Son illər Türkiyə kinemotoqrafçıları yaxşı filmlər çəkirlər. Amma son illərin istehsalı olan «Son nəfəs-Vətən sağ olsun» filminə baxanda çox təsirlənmişdim.

Film dağ başında yerləşən zastvada baş verən hadisədən PKK terrorçularının qəfil hücumu ilə komandir də daxil olmaqla, 20 əsgərin şəhid olmasından bəhs edir. Orda maraqlı bir nüans var. Deməli, komutan mülki həyatda bankda işləyən bir əsgərdən ona kredit verilməsinin mümkünlüyünü soruşur. Bankir əsgər isə «Nəsə girov qoymasanız, kredit götürməniz çətin məsələdir» cavabını verir. Komutan isə əliylə göstərərək «Bax, mən bu dağı, dərəni, torpağı girov qoyuram, çünki bundan başqa heç nəyim yoxdur», - deyir. Əsgər başını aşağı salaraq, sakitcə «o zaman kredit ala bilməyəcəksiniz» pıçıldayır. Əsgərin bu cavabından sarsılan komutan «Mən bu dağda canımı fəda edirəm, amma bir qəpik qiyməti yoxmuş», - deyir.

Bu filmi xatırlamağımın səbəbi var. Bu günlərdə elektron poçtuma bir məktub gəlmişdi. Təxmini mahiyyəti belə idi: Kəlbəcər rayonundan məcburi köçkün olan, hazırda isə Göygöl rayonu, Əliağa Şıxlinski küçəsi 3 ünvanında yaşayan Elxan Abbasov düşdüyü acınacaqlı vəziyyətdən yazır. Qarabağ müharibəsi veteranı olan Elxan Abbasov yazır ki, 2014-cü ildə ”Unibank”ın Gəncə filialından 1600 manat kredit götürüb. Ilk üç ayın kreditini qrafik üzrə ödəyib. Amma sonra xəstələnib və imkansızlıqdan krediti ödəyə bilməyib. Az keçməmiş Kəlbəcər rayon Məhkəməsinin icra şöbəsinin rəisi zəng vurub məhkəmənin həmin pulun ödənilməsi barədə qərar çıxardığını bildirib. Keçmiş döyüşçü banka gedib müraciət edib ki, hər ay veteran pulundan 50 manat ödəməyə imkanı çatır. Hətta 50 manat ödəyib də. Oktyabrın 24-də icra məmuru Rafiq Əsgərov onu idarəyə çağırıb borcu ödəmədiyinə görə girov saxlayıb. Deyib ki, ya həmin pulu ödəməlisən, ya da səni həbs edirik. Çıxılmaz durumda qalan keçmiş döyüşçü qohumlarına zəng edib, onlar gəlib veteranı zaminə götürüblər.

Bir müddət öncə hansısa bir rayonda Qarabağ qazisi ilə bank arasında analoji mübahisə yaranmışdı. O zaman evini girov qoyan qazi krediti ödəyə bilmədiyi üçün evini itirmək təhlükəsiylə üz-üzə qalmışdı. Ancaq qazi döyüşçü dostları onun borcunu ödəyərək evsizlikdən qurtarmışdılar.

Uzağa getməyək, məşhur mərhum Qazi Zaur Hüseynov da məhz kredit borclarına görə cana doymuşdu, axırda da özünə od vurub həyatla vidalaşdı.

Neçə vaxtdır ki, şəhid ailələri icbari sığorta pulunu ala bilmədikləri üçün Milli Məclisin, Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirirlər, haqlarını tələb edirlər.

Bu utancverici faktların sayını uzatmaq olar, amma daha çox sadalayıb söz sahiblərini utandrmaq istəmirəm. Amma bir ölkənin, bir millətin tarixində bu qədər qara ləkənin olması ayıbdır. Şəhidin ruhunu, qazinin ayağını, döyüşçünün özünü girov saxlamağın isə bir adı var-şərəfsizlik! 

Şəhid canını, qazi əl-ayağını, döyüşçü illərini bu millətə qurban verir, amma bu millət o qurbanları girov saxlayacaq qədər alçalanları öz içində barındırır