Sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edilib.
Mia.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat yayıb.
F.Qəhrəmanlı ölkəyə qayıdan Hacıbəylinin hazırda azadlıqda olduğunu bildirib.
Qeyd edək ki, G.Hacıbəyli 2 ay əvvəl Türkiyədə saxlanılmışdı.
Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində istintaqa dəvət olunan Hacıbəyli İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılırdı. Həmin müddətdə onun Türkiyədən 5 illik deportasiya edilməsi barədə qərar çıxarılmışdı/qafqazinfo.
***
Milli Şura liderlərindən biri, keçmiş millət vəkili Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deport olunması ilə bağlı bəzi detallar məlum olub.
Mia.az xəbər verir ki, bu barədə məlumatı AXCP liderlərindən biri Fuad Qəhrəmanlı açıqlayıb.
Fuad Qəhrəmanlının sözlərinə görə, Gültəkin Hacıbəyli deportasiya prosesindən sonra Bakıya gəlib və hava limanında müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən qarşılanıb. Onun sözlərinə görə, hər hansı saxlanma və ya əlavə məhdudiyyət tətbiq olunmayıb və o, sərbəst şəkildə evinə yollanıb.
Qəhrəmanlı bildirib ki, hazırda Gültəkin Hacıbəylinin telefon əlaqəsi mümkün deyil: "Buna səbəb isə deportasiya zamanı mobil telefonunun Türkiyədə təhsil alan oğlunda qalmasıdır. Bu səbəbdən bir müddət onunla birbaşa əlaqə saxlamaq mümkün olmayacaq".
AXCP təmsilçisi əlavə edib ki, narahatlıq keçirən dostlar və media nümayəndələri tərəfindən çoxsaylı müraciətlər daxil olur. Onun sözlərinə görə, əsas məsələ Gültəkin Hacıbəylinin səhhətinin yaxşı olması və hazırda evində olmasıdır.
Fuad Qəhrəmanlı vurğulayıb ki, proseslə bağlı əlavə hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək.
Mia.az