Yaxın keçmişimizdə Mərkəzi Bank bir məlumat yaydı. Məlumata görə, ölkədə vaxtı keçmiş kreditin həcmi, sayı, miqdarı (heç bilmirəm hansı sözü yazım, hansı söz daha münasibdi) bir milyarda yaxınlaşıb. Daha bilmədim bir mirlyard manata yaxınlaşıb, yoxsa bir milyard dollara. Hər halda manat olar. 


İqtisadiyyatdan anlayışım yoxdu. Desələr beş ən məşhur iqtisadçının adını çək, heç ikisinin adını çəkə bilmərəm. Heç bilmirəm Mərkəzi Bankın açıqladığı bu rəqəm böyük rəqəmdi, yoxsa balaca. Pulla əlaqəli rəqəmləri sevmirəm. Qərəz, iqtisadiyyat nə qədər vacib sahə olsa da, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadir olsa da, bu sahədən heç məlumatlı deyiləm. 


Mərkəzi Bankın açıqladığı rəqəm diqqətimi çəkməzdi. Bu mövzuda yazı da yazmazdım. Əgər oxuduğum bir müsahibə olmasaydı. 


Goranboyda baş verən faciədən hamının xəbəri var. Bu hadisə haqqında yazmayan qəzet, sayt, göstərməyən telekanal qalmadı. Rafiq Hüseynov adlı bir insan qumbara atıb neçə nəfəri öldürdü. Qumbaranı atıb adamları öldürən Rafiq Hüseynovun atası Müzəffər Hüseynov (sonra bu kişi də öldü. Ürəyi partladı) müsahibə vermiş və demişdi: "Oğlum bir dəfə su üstündə dalaşıbəpolisə düşmüşdü. Bankdan min manat kredit götürüb oğlumu çıxartdırdım". 


Mərkəzi Bankın yaydığı məlumatla bu sözlər arasındakı qəribə izahedilməz bir əlaqə gördüm. Neçə vaxtdı Mərkəzi Bankın yaydığı məlumatla R.Hüseynovun atası M.Hüseynovun müsahibədə dediyi "Oğlum bir dəfə su üstündə dalaşıb polisə düşmüşdü. Bankdan min manat kredit götürüb oğlumu çıxartdırdım",- sözləri arasında gördüyüm əlaqə mənə rahatlıq vermir. Elə hey bu haqda düşünürəm. Bu bir cümlə ilə ölkədəki vəziyyəti tam izah etmək olar. Bu bir cümlədə bütöv bir ölkənin reallığı yatır. Bu cümləni bir az analiz etsən, ölkədə adamların necəəyaşaması, vətəndaşların necə idarə olunması tam ortaya çıxar. 


Su üstündə dalaşmaq... Buna görə polisə düşmək... Sonra da bankdan kredit götürub polisdən can qurtarmaq... Dəhşətdi. Görün, adamlar necə yaşayırlar. Ölkənin və insanların səviyyəsi ortadadı. Bu haqda bir neçə dəfə eşitmişdim ki, adamlar polisə düşəndə əgər satmağa, ovucun içində heç nə yoxdursa, bankdan kredit götürüb canlarını qurtarırlar. 


Bir daha təkrar edirəm, Mərkəzi Bankın yaydığı rəqəmin böyük, yoxsa kiçik, dözüləsi, yoxsa faciəvi rəqəm olduğunu bilmirəm. Amma onu dəqiq bilirəm ki, ölkədə az qala hər üç adamdan biri bankdan gö-türdüyü kreditin əsirinə çevrilib. Görünən dağa nə bələdçi. Mərkəzi Bank məlumat yaydı, yaymadı on-suz da söhbətlərdən, adamların danışıqlarından, giley-güzarlarından vəziyyətin hansı həddə olduğu göz qarşısındadı. Kimisi məcbur qalıb kredit götürüb. Kimisi də bekarçılıqdan, kimisi də heç zərurət olmadığı halda kredit götürüb və özünü elə aparır ki, guya başqa cür mümkün deyildi, başqa yol yox idi, mütləq bankdan kredit götürməli idi. 


