Ermənistanda keçiriləcək seçkilər təkcə daxili siyasi hadisə deyil. Bu seçkilər Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına birbaşa təsir edəcək qərardır. Məhz buna görə Azərbaycan və Türkiyə açıq bəyanatlardan qaçaraq eyni strateji xətti tuturlar: Nikol Paşinyanın səssiz şəkildə qalib gəlməsinə şərait yaratmaq.
Bu, simpatiya məsələsi deyil. Bu, alternativlərin daha təhlükəli olması ilə bağlı hesabdır.
Paşinyan nə Azərbaycanpərəstdir, nə Türkiyə tərəfdarı. O, Ermənistan daxilində müharibəni uduzmuş, amma reallığı qəbul etmiş liderdir. Onun əsas fərqi revanşistlərdən ibarətdir: Paşinyan bilir ki, yeni müharibə Ermənistan üçün intihardır.
Bakı və Ankara üçün əsas məsələ Paşinyanın kim olması yox, onun alternativlərinin nə təklif etməsidir.
Alternativlər isə açıqdır: Qarabağ klanı, Moskva yönlü fiqurlar, “itirilmiş torpaqlar” ritorikası və yeni gərginlik.
Paşinyanı açıq şəkildə dəstəkləmək Ermənistanda onu “Türk layihəsi” kimi təqdim edər. Bu isə millətçi mobilizasiyanı gücləndirər, Moskvanın seçkiyə müdaxiləsini asanlaşdırar və Paşinyanı daxildə zəiflədər. Ona görə də Bakı və Ankara danışmır, davranır. Siyasət bəyanatla yox, mühit yaratmaqla aparılır.
Səssiz dəstək bir neçə istiqamətdə işləyir:
Birincisi, alternativin təhlükəli göstərilməsidir. Bakı və Ankara ritorikanı aşağı saxlayaraq Paşinyanın əsas arqumentini gücləndirir: “Mən olmasam, müharibə qayıdacaq.” Revanşistlər şou qəhrəmanı yox, real risk kimi görünür.
İkincisi, normallaşma perspektivinin açıq saxlanmasıdır. Türkiyənin Ermənistanla normallaşma xəttini tam bağlamaması, Azərbaycanın sülh gündəmini masada saxlaması erməni seçicisinə dolayı mesaj verir: blokadadan çıxış yalnız bu xəttlə mümkündür.
Üçüncüsü, iqtisadi siqnalların verilməsidir, amma şərtsiz yox. Nə Ankara, nə Bakı “hədiyyə” verir. Sadəcə göstərilir ki, regional layihələrə qoşulmaq yalnız konfliktsiz kursla mümkündür. Bu, Paşinyanı “nəticə istehsal edən lider” kimi göstərir.
Rusiya faktoru bu prosesdə həlledicidir. Əgər seçki Türkiyə və Azərbaycanla Rusiya arasında qarşıdurma kimi təqdim olunsa, Paşinyan uduzar. Buna görə Bakı və Ankara səssiz qalır, Paşinyanı müdafiə edən arqumentlərin isə Ermənistanın öz içindən çıxmasına şərait yaradır. Moskvanın ən çox qorxduğu ssenari də məhz budur: Ermənistanın daxildən qərar verməsi.
Paşinyanın qalib gəlməsi son deyil, başlanğıcdır. Əgər seçkidən dərhal sonra böyük sülh şousu qurularsa, revanşistlər “satqınlıq” narrativini gücləndirər. Ona görə də mərhələlilik burada da əsas şərtdir.
Nəticə etibarilə Bakı və Ankara Paşinyanı ona görə dəstəkləmir ki, onu sevir. Onu ona görə səssizcə saxlayır ki, alternativləri daha təhlükəlidir.
Bu siyasətin qısa formulu belədir: Paşinyanı dəstəkləməyin ən doğru yolu onu açıq şəkildə dəstəkləməməkdir. Cənubi Qafqazda bəzən ən təsirli siyasət sözsüz aparılan siyasətdir...
Elbəyi HƏSƏNLİ, Surix