Üzeyir CƏFƏROV, Ekspert

Bayaqdan özümə yer tapa bilmirəm ki, Rusiya xarici işlər naziri, əsli kökü erməni olan Lavrov adlı bir yaramaz başından böyük hərəkətlərə yol verib və faktiki 10 milyon Azərbaycan xalqının 20 ildən çox müddətdə gözlədiyi ümidlərin üzərindən böyük bir xətt çəkib. 

Artıq olan olub və biz bundan sonrakı addımlarımızı günü sabahdan planlaşdırmalıyıq. Şəxsən məni Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun səthi, daha çox ehtiyatlı açıqlaması bərk narahat etdi. 

Ola bilsin nazir kimi Elmar Məmmədyarov risk edib rus diplomatiyasının başçısının həddini aşmasına çox da dərindən bənd olmaq istəməyib. Bu da hardasa başadüşüləndir. Amma, hesab edirəm ki, bu illər ərzində ilk dəfə idi ki, məhz ermənilərin havadarları olan ruslar nəhayət ki, illərlə gizli saxladıqları, Azərbaycanın tam əleyhinə olan məkrli Kreml planlarını açıqladılar.

 Deyir hər bir işdə zərərlə yanaşı, bir xeyir olur. İndi biz Azərbaycan dövləti olaraq ATƏT-in bivec Minsk qrupunun həmsədr ölkələri olan Amerikadan və Fransadan Rusiyanın yol verdiyi özbaşınalığa və BMT TŞ-nın 4 məlum qətnamələrinin üstündən xətt çəkdiyinə görə, özünün də vaxtıykən səs verdiyi sənədləri şübhə altına aldığına görə konkret mövqe, münasibət tələb etməliyik. Həmçinin də, bizə qardaş saydığımız Türkiyə Respublikasının da Rusiyanın Qarabağla bağlı sərgilədiy yanlış, ermənipərəst mövqeyinə görə münasibət istəməliyik. 

İstənilən halda, sabahdan başlayaraq, faktiki ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməli, açıq və aydın şəkildə işğalçıya dəstək verdiyinə görə Rusiya Federasiyasının bu qrupdan çıxarılmasına təşəbbüs göstərməliyik. Mən başa düşürəm ki, yazdıqlarımı bir az gülüşlə, rişxəndlə qarşılayanlar da olacaq. Hətta, ola bilsin məni siyasi savadsızlıqda və səbatsızlıqda günahlandıranlar da tapılsın. Mənə fərq etmir. Artıq hər şey ortalıqdadır. 

Xüsusən də Qarabağdan olan dostlarımıza, silahdaşlarımıza müraciət edirəm.

 Uzun illər canını Vətənimizin bütövlüyü uğrunda döyüşlərdə fəda edən silahdaşlarımızın doğmalarına, yaxınlarına müraciət edirəm. Mənə elə gəlir ki, xüsusən də beynəlxalq siyasətbazlar artıq Azərbaycanı Qarabağsız qoymağa qərarlarını veriblər. Belə olmasaydı, Lavrov başından yekə danışmazdı.

Rusdan qorxan və bu mənfur siyasəti başımıza gətirən Putin, Lavrov və başqalarına heyran olanlara sual ünvanlayıram: RF xarici işlər idarəsinin başçısının bu gün verdiyi açıqlamaya sizin münasibətiniz nədən ibarətdir? Sizə elə gəlmir ki, əsli-kökü erməni olan bu Lavrov və onun ağaları 21-ci əsrdə bizləri artıq açıq şəkildə təkcə təhqir etmir, həm də bizim bir millət və xalq olaraq mənliyimizlə oynayırlar? 

Öz tərəfimdən bəyan edirəm ki, var gücümlə Rusiyanın bu çirkin və məkrli siyasətinin iflasa uğraması üçün nəyi bacarıramsa, onu da edəcəyəm. Bunun nəyin bahasına başa gələ biləcəyinin də fərqindəyəm. 

Sizləri deyə bilmərəm, amma mən hiss edirəm ki, Rusiya siyasi-hərbi rəhbərliyi bu gün Qarabağ məsələsində Ermənistanı məmnun edəcək, cəbhədə daha da gərginliyə yol açacaq bir mövqe sərgilədi. Bunun ardınca isə çox, lap dəhşətli hadisələrin olacağını düşünürəm. 

Tanrı Azərbaycanımızı qorusun!