Kredit götürənlər arasında hər cür adama rast gələ bilərsiniz. Onlar hər cür səbəb səsləndirə bilərlər. Biri qızını ərə verirmiş, mebel və cehiz almaq üçün kreditə girib. Biri evi təmir etmək üçün kredit görtürüb, biri maşın alırmış. Biri nəsə bir məişət avadanlığı almağı əşhədü-vacib hesab edib. Biri toyuna tanınmış müğənni çağırmaq üçün kredit götürüb (belələri də var)...

 

Harasa gəzməyə getmək üçün kredit götürənlər də var. Səbəblər müxtəlifdi. Gəlin razılaşaq ki, vacib məqamları nəzərə almasaq, adamların çoxu bekarçılıqdan, o qədər də zərurət olmadan kreditin əsirinə çevriliblər.

Məsələn, anam kredit götürərək özünə "şuba" alıb. Onun kimi nə qədər adamlar var. Halbuki o, bankdan kredit götürməyin əvəzinə başqa bir şey, daha ucuz bir şey alıb əyninə geyinə bilərdi. 


Gəlin razılaşaq ki, adamlar çaşıblar. Yaşamağı bacarmırlar. Reklamlar və seriallar, çeşidlərin bolluğu onları çaşdırıb. Öz real vəziyyətləri ilə arzuları arasındakı sərhədi müəyyən edə bilmirlər. Ayaqlarını yorğanlarına görə uzatmırlar. Sabahı düşünmürlər. Nəticədə bataqlığa düşürlər. Bu bankdan alıb o banka verirlər, o bankdan alıb bu banka ödəyirlər. Əlinin papağın Vəlinin başına, Vəlinin papağını da Əlinin başına qoyurlar. Narahatdırlar. Görəsən, bu ayın kreditini necə ödəyəcəm,- sualı onları daima narahat edir. Axı, kreditlə baş tutan toyda, nişanda necə ürəkdən əylənmək olar. Belə baxırsan bəzənib-düzənib, geyinib-gecinib restorana gəliblər, amma real vəziyyət başqa söz deyir. Real vəziyyət onu deyir ki, bu zahiri təmtərağa aldanmaq olmaz. Bu zahiri təmtərağın arxasında böyük bir narahatlıq, söz-söhbət, dava-dalaş yatır. Adamların həyatı artıq özlərinə məxsus deyil. 


Adamın yadına Balzakın "Qobsek" əsəri düşür. Orda Balzak deyir ki, bu bəzəkli karetaların, bu bəzəkli paltarların sahibləri qoca Qobsekin, qoca sələmçinin qarşısında alçalırlar. 

Qobsekə yalvarıb, özlərini alçaldırlar. Nəyin üstündə? Zahiri təmtarağın üstündə. Kreditə girib paltar almaq bu qədər vacibdirmi?

 

Əgər insan hər zaman krediti necə ödəyəcəm,- sualı haqqında düşünürsə, başım çıxmır kreditə aldığı maşından, mebeldən, paltardan necə həzz ala bilər? Bu, çoxmu vacibdir? 

Qoca sələmçi Qobsek deyirdi: "Cəmiyyətdə bir söz üstündə başqalarını duelə çağıran dəlisov gəncləri burda, mənim zirzəmimdə görmək lazımdı. Onlar göz yaşı tökür, yalvarırlar". 
Qobsek deyir ki, camaatın baxdığı teatrlar əsl teatr deyil. Əsl teatr burda, mənim zirzəmimdə göstərilir. Bu, həqiqi teatrdı və bu teatrın bir tək tamaşaçısı var. O da Qobsekin özüdü. Yəni, Balzakın yazdığına görə, o adamlar ki müsamirələrdə bahalı paltarlarda gəzirlər, bahalı karetaları var, onlar bu zahiri təmtarağa görə qoca sələmçi Qobsekin qarşısında yalvarıb alçalmaqdadırlar.

