Türkiyə İranın Fars körfəzi ölkələrinə hücumlarını qınayıb və Qətərə dəstəyini ifadə edib.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Dohada birgə mətbuat konfransında açıqlayıb.

"Davam edən müharibə bölgədəki qardaş ölkələrin təhlükəsizliyini təhdid altında saxlayır və sabitliyi pozur",- Hakan Fidan bildirib və martın 18-də Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunan mövzulara toxunub:

"Savaş başlayandan bəri (28 fevral – red.) ilk dəfə bu formatda bir araya gəldik. Ər-Riyaddakı toplantıda İranın hücumlarının dərhal dayandırılması qabardılıb. Belə ki, münaqişə daha geniş əraziyə yayılmadan diplomatik yollarla həll olunmalıdır".

Onun fikrincə, bölgəni böhrana sürükləyən münaqişənin səbəbkarı İsraildir: "ABŞ ilə İran arasında danışıqlar aparılan zaman Təl-Əvivin təhriki ilə başlayan hücumlar regional təhlükəsizliyi riskə atmaqla yanaşı, qlobal təhdidə çevrilib",- Hakan Fidan bildirib./Report