Son günlər “m10” elektron pulqabı ətrafında ciddi hadisələr baş verdi. “m10” müştəriləri öz hesablarında xarici mənşəli merchant-lardan izahı olmayan vəsait axınları olduğunu qeydə alıblar. Çox sayda istifadəçinin hesablarında böyük məbləğdə pul görünməyə başlayıb. Bu, kütləvi olduğundan hesablar müvəqqəti dondurulub və əməliyyatlara limitlər tətbiq olunub.

Yerli media yazır ki, “m10”-a qarşı əməliyyat ABŞ-dən həyata keçirilib, nəticədə on milyonlarla vəsait başqa hesablara köçürülüb. Bəzi mənbələr ümumilikdə 274 milyon manat vəsaitin itirildiyini bildirirlər. Qeyd olunur ki, hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb və “m10”-da məsliyyət daşıyan şəxsləri həbs edib.

“PashaPay” MMC məsələ ilə bağlı açıqlama verərək qanunsuz köçürmələrin mövcudluğunu dolayısı ilə təsdiqləyib, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin edildiyini və sistemin bərpa edildiyini, həmçinin də üzrxahlığını bildirib.

Azərbayan İnternet Forumunun (AİNF) sədri Osman Gündüz bildirir ki, m10 hadisəsi “Kapital Bank” rəhbərliyinin fintex risklərini vaxtında qiymətləndirə bilmədiyini göstərir. O, xatırladır ki, “m10” Azərbaycanda qısa zamanda ən sürətlə populyarlaşan elektron pulqabı və mobil ödəniş tətbiqidir: “Platforma “PashaPay” elektron pul təşkilatı tərəfindən idarə olunur və şirkətin 100 faiz payçısı “Kapital Bank”dır. Son illərdə “m10”-un sürətli böyüməsi və geniş funksionallığı onu bazarın əsas oyunçularından birinə çevirmişdi”.

Ekspert vurğulayır ki, diqqətçəkən məqam bunun ilk hal olmamasıdır: “Mərkəzi Bank bundan əvvəl də “PashaPay”a qarşı çirkli pulların leqallaşdırılması ilə mübarizə, fərdi məlumatların qorunması və nəzarət mexanizmləri üzrə məcburi göstərişlər və inzibati tədbirlər tətbiq edib. Son hadisə ilə bağlı cinayət işinin başlanması və həbslər barədə məlumatlar yayılsa da, hələlik rəsmi açıqlama yoxdur. Baş verənlər texniki nasazlıqdan daha çox risklərin zəif idarə olunması problemini göstərir”.

O.Gündüz xatırladır ki, “m10” “Binance” kriptobirjası ilə inteqrasiya olunmuşdu. Onun sözlərinə görə, kripto, xarici merchant və elektron pulqabı zənciri isə yüksək riskli sahədir və bu inteqrasiya fonunda vaxtında və yetərli təhlükəsizlik tədbirlərinin görülməməsi ehtimalı kifayət qədər real görünür: “Bu hadisədə diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir. Adətən hər ilin sonu bankın ali rəhbər şəxslərinin bonuslar daxil olmaqla illik milyonlarla əməkhaqqı aldığı bildirilir. Bu səviyyədə gəlir və imtiyaz varsa, risklərin idarə olunması, nəzarət və məsuliyyət, işin keyfiyyəti də eyni səviyyədə olmalı idi. Təəssüf ki, baş verənlər bunların eyni səviyyədə olmadığını göstərir”.

AİF prezidenti düşünür ki, bu tip hadisələr elektron pulqabılar və fintech platformalarına etimadı azalda, bank sektorunu reputasiya baxımından risk altına sala və ölkə üzrə çirkli pul axınları üçün zəmin yarada bilər.

“Ona görə də təhlükəsizlik standartları vahid və məcburi olmalı, banklar isə sahib olduqları fintech platformalarına görə formal yox, ciddi məsuliyyət daşımalıdır”, - O.Gündüz vurğulayıb/“AzPolitika.info”.