 
Yazda rayonda, yeməkxanada yaşlı bir kişiylə tanış oldum. O, qarşı masada oturmuşdu. İkimiz də söhbət etmək istəyirdik. Haradan başlayacağımızi bilmirdik. Axırda söhbətə o körpü saldı. Soruşdu ki, deyəsən, buralı deyilsən. 

Dedim, buralı deyiləm. 

Hansı işlə məşğul olduğumu soruşdu. Adətən, hansı işlə məşğul olduğumu adamlardan gizlədirəm. Deyəndə jurnalistəm, bu, adamları hürküdür. Deyəndə yazıçıyam, bəziləri bu peşənin, ümumiyyətlə, nə olduğunu bilmir, bəziləri də boş-boş danışıb, adamın enerjisini alırlar, mövzu verirlər, deyirlər, gəl həyatımı danışım, roman yaz. 


Bu yaşlı, zəhmətkeş kişini nədənsə aldatmaq istəmədim.

 

Xeyirxah, həm də sadəlövh görkəmi var idi. Elə bir görkəm ki, baxan kimi adamda əminlik yaranır. Bu adamdan heç bir zərər gəlməz. Həm də belə müsbət enerjili, yaşlı adamlarla söhbət etməyi xoşlayıram. 


Dedim yazıçıyam. Kişi nəylə məşğul olduğumu tam anlamasa da, yazı-pozuyla məşğul olduğumu başa düşdü, məni çox dağa-daşa salmadı. Bekarçılıq idi. Yaxşı yemişdim. Çay içə-içə söhbət etməyin yeri var idi. Kişi ordan-burdan danışdı. Dedi ki, işsiz qala bilmir. İşləyir. 


Sonra adamların avaralığından şikayətləndi. Dedi, camaat həyət-bacasını becərmir. Həyət qalır bomboş,əhər xırda şey üçün bazara qaçırlar. Hər xırda şey üçün bazara qaçsan, buna heç Həzrəti Süleymanın xəzinəsi də davam gətirməz. 


Çox danışdı. Axırda da dedi ki, bala, camaat qudurub. Ömür boyu işləyən, qoca yaşında da işdən qalmayan bir qoca kişinin fikrini belə kobud ifadə etməsi təbiidir. Yəqin ki, o, ətrafında baş verənləri başa düşmür və öz tərəfindən qəti olaraq prosesə belə ad verib. Əlindən ömrü boyu bel düşməyən bu kişi ətrafdakıları necə başa düşsün. Torpaq qalıb boş. Əkən yox, bəcərən yox, adamlar bütün günü maşının "kapot"u üstündə damino çırpırlar. Arvadların işi-gücü seriala baxmaqdan ibarətdi. Yekə-yekə kişilər bütün günü kompüterdə oyun oynayırlar. İş saatı da bitəndə çayxanalarda oturub vaxtlarını məhv et-məklə məşğul olurlar. 


Doğurdanmı camaat qudurub, daha olana, aza qane olmaq istəmirlər? Əgər aza qane olmaq istəmirlərsə, o zaman bu qane olmamaq vətəndaşlıq mənasında da, bir vətəndaş kimi də özünü göstərməlidir. Əgər aza qane olmaq istəmirlərsə, yaxşı olardı ki, vətəndaş kimi aza qane olmasınlar, öz haqlarını tələb etsinlər. Desinlər ki, bu nə maaşdı, bu nə pensiyadı mənə verirsən? Hanı mənim qazım, neftim, yeraltı və yerüstü sərvətlərim? 


