Səmimiyyətlə sırtıqlığın, səxavətlə israfçılığın, xəsisliklə qənaətin, sadəliklə bayağılığın sərhəddini müəyyən etmək bir az çətin məsələdir. Bunun üçün insandan həyat təcrübəsi, savad və bir para digər şeylər tələb olunur. 

Taqorla ilk görüşümüz tələbəlik illərimə təsadüf etdi. Onunla ilk dəfə Bərdə və Ağcabədi rayonlarının arasında qarşılaşdıq. Bir qrup yoldaşım təhsilini atıb rayona getmişdi. Mən də getmişdim qrup yoldaşıma baş çəkməyə. Bir evdə yaşamışdıq. Şəhərin bir neçə yerində. "Nizami" metrostansiyasının arxasında, "Kombinat" deyilən ərazidə... Bu evlərdən şəraitsiz olanı da vardı, nisbətən şəraitlisi də. Ev sahiblərindən yaxşı olanı da vardı, pisi də. Qonşular da onun kimi. 

Getdim rayona, gördüm adamın it qədər hörməti yoxdu. Universiteti atıb evə qayıtmaq bağışlanılmaz günahdı. 

Adamlar söhbət etməyə mövzu axtarır. Sən də dayandıqları yerdə onlara mövzu verirsən. Buna baxmayaraq, hər halda qonaq olduğum üçün qəzəbli qayğı göstərdilər. 

Sonra getdik qoyunların saxlanıldığı yerə. Belə deyək, fermaya. Burda - çölün düzündə bir ədəbiyyat həvəskarına rast gəldim. Bəlkə də indi onunla söhbət etmək adamın ürəyini qısardı, amma o vaxtlar çox maraqlı idi. 

Biz Martin İdendən, "Gün var əsrə bərabər"dən, "Qoca və dəniz"dən danışdıq. Taqorun mənsur şeirləri ilə o vaxt tanış oldum. Ruhuma çox uyğun gəldi. Xeyli enerji aldım. İstifadə etdim. Bir sözlə, xeyli işimə yaradı. 

İkinci dəfə Taqorla hardasa iyirmi yeddi yaşımla otuz yaşımın arasında qarşılaşdım. O vaxtlar mürəkkəb, qarışıq, ağır əsərləri oxumağa daha çox üstünlük verirdim. Sadəliklə bayağılığın sərhəddini müəyyən edə bilmirdim. Sadə əsər qıcıq doğururdu. Ona görə də Taqor mənə bayağı gəldi. Hətta bir neçə yazımda onun bir yazıçı kimi Nobelə layiq olmadığını vurğulamışdım. 

İki-üc il əvvəl Taqoru bir daha oxudum və böyük bir haqsızlığa yol verdiyimi anladım. Onun bir yazıçı kimi məziyyətləri haqda çox yazmaq olar. 

Taqor tənqidi realizmi, bədiyyəti, şərq müdrikliyini, nə bilim lirikanı, romantikanı, təbiət təsvirlərini, hər şeyi bir-birinə qarışdırmış hiper hissiyyatlı yazıçıdır. Taqorun xatirələrindən çox faydalandım. Onun "Təbiətin intiqamı" pyesi adamı sarsıdır. 

Taqor deyir: "Sənətdə öz gücünü dəqiq hesablamaq vacib şərtdi". 

Təəssüf ki, bir çox insanlarımız, xüsusən sənət adamlarımız sadə görünməkdən qorxurlar. Bayağılıqla sadəliyin sərhəddini müəyyən etməkdə çətinlik çəkirlər. Qaldıra bilməyəcəkləri yükün, mövzunun altına girirlər. Nəticədə gülməli vəziyyətə düşürlər. 

Ədəbiyyatda şərtilik vacibdi. Flober deyir ki, şərtiliksiz ədəbiyyat ola bilməz. Təəssüf ki, sənət adamlarımız şərtiliklə süniliyi qarışdırırlar. Ətrafları, yanları, yörələri doludu mövzularla, onlar isə özlərindən mü-cərrəd mövzular, süni sujetlər, hadisələr, dialoqlar uydururlar. Halbuki ətrafdakıları yazsalar, daha real və inandırıcı görünərlər. 

Bir çoxları da sadə görünməkdən qorxaraq yazılarını rəssam, film, yazıçı, əsər adları ilə doldururlar. Lakin əsərlərlə həyatımız, günümüz, güzəranımız arasında paralellər apara bilmədiklərinə görə bu çəkilən adlar oxucuya heç nə demir, oxucunu bu əsərlərə tərəf yönləndirmir. Gərək yazıda adını çəkdiyin əsərlə yaşadığımız həyat arasında paralellər aparmağı bacarasan. Hansısa əsərdən xatırladığın məqam, gətirdiyin sitat yazının, mövzunun içində tam əriməlidi. Yoxsa əsərdən götürdüyün bir hissə, yaxud da gətirdiyin sitat yazıda yamaq kimi görünməməlidi. Yazının içini əsər, rəssam, yazıçı, filosof, film adı ilə səbəbsiz yerə doldurmaq sadə görünmək qorxusundan irəli gəlir. Yazı nə qədər sadə yazılsa, adamlar tərəfindən bir o qədər asan qavranılar. 

Bəzən bir dəstə insan özünü dahiliyə qoyaraq sizi azdırmağa çalışır. Onlar guya oxumağa çətin mətnlər, yazıda dərinlik, fəlsəfə axtarırlar. Əsla və əsla belə avara, klub təfəkkürlü adamlara fikir vermək lazım deyil. Belə adamlarla çox qarşılaşmışam. Onlar sözün həqiqi mənasında sadə yazdığıma gorə məndən çox narazıdırlar. 

