Əvvəlcə özünüzə hörmət edin, əziz klublar
Futbol üzrə həm Premyer, həm də Azərbaycan Kubokunun oyunlarında medianın iştirakı üçün Peşəkar Futbol Liqasının (PFL) əvəzsiz dəstəyi var. Bu, region oyunlarına diqqətin artırılması və həmçinin bölgələrdə futbolun inkişafına dəstəyin çox əhəmiyyətli ifadəsidi. Media nümayəndələri bu imkandan faydalanır və PFL-ə səmimi əməkdaşlıq üçün hər zaman minnətdarıq.
Hərçənd PFL-in əməkdaşlıq nümunəsi futbol klubları üçün örnək olsa da, bəziləri media ilə münasibətdə müvazinətini saxlaya bilmir, taraz olmayan düşüncələrin təsiri altında büdrəyir. Klublarda media sahəsində hazırda bir çox təsadüfi adamlar var, onların o yana-bu yana ləngər vurmasını haradasa anlamaq olur. Baş qoşmursan. Yəni, klub özü bilər, öz işçisidi. Bunlar büdrəyib bizim üstümüzə yıxılanda isə məcbursan, tutub qolundan yerində oturdasan. Məsələn, o gün “İmişli” Futbol Klubunun mətbuat xidmətində işləyən xanım bizim həmkarla deyişmədə bir az protokoldan kənara çıxıb: jurnalistlərin PFL-in vəsaiti ilə region oyunlarına getdiyini, rayonlarda klubların çayını içdiyimizi deyib. Başqa sözlər də deyib. Həmkarım deyəsən, postunu silib, (məncə nahaq yerə) amma mən həmin postun şəklini çəkib yadigar saxlamışam.
Bəzi region klubları bu və ya digər səbəblərdən Bakıda müvəqqəti məskunlaşıb və ev oyunlarını burada keçirir. Bəzi region klubları isə ümumiyyətlə, bir rayondan digərinə müvəqqəti köçmək məcburiyyətində qalıb.
Lakin yerdəyişmələr o demək deyil ki, sən müvəqqəti olduğun yerdə minimal ehtiyacların təminatını həyata keçirməyəcəksən.
Məsələn, region oyunlarında stadionlarda ayaqyolu problemi var.
Öz stadionunu başqa kluba müvəqqəti olaraq verən klub oyun günü suyu kəsir. Bunun hətta Avroliqa oyunları zamanı şahidi olmuşuq.
Nəinki jurnalistlər, heç stadiona gələn xanımlar üçün tualet nəzərdə tutulmayıb bəzi regionlarda. Mən başa düşürəm, rayonda qadınların stadiona getməsi ənənəsi yoxdu. Amma tualet axı minimal standartdı. Tualet tikiləndə onun kişi-qadın bölməsi olur. Bu, orta əsrlərdən qalma protokol qaydadı. Biz heç feodalizm dövrünün standartına belə uyğun deyilik müasir zəmanədə.
T.Bəhramov adına o boyda stadionda tamaşaçılar üçün tualet var. Media üçün nəzərdə tutulan yerdə də ayrıca kişi-qadın tualeti var, amma qadın tualetinin qapısı həmişə bağlı olur. Biz cəhənnəm, əcnəbi jurnalistlərin də yanında bağlı tualetə görə biabır oluruq: çünki hələ də mədəni halımızda çatışmazlıqların və qadın diskriminasiyasının tablosu var orada. Qadın adam sayılmır, biz kişilərin qabırğasından yaranmışıq, başa düşdüm, “Qarabağ” klubu, amma heç olmasa, bunu gələn-gedənin də gözünə soxmayın, lütfən.
