Türkiyə bayraqlarının Bakı şəhərindəki bəzi ərazilərdən yığışdırılması məsələsi Milli Məclisin iclasında müzakirə olunarkən deputatlar arasında gərgin anlar yaşanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat Sabir Rüstəmxanlı Türkiyə bayraqlarının yığışdırılmasının düzgün olmadığını bildirib, Onun sözlərinə görə, Türkiyə öz baraqlarını Azərbaycana əmanət edib, biz əmanətə qarşı sayğılı olmalıyıq. Deputatın bu iradına spiker Oqtay Əsədovun cavabı gecikməyib, O.Əsədov məsələyə bu cür yanaşanların aranı qızışdırmaq niyyətində olduğunu deyil. Spiker bu kimi çıxışların iki ölkə arasındakı münasibətlərə xələl gətirdiyini də vurğulayıb. Millət vəkili Cəmil Həsənli isə Milli Məclis rəhbərliyini iş qrafikini düz qura bilməməkdə suçlayıb. C.Həsənlinin sözlərinə görə, Milli Məclis baş verənlərə vaxtında reaksiya verməli idi. Vitse-spiker Bahar Muradova isə deputatın tənqidinə cavab verərkən bildirib ki, Azərbaycanın 11 nəfərdən ibarət deputat qrupunun Türkiyəyə səfəri də Milli Məclisin məsələyə reaksiyasıdır: ?Başqa ölkələrlə bizim münasibətimiz qonşuluq münasibətidir, amma Türkiyə ilə dostluq, qardaşlıq, hələ ondan da irəli münasibətdir. Heç kim bu münasibətlərə xələl gətirə bilməz. Bayraqların endirilməsinə gəlincə, o bayraqların arasında Azərbaycan bayraqları da olub. Sadəcə, qanunda nəzərdə tutulmayan yerdə olduğuna görə həmin bayraqlar yığışdırılıb?. YAP-ın icraçı katibi, millət vəkili Əli Əhmədov da çıxışında Türkiyə-Azərbaycan münasibətlərinə toxunub və bildirib ki, hər iki ölkə arasndakı qardaşlığı pozmaq hansısa kampaniya ilə mümkün deyil: ?Sadəcə, gözləməliyik ki, Türkiyə iqtidarı Azərbaycana verdiyi vədin üzərində nə dərəcədə dayanır?. Vitse-spiker Ziyafət Əsgərov isə bəzi deputatların belə bir vəziyyət yarananda məsələləri şişirdərək, kampaniyaya çevirməsinin düzgün olmadığını vurğulayıb. Cəmil Həsənlinin fikirlərinə münasibət bildirən YAP-çı deputat, həmkarının məsələləri şişirtməyə çalışdığını nəzərə çatdırıb: ?Niyə siz Türkiyədə təhqir olunan Azərbaycan bayraqlarından danışmırsınız? Mən bayrağımızı o vəziyyətdə görəndə özümü təhqirolunmuş saydım. Biz istəyirik ki, Türkiyə yetkililəri Azərbaycanın milli maraqlarını nəzərə alsınlar?.