Bir ara vətəndaşı aldadan fırıldaqçı şirkətlər var idi, pul yığıb, tez-tez öz adlarını, ofislərini dəyişib qeybə çəkilirdilər. Yapistlər bu kələyin səmərəli olduğunu gördülər, öz firma, şirkət, banklarında tətbiq eləməyə başladılar. Misal üçün, bir gün yatıb durduq, gördük Milli Bank olub Mərkəzi Bank. Texnikabank adlı qurumun rəhbərliyini içəri basıb xeyli pul qopartmaq fayda vermədi, daha dərinə gedib bankın adını dəyişdilər, bu dəfə oldu "Bank Texnique”.
Bah. Guya bunun adını fransızca yazanda bankın işçiləri dönüb oldular Mişel Platini, bankın Nərimanov filialının şüşəbəndləri isə Atatürk prospektinə yox, birbaşa Yelisey çölünə açıldı.
Ziya müəllim dəstədən geri qalmamaq üçün artıq dilə-dişə düşmüş, korrupsiya sorağı Əl-Cəzirədən belə fırlanmış "ZQAN-Holdinq"i asqırıb-öskürüb bir saatın içində "Qarant Holdinq"ə çevirdi. Nəticədə ali rəhbərlikdən öz gələcəyinə qarantiya aldı - pis təsəlli deyil.
Bunlar mənim qısa müddətdə fikirləşib yadıma saldığım ad dəyişiklikləridir. Axtarsan belə dekorativ dəyişikliklər saysız-hesabsızdır. Hamısı da guya dövlətin iqtisadi-sosial inkişafına yönəlmişdir. Kasıbın itinin adını Gümüş qoyması keçilmiş yoldur, indi bizim yapistlər itin adını bir gün Gümüş, bir gün Qızıl, bir gün də Brilyant qoyurlar. Varlığa nə darlıq? Bu mövzuda yaxşı bir ata sözümüz var, onu yazım: "Qoy desinlər Şahbalanın çustu var, Kim nə bilir altı yoxdur, üstü var”.
Hətta bankların adını dəyişmək işə yaramadı, başladılar bankirləri dəyiş-düyüş eləməyə. A bankının müdirini B bankına qoydular, B bankının müdirini C bankına. Beləcə üskük oyunu davam etməkdədir. Haçana qədər - bunu gözü çıxan avtoritar qardaşlardan soruşmaq lazımdır. Misal üçün, bir neçə il qabağa qədər Suriya da belə bir sabitlik adası dekorasiyası qurmuşdu. Prinsipcə, indi də sabitdir. Bəşər Əsədi Macarıstandan Avstriyaya qaçan yerdə, ya da Aralıq dənizində boğulan vəziyyətdə kim görüb ki? Heç kim. Yenə Dəməşqdə oturub kefini çəkir. Xalq cəhənnəmə olsun. Xalq artıb törəyər. Əsas xilaskardır, əsas liderdir. Təki onun bığına milçək qonmasın.
Hər sahəmizdə belənçik islahatlar getməkdədir. Hətta polis və orduda da "onu ora, bunu bura” dəyişib günü yola verirlər. Yalnız bir sahə var ki, orda krizis açıq görünür. Bu, uğurlu xarici siyasətimizdir. Elmar müəllim təkcə son bir ayda 3 diplomat qaçırmışdır. Belə komandir əsgərlikdə olsa azı hauptvaxta salarlar. Amma diplomatiya komandirinin fərarilərinə görə heç bir cəzası yoxdur.
Mənə elə gəlir bu cür çox davam edə bilməz. Əgər hər ay 3 diplomat xaricdən siyasi sığınacaq istəsə, bəs bizim xarici siyasətimizi kim qayıracaq? Kim senatorlara kürü, offşor hesablara pul daşıyacaq? Madrid prinsiplərinin Moskva danışıqlarının Paris çərçivəsində Praqa metodikası üzrə Qarabağ probleminin həlli yollarını kim axtaracaq?
Başqa sahələri yuxarıda yazdıq - üskük oynayıb yola vermək olur, ancaq bu zibilə qalmış xarici siyasəti tənzimləmək bir az çətindir. Əsas çətinlik odur ki, ipdə qalan buzovu döyürsən, ancaq qırılıb qaçan dananı harda tutasan? Bir az sadə yazım: diplomatlar xaricdə aradan çıxmaq imkanına malikdir, onları tapıb tutmaq, Kürdəxanıya salmaq, cibinə nəşə atmaq, döyüb hörmətsiz eləmək, evini buldozerlə dağıtmaq və sairə mümkün deyil.
Bəs nə etməli? Mən sadiq dövlətçilik qulu kimi bu işdə milli dövlətimizə yol göstərməyi özümə borc bilirəm. Qoy xaricə gedən hər bir diplomatın burda minimum bir-iki arvad-uşağı girov saxlanılsın. Arvadı olmayanlar qoca anasını girov qoysun. Əks halda səfirlik, konsulluq üzü görməsinlər.
İkincisi, hər bir diplomatı qandalla Çevik Polis Alayı serjantına bağlamaq da olar. Danışıqlara, xarici siyasət qayırmağa serjantla birgə getsinlər. Bizim polisdən gizli nə işimiz var? Hərçənd, istənilən metodika qüsurludur, ola bilər sığınacaq alan diplomat polisi də diplomatik yollarla ələ alsın, onu da sürüyüb aparsın. Amma bu, çox az halda mümkündür. Bizim polis dövlətçilik işində daha etibarlıdır, çünki ingilis-mingilis dilini əsasən bilmirlər, xarici kitab oxuyub tərbiyələrini pozmayıblar.
İndi söz əlaqədar təşkilatlarındır. (Ayrı nə gözləyirdiniz?)
musavat.com