Yaponiyada növbədənkənar parlament seçkilərinin nəticələri açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin tarixinin ilk qadın Baş nazir Takaiçi Sanaenin rəhbərlik etdiyi Liberal Demokrat Partiyası tarixə düşəcək fərqlə yarışda qalib gəlib.

Məlumata görə, Liberal Demokrat Partiyası (LDP) parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 465 yerdən 316-sını əldə edib: "Bununla da LDP yerlərinin sayını 198-dən 316-ya çatdırıb. Beləliklə, hakim partiya parlamentdə üçdə iki çoxluq hesab edilən 310 yerlik həddi aşaraq tarix uğura imza atıb. Bu, həm də LDP-nin İkinci Dünya Müharibəsindən sonra Yaponiyada bu uğura imza atan ilk partiya ünvanını əldə etməsi deməkdir".

Bununla yanaşı, hakim koalisiya tərəfdaşı Nippon İşin (JIP) da yerlərinin sayını 2 mandat artıraraq, 36-ya yüksəldib: "Beləliklə, 465 üzvdən ibarət Nümayəndələr Palatasında (Şugiin) 310 yerlik üçdə iki çoxluq qazanan partiya təkbaşına konstitusiyaya düzəliş etmək və qanunvericilik layihələrini qəbul etmək səlahiyyətin sahiblənib".

Qeyd edək ki, LDP hazırda parlamentin yuxarı palatası hesab edilən Şuralar Palatasında (Sangiin) çoxluğa malik deyil.

Əsas müxalifət Konstitusiya Demokrat Partiyasına (CDP) gəldikdə,  Mərkəzçi İslahat Alyansı (CRA) 172 yer itirərək 49 yerə sahib olaraq böyük bir məğlubiyyətə uğrayıb. Bu nəticədən sonra müxalifət partiyalarının liderləri istefa verəcəklərini  bildiriblər.

Samir MUSAYEV

MİA.AZ