Bu ildən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti "SOCAR Türkiyə" ilə "TAV Hava limanları" arasında mövcud strateji əməkdaşlıq yeni mərhələyə keçib.
Mia.az "SOCAR Türkiyə"yə istinadla xəbər verir ki, əməkdaşlıq çərçivəsində Ankara Esenboğa Hava Limanındakı obyektlərin təbii qaz təchizatı "SOCAR Türkiyə" tərəfindən təmin olunmağa başlanılıb. Bununla bağlı "SOCAR Türkiyə"nin Təbii Qaz Biznes Bölməsinin rəhbəri Fuad İbrahimov və "TAV Hava limanları"nın Hava Limanlarından Məsul Qrup rəhbəri Mete Ernan arasında əməkdaşlıq sazişi imzalanıb.
Sabit qiymətli müqavilə strukturu ilə dəstəklənən bu yeni mərhələnin tədarük təhlükəsizliyini gücləndirməklə yanaşı, "TAV Hava limanları"nın əməliyyat davamlılığına və xərclərin proqnozlaşdırıla bilməsinə töhfə verməsi hədəflənir. Sözügedən obyektlərin "SOCAR Türkiyə"nin toplayıcılıq portfelinə daxil edilməsi nəticəsində elektrik enerjisi və təbii qaz tədarükü ilə yanaşı, eyni zamanda koqenerasiya obyektinin inteqrasiya olunmuş, səmərəli və effektiv şəkildə idarə edilməsi imkanı yaradılır.
Məlumata görə, qaz və elektrik enerjisinin birlikdə optimallaşdırıldığı bu model sistem balansının gücləndirilməsinə töhfə verir, çoxqatlı portfel idarəetməsi yanaşması isə əməliyyat səmərəliliyini artıran bütöv enerji həlli təqdim edir.
F. İbrahimov əməkdaşlığı belə dəyərləndirib: "Enerji bazarları artıq qaz və elektrik enerjisinin bir-birindən asılı olmadan idarə edildiyi modellərdən uzaqlaşır. Bu gün rəqabət üstünlüyü həmin resursları birlikdə və effektiv şəkildə optimallaşdıra bilən inteqrasiya olunmuş strukturlardan keçir. "TAV Hava limanları" ilə qurduğumuz bu əməkdaşlıq "SOCAR Türkiyə"nin inteqrasiya edilmiş enerji və "Gas-to-Power" vizyonunun praktik təzahürüdür. Güclü tədarük infrastrukturumuz, sabit qiymətli müqavilə mexanizmlərimiz və toplayıcılıq portfelimiz sayəsində biz yalnız enerji təmin etmir, eyni zamanda sistem balansını və əməliyyat davamlılığını dəstəkləyən əlavə dəyərli həllər təqdim edirik".
M. Ernan isə bildirib ki, hava limanları fasiləsiz fəaliyyət göstərən kritik nəqliyyat infrastrukturlarıdır: "Əməliyyatlarımızın davamlılığı üçün enerji təhlükəsizliyi əsas prioritetlərimizdəndir. "SOCAR Türkiyə" ilə imzaladığımız bu razılaşma əməkdaşlığımızı daha yüksək səviyyəyə daşıyır. Məqsədimiz sərnişinlərimiz və tərəfdaşlarımız üçün ən yaxşı səyahət təcrübəsini təmin etməkdir. "SOCAR Türkiyə"nin enerji sahəsindəki təcrübəsi və təqdim etdiyi inteqrasiya edilmiş yanaşma əməliyyat davamlılığımız baxımından mühüm əhəmiyyət daşıyır".
Qeyd edək ki, "SOCAR Türkiyə" "Gas-to-Power" vizyonu çərçivəsində "TAV Hava limanları" ilə əməkdaşlığını elektrik enerjisi, təbii qaz və toplayıcılıq fəaliyyətlərini əhatə edən inteqrasiya edilmiş enerji idarəetmə modelinə keçirib. Əməkdaşlıq 2020-ci ildə Milas-Bodrum və Gazipaşa-Alanya hava limanları, eləcə də "TAV Hava limanları"nın mərkəzi ofisi üçün elektrik enerjisi tədarükü ilə başlayıb.
2025-ci ildən etibarən isə bu əməkdaşlıq Ankara Esenboğa və İzmir Adnan Menderes hava limanlarını da əhatə etməklə genişləndirilib. Nəticədə "TAV Hava limanları"nın illik təxminən 75 min MV/saat həcmində elektrik enerjisinə olan tələbatı "SOCAR Türkiyə" tərəfindən qarşılanmağa başlanıb.
Elektrik enerjisi tədarükü ilə başlayan bu proses hazırda qaz və elektrik enerjisinin birlikdə optimallaşdırıldığı inteqrasiya edilmiş enerji idarəetmə modelinə çevrilib. Sözügedən yanaşma əməliyyat davamlılığını, enerji səmərəliliyini və resurslardan effektiv istifadəsini dəstəkləyən kompleks enerji həlli kimi çıxış edir.