Neçə dəfə üzümə deyiblər: "Sənin yazılarında dərinlik yoxdu". Cavab vermişəm ki, mən heç dərinliyə iddia etmirəm. Bildiyim şeylərdən yazmağa üstünlük verirəm. Belə olduqda yazı daha çox effekt doğurur. Bilmədiyim şeylər haq-qında yazıb, özümü biabır etmək istəmirəm. Vəssalam. 

Bir para adamların fikrincə, yazıda, bədii əsərdə dil nə qədər çox yüklənirsə, cümlə nə qədər əndirəbadi olursa, bir o qədər ədəbiyyatdı. Kökündən yanlış yanaşmadı. Süni surətdə yüklənmiş dil yazının, əsərin dinamikasını azaldır. Tempi aşağı salır. Bir sözlə, həyatımız və məişətimiz nə gündədirsə, ədəbiyyatımız da o gündədi. Necə ki, evimiz hər cür lazımsız əşyalarla, hər cür mənasız, şit, bayağı zir-zibillə doludu, ədəbiyyatımız da bax beləcə, süni, qeyri-səmimi, əndirabadi, reallıqdan uzaq, uydurma mövzularla zəngindi. 

Sadə görünməkdən qorxuruq. Bir çoxları bu qorxunun nəticəsində öz rahatlıqlarını tamam itiriblər. Nə baş verdiyini anlaya bilmirlər. 

Bir dəfə bir nəfərdən soruşdum: "Əynindəki kurtkanı neçəyə almısan?" Dedi: "Min iki yüz manata". Min iki yüz manat az pul deyil. Min iki yüz manata bir külfətin qış paltarını almaq olar. 
Tiflisdə bir zənən xeylağıyla bazara getmişdim. Dedim, sən nə lazımdırsa al (göyərti, meyvə, ət, balıq...), sonra görüşərik. Çünki arvad xeylağıyla bazara getmək dünyanın ən axmaq işlərindən biridi. Xırdaçılıq edirlər. Ürəyim sıxılır. Bazarda gərək satıcılarla çənə-boğaz döyməyəsən. Nəsə xoşuna gəldisə, pulun verib almalısan. Qərəz, bu zənən xeylağın qoydum bazarın meyvə-tərəvəz, ət-filan satılan hissəsində, özüm keçdim köhnə, işlənmiş əşyalar satılan hissəyə. Burda dəhşətli bir depressiya hökm sürürdü. Hər bir əşya birdən-birə o qədər xatirələr oyadırdı ki, adam heç bilmirdi nəyi daha çox xatırlasın, hansı xatirənin üstündə daha çox dayansın. 

Pioner qalstukunu gördüm, ocaq başında dayanıb pioner andı içdiyim gün yadıma düşdü. "Raduqa" televizorun gördüm. İlk dəfə evimizə "Raduqa" markalı rəngli televizorun alınmasını xatırladım. Necə sevinirdik, ekranda hər şey necə aydın görünürdü. 

Atam dedi ki, bu vaxta qədər biz futbola baxmamışıq. Hər şey necə də sürətlə dəyişir. İndi kimin başına güllə sıxsan o televizorda futbola baxmaz. Hər şey necə də sürətlə inkişaf edir. Bu sürətlə hara getdiyimiz bilinmir. Gələcək adamı qorxudur. Gələcək haqqında danışmağa ehtiyat edirsən. 
Sovet təqvimləri, sovet jurnalları, köhnə radiolar, çap maşınları... Bunlar yaddaşımı necə amansızcasına qıcıqlandırdı. Sonra köhnə kitabların arasında eşələndim. İlyas Əfəndiyevin Moskvada rus dilində nəşr olunmuş kitabına rast gəldim. Qəribə təsadüf idi. 

Köhnə əşyalar satılan yerdən köhnə paltarlar satılan hissəyə keçdim. Orda dayanmağa gücüm qalmamışdı. Burda da asan olmadı. Əyri-üyrü, əldən düşmüş ayaqqabılar yan-yana düzülmüşdü. Öz-özümə düşündüm. Görəsən, bu ayaqqabıları kimlər alır? Doğrudanmı ehtiyac, vəziyyət adamı belə əyri-üyrü ayaqqabıları alıb ayağına keçirməyə məcbur edə bilər? Gördüm alanlar var. 

Bir yerdə isə bir nəfər köhnə corablar satırdı. Qarşısında bir topa köhnə corab var idi. Bir qadın gəlib bir neçə uşaq kolqotkası aldı. Bu zaman kurtkanın qiyməti yadıma düşdü: Min iki yüz manat. 
Əlbəttə, insan yaxşı və səliqəli geyinməlidi. Amma bir kurtkaya min iki yüz manat vermək nə dərəcədə doğrudu? Zövqünü nümayiş etdirdin, bəs edir. Deməli, bir çox hallarda insanlar geyimə çoxlu, lazım olduğundan artıq pul xərcləməklə öz mənəvi boşluqlarını ört-basdır etməyə çalışırlar. 

Heç kim demir insan cır-cındır içində gəzməlidir. Xeyr. Sadəcə, az pulla da zövqlə geyinmək olar. Az pulla da evdə yaxşı şərait yaratmaq mümkündü. Şərt deyil evi hər cür lazımlı və lazımsız bəzək əşyaları, suve-nirlərlə, süni güllərlə doldurasan. Deməli, sadə görünməkdən qorxmamaq üçün insan özünə arxayın olmalıdı. Bu, tək sənətə aid deyil. Həyatın hər bir sahəsində belədi. Sadəlik rahatlığın məhsuludu. Konkret ədəbiyyata gəldikdə, ədəbiyyatın işi sadələşdirməkdi, mürəkkəbləşdirmək deyil.