“Azərbaycanda gənc qızların və qadınların informasiyaya çıxış imkanları ilbəil genişlənir”.

Bu sözləri “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi İdarə Heyətinin üzvü, rəqəmsal məzmun yaradıcısı Günay Həsənova Nyu-Yorkda keçirilən konfransda çıxışı zamanı səsləndirib.

Qeyd edək ki, bu şəhərdə martın 9-dan başlayaraq BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası keçirilir. Sessiya çərçivəsində qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı konfrans da təşkil edilib. Konfransda Azərbaycanın dövlət nümayəndlri ilə yanaşı “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin təmsilçiləri də iştirak edib.

İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva belə bir mötəbər platformaya qoşulmaq imkanı yaradan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edərək bildirib ki, konfransda təşkil olunan ümumi müzakirələrə təşkilatın təmsilçisi Günay Həsənova da qoşulub. O, ölkəmizdə QHT-lərə göstərilən dövlət dəstəyi barədə məlumat verib, təmsil etdiyi ictimai birliyin gənc yaradıcı qadınlarla birgə həyata keçirdiyi layihəlrdən danışıb. Qeyd edib ki, bu layihələrin icrası zamanı cəsarətli qadınlar ədəbiyyat, incəsənət və həssas gənclərlə dialoq vasitəsilə fikirlərini ifadə edirlər. Bütün bunlar isə hüquqlar barədə maarifləndirmə və praktik yönləndirmə mexanizmləri yaradır.

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının sessiyası qadın hüquqları və gender bərabərliyi sahəsində qlobal müzakirələrin aparıldığı ən mühüm beynəlxalq platformalardan biridir.

 

MİA.AZ