Bakıda gül mağazasında partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Elşən Suleymanov küçəsində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı on səkkiz mərtəbəli yaşayış binasının burinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğının genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 38 kv.m. olan mağazanın yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.