"Sayğac əməliyyatları üzrə çilingər yox, faktiki olaraq qul sistemi yaradılıb. 21-ci əsrdə yaşayırıq. Amma iş bölgüsünə baxanda insan düşünür ki, sanki orta əsrlərdir. "Azəriqaz" sistemində sayğac əməliyyatları üzrə çilingərlərin üzərinə insan gücünü aşan, ədalətsiz və təhlükəli yük qoyulub".

Mia.az xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk-dakı səhifəsində Aydın Əliyev adlı şəxs paylaşımında yazıb.

O bildirib ki, bir nəzarətçiyə 800-dən çox abonent verilir:

"- Oxunmanı təşkil etməlidir;

- Oxunma alti bazara düşdüsə yenə də əraziyə çıxmalısan, oxunmanı təşkil etməlisən. Buna görə heç bir əlavə ödəniş olunmur;

- Pul yığımını təşkil etməlidir;

- Növbədənkənar və planlı sayğac dəyişmələrini icra etməlidir;

- Hər 3 aydan bir texniki baxış keçirməlidir;

- Yaranan və ya yarana biləcək sızmaları aradan qaldırmalıdır;

Bütün bunlar ağır fiziki güc tələb edən işlərdir. Sayğac dəyişməsi ən azı iki nəfərlə aparılmalıdır. Çünki sayğaclar standartlara uyğun quraşdırılmayıb,  hündürlük, yerləşmə və təhlükəsizlik baxımından ciddi problemlər var. Təkbaşına bu işi görmək nə qədər zülümdür sözlə ifadə etmək çətindir gəlib görmək lazımdır, açıq-aşkar istismardır".

Onun sözlərinə görə, bu qədər ağır və məsuliyyətli işi görən çilingərə ay sonunda cəmi 580 manat (bunu 800 abunəçiyə göstərilən xidmət haqqında böləndə, hər biri üçün təxminən 70 qəpik düşür- Mia.az) əmək haqqı verilir:

"Heç bir əlavə ödəniş, risk haqqı və ya fiziki yükə görə kompensasiya yoxdur. Bu, artıq sadəcə iş bölgüsü deyil. Bu, ədalətsizlikdir. Bu, insan əməyinə hörmətsizlikdir. Biz kiməsə qarşı deyilik. Sadəcə ədalətli iş bölgüsü və əməyə uyğun dəyər verilməsini istəyirəm".

E.ARAZ

MİA.AZ