Masazır qəsəbəsi, Nəriman Nərimanov küçəsində günlərdir eyni problem sakinləri narahat edir. Zədələnmiş içməli su borusundan tonlarla təmiz su yerə axır, küçəni gölməçəyə çevirir.

Sakinlərin sözlərinə görə, problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə bildirilib.

Qurum tərəfindən dəfələrlə “gələcəyik”, “baxılacaq” vədləri verilsə də, bu günə qədər əraziyə nə qəza briqadası gəlib, nə də real tədbir görülüb.

Şikayətçi Nahib Orucov deyir ki, bir il öncə köçdüyü bu evdə problemin olduğunu ona dəyən ziyandan sonra xəbər tutub. Qonşuların sözlərinə görə əslində bir neçə ildir ki, axıntı olub, aidiyyəti quruma da müraciət edilib. Amma şikayətə laqeyd yanaşılıb. Vəziyyət isə getdikcə acınacaqlı hal alır.

Hazırda isə şikayətçi evini və həyətini basan suyun qarşısını almaq üçün şəxsi hesabına xüsusi texnika gətirərək arx qazdırıb.

Su ehtiyatlarının qorunması, yeni anbarların tikilməsi və su təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl işlər görüldüyü bir vaxtda Masazırda içməli suyun çölə axması haqlı suallar doğurur: bu israfın məsuliyyətini kim daşıyır?


Ən acınacaqlısı odur ki, problemin həll olunmadığı bu müddətdə bu qədər içməli su hədər gedir, dövlət resursları açıq-aşkar israf olunur.

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əlaqə saxladıq. Qurumdan əraziyə baxış keçirmək üçün nümayəndələr göndərildiyi bildirildi.

Həmçinin qeyd olundu ki, su borusu sakinlər tərəfindən qazıntı işləri aparılarkən zədələnib. Borunun axıntı olan hissəsi müvəqqəti olaraq rezin başlıqla bərpa edilib. Qəza briqadası yaxın zamanlarda xəttin bərpasını icra edəcək.

Mövzunu diqqətdə saxlayacağıq/Bizim.Media

***

Xatrladaq ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov bir neçə il əvvəl islahat adıyla  Regional Su Meliorasiya Xidmətinin Abşeron Suvarma Sistemləri İdarəsi ilə ləğv olunan "Azərsu" AC-nin tabeliyində olan Abşeron Sukanal İdarəsini birləşdirərək, yerində Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi formalaşdırıb.

Mia.az-ın məlumatına görə, işin maraqlı tərəfi budur ki, bu birləşmiş quruma Zaur Mikayılovun qudalarından birinin tələbə yoldaşı, əslən gədəbəyli, o zaman uzaq Şəmkirdə işləyən, şəhər su təsərrüaftı kimi böyük və ağır sahə üzrə təcrübəsiz  Etibar Nəbiyev rəis təyin olunub.

Nəbiyevin təyinatından sonra isə Abşeron ərazisində su təsərrüaftaında hansı problemlərin yaranmasını isə yazmağa dəyməz. Elə qurumun bir müddət əvvəl öz işçilərinin aksiya keçirməsi, Prezident Administrasiyası qarşısına yürüş hazırlığı haqda anonsları oradakı yarıtmaz vəziyyətə işıq sala bilər.

İdarənin işçiləri deyir ki, Etibar Nəbiyev bura rəisi gələndən sonra köhnə işçilərin çoxunun bir bəhanə ilə işdən qovublar: "Əvəzində isə öz qohum-əqrabası hər gün onun xidməti otağında sanki müşavirəyə toplanırmış kimi toplanıb, buranı çayxanaya döndəriblər. İşə gəldikdə isə, qoyun, araşdırsınlar, bu təyinata qədər Abşeron ərazində normal qrafiklə verilən suya birdən-birə nə oldu? Niyə qrafik baş-ayaq edildi?

Xırdalandan tutmuş bütün qəsəbələrə qədər elə bir yer var ki, sudan əziyyət çəkməsin? Savadsız, su təsərrüfatından anlayışı olmayanları doldurublar bura, nəticə də göz qabağındadır. Br sözlə, əhali zülm çəkir, ancaq bu qurumun rəhbər şəxsləri xidməti BMW maşınaları arzulayırlar...".

Yeri gəlmişkən, Agentliyin adı cəmiyyətdə xoş olmayan ləqəblə çəkilir: Qudalar Agentliyi.

Məlumat üçün qeyd edək ki, Zaur Mikayılovun qudalarından biri Fuad Quliyev Agentlikdə Aparat rəhbəri, digəri Əsəd Şirinovsa sədrin müşaviridir. Belə...  

Samir MUSAYEV