Nadir QOCABƏYLİ 


Əziz dostlar! Siz Allah, deməyin ki, bu Nadir müəllim niyə belə hər şeyin xırdalığına gedir? Ancaq böyük bir düyünü açmaq üçün gərək mütləq kələfin ucunu tapasan.

Doğrudur, biz hamımız hər şeyi ümumi şəkildə bilir, anlayırıq. Ancaq çox zaman bəlkə də, bizə elə gəlir ki, bilirik. Mənim bizim ənəvəvi müxalifətlə fikir ayrılığım da əsasən bu nöqtədədir. Yəni hər hansı problemin kökünü qazıyıb axtarmaq əvəzinə, son sözlərini əvvəldə deyirlər.

Yəni onların məntiqiylə mən də Tərcümə Mərkəzinin çıxardığı bu son hoqqayla bağlı birbaşa hakimiyyəti, rejimi, nə bilim, klanı və sairəni suçlamalıyam.

Amma mən belə etmirəm. Çünki bunun üçün əlimdə ciddi əsaslar yoxdur, faktlara malik deyiləm. Həm də bu hoqqabazlıq aşağı məmurlar səviyyəsində aparılır və ola bilsin ki, yuxarılar bundan heç xəbərdar deyil. Ya da sadəcə əhəmiyyət vermirlər.

Əslində bu çox kiçik məsələdir, ya da sadəcə kənardan kiçik görünür. Ortada cəmi 5-6 min manat pul var. Kimsə fikirləşə bilər ki, o nə puldur ki, ondan ötrü bu qədər səs-küy salasan. Bu miskin vəsaitə görə heç özünə yazıçı, şair deyən insan adını ləkələyərmi? Axı bu onlara heç lazım da deyil. Belə bir cüzi vəsaitdən ötrü niyə narazılığa, söz-söhbətə əsas versinlər?

Məsələyə ümumi yanaşanda, bu müsabiqədə də bizim iqtidarın (elə müxalifətin və xalqımızın da) hər şeyi özünəməxsus, əyri və saxta yolla düzb-qoşmasının izləri, təsiri, təbii ki, aşkar görünür. Yəni bütün seçkilərdə müsabiqələrdə olduğu kimi.

Amma ortaya fakt qoymaq, məsələnin məğzini və mahiyyətini açmaq lazımdır. Bu işləri elə xırda-xırda, yavaş-yavaş, yerində və zamanında həll etmək lazımdır. Yuxarıdan dirijor çubuğu gözləmək tənbəllik və məsuliyyətdən qaçmaqdır.

Mənim ilk ağlıma gələn bunlardır: müsabiqədə 1-ci yeri tutan tələbə Təvəkkül Zeynallı mərhum şairimiz Məmməd Arazla eyni kənddəndir və çox güman ki, onun tayfasındandır. 2-ci yeri tutan şəxs Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də Məmməd Arazın kürəkəni Aqil Abbasın bacısının əridir. Buradan belə bir nəticəyə gəlmək olur ki, Müsabiqəni əslinə Afaq Məsud yox, Akif Əli idarə edib və 1-ci mükafatı qohumuna, 2-cini də özünə götürməklə vəsaitin əsas hissəsini mənimsəyib.

Bəs Afaq Məsud niyə buna imkan verib? Ona görə ki, Tərcümə Mərkəzi NK-nın nəzdində fəaliyyət göstərir və Akif Əli orada daha yüksək vəzifədədir. Çoxdan işlədiyinə görə daha çox əlaqələrə və imkanlara sahibdir. Bu isə o deməkdir ki, Akif Əli ilə yaxşı münasibətlər qurmadan gələcəkdə Tərcümə Mərkəzinə böyük vəsait ayrılmasına nail olmaq çətin olacaq.

Gələcəkdə ayrılacaq vəsait isə o qədər çox olacaq ki, ondan hamıya pay düşəcək - təkcə tərcüməçilərdən başqa.

Min manatdan ibarət 3-cü mükafatı isə Şərif Ağayara ona görə verdilər ki, narazıların sayı artmasın. Çünki narazı qaldığı halda, onun asi çıxa biləcəyini ehtimal edirlər. Bunun Yazıçılar Birliyi ilə bağlı presendenti artıq var. O həm də AYO-çudur (Azad Yazarlar Ocağı) və bu həmin qurumdakı azad yazarları müəyyən qədər zərərsizləşdirməyə xidmət edir. Başqa etnik və ya regional amillər də müəyyən rol oynaya bilər. Çünki Afaq Məsudla Şərif Ağayar eyni bölgədəndirlər (Qərbi Azərbaycan - Kəlbəcər) və bəlkə də etnik mənşə baxımından yaxınlıqları da var...

Hələlik bu qədər...


***


Zəruri qeyd: Bu yazı müəllifin Facebook-dakı səhifəsində paylaşılıb.