Səhiyyə Nazirliyi yanında Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin yeddi professoru, heç bir səbəb göstərilmədən mərkəzin nəzdində fəaliyyət göstərən Elmi Şuradan çıxarılıb.
Professorlar iddia edirlər ki, bu qərarın Səhiyyə Nazirliyinin tapşırığı ilə verildiyi onlara bildirilib.
Məsələ ilə Gununsesi.info-ya danışan mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov bildirib ki, Elmi Şura üzvlüyündən prosedur pozuntusu ilə xaric edilməyindən 7–8 ay əvvəl rəhbəri olduğu şöbə ləğv edilmişdi.
O qeyd edib ki, mərkəzin rəhbərliyinin açıqlamasında “Cərrahiyyə Mərkəzində aparılan köklü islahatlar” ifadəsi, ehtimal ki, respublikada əhaliyə ixtisaslı yardım verən yeganə koloproktologiya şöbəsinin ləğvini nəzərdə tutur.
“Mərkəzin bəzi əməkdaşları əməliyyatların bir qismini özəl klinikalarda icra edir, çünki Elmi Cərrahiyyə Mərkəzində əməliyyatları həyata keçirmək üçün yetərli infrastruktur mövcud deyil. Laparoskopik əməliyyatlar üçün mərkəzdə yalnız bir “yeni” qurğu mövcuddur, lakin onun alətləri hələ də təmin edilməyib.
Hazırda mərkəzdə aparılan tikinti və təmir işləri nəticəsində yaranan infeksion və antisanitar şəraitdə cərrahi fəaliyyət mövcud standart və qaydalar çərçivəsinə sığmır.
Mərkəz rəhbərliyinin açıqlamasında yaş faktoru vurğulandığı üçün professor qeyd edib ki, Elmi Cərrahiyyə Mərkəzinin ən gənc professoru məhz odur.
Qurbanxan Müslümov əlavə edib ki, Azərbaycanın cərrahiyyə xidməti verən baş müəssisəsinin belə bir mövzu ilə gündəmə gəlməsi onun üçün utancvericidir.