Məlumat verdiyimiz kimi, baş prokuror Kamran Əliyevin əmri ilə ədliyyə generalları Şəfahət İmranov Abşeron, Fuad Məmmədov isə Tərtər rayonunun prokuroru təyin ediliblər. Bu təyinatla əlaqədar olaraq hərbi sistemdə çalışan hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Şəfahət İmranov və Fuad Məmmədova mülki prokurorluq orqanlarında xidmətə keçmələri səbəbindən yenidən general rütbəsi verilməyib.
Onlar hazırki vəzifələrində baş ədliyyə müşaviri-polkovnik kimi fəaliyyət göstərəcəklər.
Məlumat üçün deyək ki, qanunvericiliyin tələblərinə görə, hərbi qulluqçu mülki prokurorluq orqanlarında, o cümlədən rayon prokuroru vəzifəsində xidmət edə bilməz. Bu səbəbdən hərbi prokurorluq sistemində çalışan şəxslər mülki prokurorluq orqanlarına təyin olunarkən həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar.
Eyni zamanda rütbələrin eyniləşdirilməsi ilə bağlı qüvvədə olan qanuna əsasən, hərbi xidmətdə general rütbəsi daşıyan şəxsin mülki prokurorluq sistemində avtomatik olaraq həmin rütbəni saxlaması mümkün deyil. Mülki prokurorluq orqanlarında general rütbəsinin verilməsi yalnız ayrıca Sərəncam əsasında həyata keçirilir.
Hazırda ölkədə təkcə Sabunçu rayon prokuroru Murad Dadaşov III dərəcəli dövlət ədliyyə müşaviri-general-mayor rütbəsi daşıyır.
Qeyd edək ki, Ş.İmranov və F.Məmmədov son olaraq respublika hərbi prokurorunun müavini vəzifəsində xidmət ediblər.