən onun əməllərinə varsilik etmiş olursan. Lakin təkcə rus hünərinə meydan verib digərlərini azsaylı hesab edəndə, bir etnik qrupu seçilmiş sayanda keçmişin səhvlərini təkrarlamış olursan. Ona görə də Çeçenistanda qadın abidəsi müasir rus hərbi-siyasi elitası üçün balansı qoruyub saxlamaq üçün əvəzolunmaz tənzimləyici vasitədir. Əks halda, itaətsizlik hərəkatı və müridizm qaçılmazdır.

Dünən Ramzan Kadırov başqa bir abidənin qarşısında mübtəzir dayanaraq, ənənəvi görkəmində sakit və izdihamsız bir mərasimin açılış lentini kəsirdi. Düz 17 il əvvəl Çeçenistandakı qanlı müharibənin son vuruşlarından biri olan və tarixə 776 metrlik yüksəklikdə aparılan döyüş kimi daxil olan ağır hərbi toqquşmaların qəhrəmanlarının xatirəsi yad edilirdi.

O vaxt Rusiyanın 6-cı ordusunun 90 nəfərlik desant heyətinin girdiyi amansız döyüşdən cəmi 6-sı salamat çıxmışdı, lakin bütün çeçen milli müqavimətini himayə edən xarici muzdluların liderlərindən birini- Xattabın dəstələrini darmadağın etmək mümkün olmuşdu.

Kadırov rəhbərlik etdiyi ağır mirasdan qurtularaq onun arxasınca gedən xalqı sülhə qovuşdurmaq yolunu tapdı və sələflərindən daha çox millətinə xidmət etmiş oldu. Ona görə də Yermolovun büstü, desant orduya qoyulan abidə və 1-ci Nikolayın əsgərini öldürən çeçen qadının tunc simvolu vahid bir məkanda əbədi savaşı deyil, tarixi səhvləri özündə təcəssüm etdirərək vahid bir tabloda yerləşə bilir!

Dağlıq Qarabağda aparılan savaşsa özünün tarixinə, coğrafiya mənsubiyyətinə və orada yaşayan əhalinin çeçenlərdən tamamilə fərqli ideoloji.siyasi və hərbi şərtlər altında olduğuna rəğmən indiyədək ram edilmiş düşmənin qalibə göstərdiyi ehtirama bərabər çəkidə davranışı ermənilər içərisində ağlından keçirən olmayıb. Eləsini dərhal linç edərdilər.

Heç kəsə sirr deyil ki, Azərbaycanla müharibədə tarixdə görünməmiş amansız üsullardan istifadə edilib. Demək olar eyni vaxtda başlayan qafqazlardakı qeyri-sabitlik fonunda regionu iflic edən məhz Ermənistan idi. Lakin Çeçenistanın Rusiyanın siyasi orbitinə qaytarılması fonunda orada ruslarla vahid məkanın içərisində yer almasını təmin edən bütün nişanələrinin bərpasının hər kəs şahididir. 

Hərçənd çeçenlərdən fərqli olaraq, yad torpaqlarda - Qarabağda məskunlaşan ermənilər azərbaycanlı qəhrəmanların İrəvanda və ya Şuşanın ən görkəmli yerində ucalacaq abidəsinə hansı ədəbi və ərkanı göstərərdilər?

Söhbət əlbəttə, çoxları üçün hələlik xəyal kimi görünən bir gələcəkdən gedir. Qalibin hünərini tanımaq böyüklük tələb edir. Çeçenlər bir millət kimi acı tarixlərini unudaraq Rusiyanı dağıtmaq planlarının alətinə çevirmək istəyənlərin ssenarisindən çıxmağı bacarmışdılar.

Halbuki öz vətənlərində yaşamayan başqa bir toplum-erməniçilik ÇEÇEN MƏNƏVİ KİMLİYİNƏ MALİK OLMADIĞINDAN bütün azərbaycanlı izlərini Qarabağdan silməklə məşğuldur.

Axı Azərbaycan dövləti Yermolov kimi erməniləri köçkün kimi məskunlaşdıqları o torpaqlardan tamam silmək istəməyib. 

İndi ermənilər çeçenlərdən ən azı o abidənin qoyulduğu 776 metr aşağı olduqlarını təsdiq etmirlərmi?