“Hörmüz boğazının yenidən açılması üçün bütün mümkün diplomatik, iqtisadi və koordinasiyalı digər tədbirləri görməyə qərarlıdır. Bu məsələdə bizimlə digər ölkələr də həmrəydir”.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper Hörmüz boğazı ilə bağlı 40-dan çox ölkə, eləcə də Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Avropa İttifaqı (Aİ) da daxil olmaqla bir çox beynəlxalq təşkilatların iştirak etdiyi onlayn konfransdakı çıxışında deyib.
O bildirib ki, İranın Hörmüz boğazını bağlaması qlobal rifaha birbaşa təhdid yaradır: “Hörmüz boğazı dünyanın ən vacib dəniz dəhlizlərindən biri və qlobal enerji ixracının əsas marşrutlarından biridir. Bu boğaz vasitəyilə ölkələrə neft, emal olunmuş neft məhsulları və mayeləşdirilmiş təbii qaz çatdırılır. Bu materiallar evlərə elektrik enerjisi təmin etmək, hava səyahətini asanlaşdırmaq, beynəlxalq ticarət və qida zəncirlərini dəstəkləmək üçün istifadə olunur. Buna görə də, Hörmüz boğazındakı marşruta yaranmış fasilələrin qlobal təchizat, qiymətlər və iqtisadi sabitlik üçün dərhal və genişmiqyaslı nəticələrə səbəb olub. Bu isə dünyanın hər yerində ciddi humanitar problemlərə yol açmaqdadır. Təəssüf ki, İran bu boğazı indi vasitəyə çevirib, bununla da qlobal iqtisadiyyatı sanki Hörmüz boğazında girov saxlamağa çalışır. İranın uzunmüddətli bu cür davranışı yolverilməzdir. Hörmüz boğazı dərhal və qeyd-şərtsiz açılmalı, dəniz qanunlarına hörmət olunmalıdır...”.
Nazir bildirib ki, bu məqsədlə İrana çox aydın mesaj verilməlidir: “Bununla yanaşı, Hörmüz boğazından maneəsiz keçidə icazə vermək və keçmək istəyən gəmilərə tranzit haqlarının tətbiq edilməsi qanunsuzdur. Buna qarşı BMT vasitəsilə İrana beynəlxalq diplomatik təzyiqin artırılmalıdır”.
Samir MUSAYEV
MİA.AZ