“İmişli”nin ev oyunlarıyçün Qubaya getmək bir ayrı macəradı. Mənə maraqlıdı, klubun mətbuat xidmətinin heç xəbəri varmı, camaat onun verdiyi çayı içəndən sonra tualet üçün qaçıb haraya gedir? Kubok oyununda məsələn, biz fasilədə taksiyə minib şəhərin mərkəzinə, hansısa restoranın tualetinə getmişdik. Quba Olimpiya stadionunda izləyicilər üçün tualet yalnız kişilərə tikilib. Qadın yeri yoxdu. Orada “İmişli” ev oyunlarını keçirir. Müvəqqəti də olsa, modul tipli bir tualet təşkil etmək çox çətindi?
“Karvan-Yevlax” klubunda da stadionda qadın tualeti yoxdu. Skybox üçün tualet var, yəni, ağ adamlar üçün, onun da qapısı bağlanmır. Yevlax camaatı deyəsən, ölkəmizdə Açıq Hökumət Platformasının mənasını başqa cür qəbul edib: tualetdə qapı bağlanmır, gərək kiməsə deyəsən ki, çöldə qapını əllə tutsun (!!) ki, başqa gələn olmasın!
Hələ üstəlik, bu oliqarx tualetinin suyu da yoxdu. Su üçün əlavə müraciət etmək lazımdı. Onda da gedib klubdan birini tapıb xahiş edirsən ki, suyu açsınlar. Yalnız bundan sonra sən bu şanlı tualet səhifəsini bağlayaraq, stadiona, doğma media sektoruna qayıda bilirsən.
“Turan-Tovuz” klubunun stadionunda da media sektorda qadın tualeti yoxdu, yalnız baza binada var. Fasilədə qaçıb həmin bazaya getməlisən.
“Qəbələ” klubunun stadionunda heç tualet yerli-dibli yoxdu!
Bu stadionun tikintisində başbilənlər yəqin düşünüb ki, 90 dəqiqə camaat qoy zəhmət çəkib dözsün. Mənə maraqlıdı ki, belə ciddi problemlə orada Dünya Çempionatının seçmə mərhələsi (Azərbaycan-Estoniya) necə keçirilib? FIFA buna necə göz yumub? Standarta uyğun olmayan stadionda oyunların keçirilməsi onların əsasnaməsinə görə, mümkün deyil axı. Görünür, FİFA da “Qəbələ” klubunun personal tualeti mövcud olduğu üçün, yerdə qalan rəiyyəti nəzərə almayıblar.
Beləliklə, 4-cü aydı ki, region layihəsi çərçivəsində oyunlara gedirəm və getdiyim klublarda artıq daimi olaraq tualet məsələsində mənə yardım əlini uzadan qardaşlarla səmimi, yardımlaşma niyyətli dostluqlar tutmuşam özümə. Ayıb da olsa, dostluğumuzun özəyində tualet dayansa da, bu da bizi birləşdirən dəyər olaraq çox önəmli və sarsılmazdı mənimçün.
“Region futbolu” layihəsi çox faydalı və əhəmiyyətli proqramdı. Bunu texniki və təşkilati, həmçinin maliyyə baxımından dəstəkləyən qurumlara və insanlara sonsuz minnətdaram.
Heç şübhəsiz ki, bu proqram hazırlanarkən, qeyd etdiyim texniki detalların nəzərdən qaçması mümkün deyil. Sadəcə, özünə hörmət tələb edən və Premyer liqa klubu titulunu daşıyan klubların infrastruktur böhranının bu dərəcədə ola biləcəyini tam təbii olaraq ehtimal etməyib təşkilatçılar, mənim anladığıma görə.
“Region layihəsi”nin sponsoru Misli bunu əvvəldən bilsəydi, bəlkə də müqavilələrə pampers, qorşok və s. bu kimi xərcləri də əlavə edərdi.
Bu əhəmiyyətli layihənin üzərindən tualet problemini qaldırdığım üçün məni qınamayın, çünki bu dünyada ən güclü motivasiyası olan adam tualetə getmək istəyən adamda olur: qarşısını heç nə ala bilmir.
Zülfiyyə Mustafayeva
Mia.az