Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaxın Şərqdə münaqişə coğrafiyasının genişlənməsini təhlükəli adlandırıb.
Mia.az Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu nazir Ər-Riyadda (Səudiyyə Ərəbistanı) XİN başçılarının məsləhət görüşündə bəyan edib.
"Münaqişə coğrafiyasının genişlənməsi təhlükəlidir və dərhal dayandırılmalıdır. Region dövlətlərinə hücumların davam etməsi parçalanmanın dərinləşməsi və uzunmüddətli sabitliyin pozulması təhlükəsi yaradır", - o qeyd edib.
Nazirin sözlərinə görə, baş verənlərin nəticələri ayrı-ayrı ölkələrin hüdudlarını aşaraq, o cümlədən mülki əhali və infrastruktur üçün daha geniş regional, eləcə də qlobal təhdidlər yaradır. O, həmçinin mövcud böhrana təcili reaksiya verilməsinin zəruriliyinə diqqət çəkib.
C.Bayramov xatırladıb ki, Azərbaycan eskalasiya başlayandan sonra İrana humanitar yardım göstərib, o cümlədən sonuncu partiyanı martın 18-də Novruz və Ramazan bayramları ərəfəsində göndərib.
Bundan əlavə, Azərbaycan üçüncü ölkələrin humanitar yardımlarının İrana çatdırılmasına, eləcə də mülki şəxslərin öz ərazisi vasitəsilə təxliyəsinə köməklik göstərib.
Nazir həmçinin sülh və təhlükəsizliyin təmin edilməsində regional məsuliyyətin və region ölkələrinin aparıcı rolunun vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, beynəlxalq hüququn əsas prinsiplərinə - suverenliyə və ərazi bütövlüyünə hörmət, güc tətbiq etməmək və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqlik davamlı sülhə nail olmağın əsas şərti olaraq qalır.