"Son illər məhkəmə aktlarının sabitliyinin yüksəlməsi bütövlükdə məhkəmə hakimiyyətinə olan inamın artmasına gətirib çıxarıb".

Mia.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

Onun sözlərinə görə, müasir dövrdə güclü iqtisadiyyat yalnız sərmayə və təşəbbüskarlıqla deyil, eyni zamanda etibarlı, çevik və proqnozlaşdırıla bilən hüquq sistemi ilə formalaşır: "Sahibkar üçün ən vacib məsələlərdən biri mübahisə yarandıqda ədalətli, şəffaf və operativ məhkəmə müdafiəsinə arxayın ola bilməsidir. Məhz bu etimad investisiya mühitinin əsas sütunlarından biridir. Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının mərkəzində də bu məqsəd dayanır. İxtisaslaşmış kommersiya məhkəmələrinin fəaliyyətə başlaması kommersiya mübahisələrinin daha peşəkar şəkildə baxılmasına, məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşmasına və qərarların hüquqi əsaslandırılmasının gücləndirilməsinə imkan verib".

İ.Kərimov bildirib ki, aparılan təhlillər kommersiya məhkəmələrinin icraatında olan mübahisələrin sayının ildən-ilə artdığını göstərir: "Bu artım bir tərəfdən iqtisadi aktivliyin göstəricisi, digər tərəfdən isə sahibkarların məhkəməyə və ədalətli qərar gözləntilərinə olan etimadının ifadəsidir. Güclü dövlət anlayışı məhz vətəndaş və sahibkar hüquqlarının qorunması ilə ölçülür. Bununla belə, inzibati məhkəmə icraatı sahəsində yeni mərhələyə uyğun islahatlara ehtiyac qalmaqdadır. Bu islahatlar həm tətbiq zamanı yaranan çətinlikləri aradan qaldırmalı, həm də müasir çağırışlara uyğunlaşmanı təmin etməlidir".

Ali Məhkəmənin sədri vurğulayıb ki, qanunun aliliyinin, etimad və şəffaflığın gücləndirilməsində alternativ mübahisə həlli mexanizmləri də mühüm rol oynayır:

"Ümid edirik ki, ölkəmizdə arbitraj institutlarının inkişafı kommersiya və mülki mübahisələrin daha operativ və səmərəli həllinə xidmət edəcək. Bu sahədə məhkəmə sistemi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır və biz də bu istiqamətdə dəstək göstərməyə hazırıq"

***

"Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir".

Bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

O bildirib ki, süni intellekt düzgün və məsuliyyətli istifadə edildikdə, məhkəmə təcrübəsinin təhlilində, hüquqi sənədlərlə işdə və risklərin qiymətləndirilməsində effektiv köməkçi alətə çevrilir:

"Hazırda məhkəmələrdə bu istiqamətdə zəruri addımlar atılır və süni intellektin tətbiqi məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcək. Süni intellektin hüquqda tətbiqi artıq reallıqdır"(Report).