Yox, onlar vətəndaş kimi aza qane olmaq istəmirlər. Onlar bir-birilərinə qənim kəsiliblər. Riyakarlıq, yersiz bəhsəbəs, saxtakarlıq, zahiri təmtarağa aludə olmaq adamların həyatını sözün həqiqi mənasında cəhənnəmə çevirib. Bundan əvvəl evin böyük uşağına bir paltar alırdılar, digər uşaqlar növbə ilə o paltarı geyinirdi. Səssiz-səmirsiz. Sorğusuz-sualsız.

 

Mən özüm bir çox hallarda xalam uşaqlarının paltarlarını geyinmişəm. Son iyirmi ildə hər şey o qədər sürətlə deyişdi ki, hadisələrə, baş verənlərə doğru-dürüst qiymət vermək olmur. 

Bir dəfə getmişdim rayona. Bir dəstə arvad ağacın altında oturub laqqırtı vururdu. Meyvələr isə ağacın altında çürüyürdü. Yığıb mürəbbə, kompot hazırlamaq heç ağıllarından belə keçmirdi. Halbuki qaçıb mağazadan kola, fanta alırlar. Əvvəllər isə bir evdə o qədər mürəbbə, kompot hazırlayardılar ki, bütün ilboyu bəs edirdi. Hətta bu ildən gələn ilə də qalırdı. Görəsən, nə baş verdi ki, adamlar bu qədər işdən ayrı düşdülər, tənbəlləşdilər? 

Əlbəttə, rahatlıq lazımdı. Heç kim demir rahatlıq lazım deyil, amma baxır sən bu rahatlığı necə,əhansı yollarla əldə edirsən. Evdə iki qadın xeylağı olduğı halda qabyuyan maşın almaq, özü də kreditə almaq nəyə lazımdı? Əgər iki qadın xeylağı bir ailənin qab-qacağını yuya bilmirsə, onda onlar nəyə və kimə lazımdır? Adlarını niyə qadın qoyublar? Bu gün heç bir zərurət olmadığı halda qabyuyan maşın alırsan, sabah mebeli dəyişirsən, o biri gün zərurət olmadığı halda hamamı təmir etdirirsən, bir də görürsən ki, başdan ayağa borcun içindəsən. Kreditlər xirtdəyə dirənib. Artıq sənin öz həyatın yoxdu. Qazandığını ora-bura verirsən. Yediyin- içdiyin burnundan gəlir. Bəlkə elə buna görə bizim adamlar bu qədər narahatdırlar. Əgər hər üç adamdan biri kreditlə yaşayırsa, deməli, ən azı hər üç adamdan biri narahat həyat yaşayır. Niyə belə oldu? Hərə bir səbəb göstərə bilər. Mənəvi boşluq, adamların yaşamağı bacarmaması, yersiz bəhsəbəs, arzularla imkanların tərsmütənasibliyi öz sözünü deyir. Sözün həqiqi mənasında kreditlə öz telefonunu təzələyən adamları başa düşmürəm. Kreditlə hansısa bir ölkəyə gedib, getdikləri yerlərdə şəkil çəkdirənləri də başa düşmürəm. Yaxşı, gəzdin, şəkil çəkdirdin, axı bu günün sahabı da var. Əgər o gəzmək sənə bu qədər narahatlıq gətirəcəksə, səni bu qədər gərginlikdə saxlayacaqsa, bunun harası gəzmək və istirahət oldu? Necə olur yekə-yekə kişilər, yekə-yekə arvadlar sabah haqqında düşünmürlər? 

Bəlkə də artıq hər şeyi olduğu kimi qəbul etmək lazımdı. Bəlkə də bu yeni həyat tərzidir. Bəlkə də elə hər şey belə olmalıdır. Buna baxayaraq, mən yenə də evdə iki arvad xeylağı ola-ola kreditlə qabyuyan maşın alan adamları başa düşə bilmirəm və onlara heç cür haqq qazandırmaq olmaz. Onlar da bu vəziyyətə düşmələrinə haqq qazandıra bilməzlər. Adamlar adını rahatlıq qoyub ağın çıxarıblar. Bu şəksizdi.