ABŞ və İsrailin hücumlarından sonra İran dünyanın gözlədiyi addımı atıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran qlobal neft daşınmasında mühim əhəmiyyətə sahib olan Hörmüz boğazını bağlayıb.

Bu barədə İnqilab Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Bəyanatda neft marşrutlarına girişin artıq bağlandığı və heç bir gəminin bundan sonra boğazdan keçməsinə icazə verilməyəcəyi bəyan olunub.

Xatırladaq ki, Hormuz boğazı qlobal enerji təhlükəsizliyinin ən vacib və həssas arteriyası hesab olunur. Belə ki, dünya neftinin təxminən üçdə biri və dəniz yolu ilə daşınan mayeləşdirilmiş təbii qazın (LNG) əhəmiyyətli bir hissəsi bu dar su boğazından dünyaya paylanır.

Oman və İran arasında yerləşən və ən dar nöqtəsində təxminən 33 kilometr enində olan bu boğaz, Fars körfəzindəki nəhəng neft istehsalçılarını açıq dənizlərlə birləşdirən və çətin geri dönən bir keçiddir. Hətta regional gərginliyin artdığı dövrlərdə boğazın bağlanma ehtimalı belə qlobal enerji bazarlarında panikaya və qiymətlərin sürətlə artmasına səbəb olub. Buna görə də, boğaz üzərində nəzarət və naviqasiya təhlükəsizliyi təkcə regiondakı ölkələrə deyil, həm də bütün qlobal iqtisadiyyata birbaşa təsir göstərir.

Lamiyə

Mia.az