Zaqatalada Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində ilk ağacəkmə aksiyası keçirilib.
Mia.az xəbər verir ki, IDEA könüllülərinin iştirakı ilə Əliabad qəsəbəsi ərazisində ümumilikdə 800-dən çox müxtəlif növ ağac - Eldar şamı, sərv, yapon əzgili, Şərq çinarı, palıd, cökə, ağcaqayın və pekan qozu əkilib.
Xatırladaq ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkənin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.
"Yaşıl marafon" çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.